"Reket media"nın sonunun yaxınlaşdığını görən bəzi "jurnalist"lər əl-ayağa düşüblər
Media Reyestri ilə bağlı məsələ Medianın İnkişafı Agentliyi fəaliyyətə başlayan ilk gündən gündəmdə olub. Bütün dünyada olduğu kimi, Azərbaycanda da media-dövlət münasibətlərinin tənzimləməsində reyestrin tətbiq edilməsi üçün bu sahədə tənzimləyici orqanların legitim hüquqları var. Çünki media mühüm hadisələr haqqında müxtəlif və etibarlı məlumatların əldə olunması, tirajlanması və s. funksiyası ilə dövlətlə cəmiyyət arasında dialoq üçün platforma rolunu oynayır.
Əfsuslar olsun ki, "media" adına iddia edən bəzi saytlar və onların rəhbərləri öz fəaliyyətləri ilə bu etibarlı platformanı zədələməyə, gözdən salmağa çalışırlar. Yayılan xəbərlərə görə, özlərini "xəbər saytları" adlandıran bir neçə internet resursu iyulun 18-də Prezident Administrasiyanın qarşısında etiraz aksiyası keçirməyə hazırlaşır. Hətta media qurumlarını aksiyanı işıqlandırmağa çağırırlar. Səbəb kimi öz saytlarının bloklanması qərarını göstərirlər. Bundan öncə də oxşar qarayaxma kampaniyaları başda Azərbaycanın media cameəsi olmaqla, cəmiyyət tərəfindən iqnor edilib və bu çirkin oyuna imza atanların əsl məqsədləri ortalığa qoyulub. Özlərini media mənsubu hesab edənlərin peşəkar media strukturunun formalaşdırılmasını özündə ehtiva edən Media Reyestrini pisləməklə, hansı maraqlara və qüvvələrə xidmət etdikləri əslində göz önündədir. "Reket media"nın sonunun yaxınlaşdığını görən bəzi "jurnalist"lər əl-ayağa düşüblər. Halbuki ölkədə uzun illərdən bəri kök salmış "reket jurnalistika"nın tarixə qovuşması üçün Media Reyestrinin nə qədər əhəmiyyətli olduğunu peşəkar jurnalistlər öz yazılarında və sosial şəbəkə statuslarında təsdiqləyiblər. Həqiqi mətbuat əhlinin əsas amalı medianı qara qüvvələrdən təmizləmək olub. Xaricdəki dairələrdən təlimat alan qaragüruhçu “jurnalistlərin” gündəmi bulandırmaq naminə Media Reyestrini hədəf alması vicdanlı qələm sahiblərini ciddi narahat edib. Qanunun qəbulundan xeyli vaxt ötəndən sonra üç-beş "reket jurnalistin" hay-küyü absurddur. Çünki reyestr "Media haqqında" qanunun tələbidir. Qanunun müddəalarına görə, şərtlərə cavab verməyən, öhdəliklərini yerinə yetirməyən saytlar media resursu kimi tanına bilməz. Heç kim qanunlardan üstün deyil, qaydalara əməl etmək hər kəsin hüquqi-mənəvi borcudur. Üstəlik, aksiya sevdasına düşənlərə kifayət qədər zaman tanınmışdı. Onlara möhlət verilmişdi ki, ötən zaman ərzində öz fəaliyyətlərini qanunun müvafiq şərtlərinə uyğunlaşdırsınlar. Media qanunlarına riayət etməyənlərin bu gün saytlarının bloklanmasına etirazı anlaşılan deyil. Belə məqamda söz və mətbuat azadlığının "pozulmasından" danışmaq da yersizdir. Xüsusilə qeyd etmək lazımdır ki, medianın inkişafını təmin etmək, pərakəndə media sahəsində şəffaflığa xidmət edən təşəbbüsləri inkişaf etdirmək məqsədilə media islahatlarına ciddi ehtiyac var idi. Media Reyestri də bir neçə istiqamətdə nəticələrə hədəflənmişdi. Bu sahədə şəffaflıq və saflaşmaq vacib element idi. Yeni informasiya sistemində iştirakçıların bazası, kimliyi, fəaliyyət istiqaməti bəlli olmalıdır. Media və informasiya sistemlərində iştirakçıların kimliyini bəlli edən məlumatların bazası şəffaflığın əsas elementidir. Reyestrdə qeydiyyata alınmaq media təsisatının bir növ kimlik vəsiqəsi kimidir. O baxımdan şəffaf fəaliyyət göstərən media təsisat və resursları bunda maraqlı olmalıdırlar. Yeni informasiya erası adlandırdığımız müasir dövrdə media subyektləri cəmiyyətin həyatında mühüm rol oynayır, informasiya əldə edir, emal edir və yayır. Belə ciddi məsuliyyəti üzərinə götürən qurum şəffaflığını təmin etməyə borcludur. Əgər media təsisatının fəaliyyəti şəffafdırsa və gizli heç nə yoxdursa, onun öz kimliyini bəyan etməməsi nədən qaynaqlanır? “Media haqqında” qanun müzakirə edildiyi vaxt bu məsələlərə geniş toxunulmuşdu. Hesab edirəm ki, hansı sahədə fəaliyyət göstərməsinə baxmayaraq, qurumlar, o cümlədən media resursları şəffaf və hesabatlı olmalıdır. Onun hüquqi statusu, hesabları, ofisi olmalıdır. Buna görə müəyyən tələblər var və tələblər medianın saflaşması üçün nəzərdə tutulub. Qaydalar jurnalistlərin əksəriyyəti tərəfindən müsbət qiymətləndirilib. Media subyektləri hər şeydən öncə öz fəaliyyətlərinə nəzər yetirməli, nöqsanları varsa, onların aradan qaldırılmasına cəhd etməlidirlər. Media adına iddialı internet resursları da öz fəaliyyətlərini jurnalistikanın, medianın fəaliyyətlərinə uyğunlaşdırmalıdır ki, problem yaranmasın. Həqiqi jurnalist fəaliyyəti ilə məşğul olan şəxslər haqqında məlumatların vahid bazada toplanması media mühitinin sağlamlaşması baxımından çox müsbət və vacib addım idi. Bu, media mühitinin təsadüfi “jurnalistlərdən” təmizlənməsinə də yardım göstərdi. Media Reyestri media subyektlərinin və media sahəsində işləyən şəxslərin fəaliyyətinin, eyni zamanda yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılmasına da şərait yaratdı. Medianın inkişafına dəstək layihələrinin iqtisadi və hüquqi əsaslandırmasının formalaşmasına imkan verdi. Media Reyestrinə daxil edilmiş media subyektləri və jurnalistlər müxtəlif xarakterli güzəşt və imtiyazlardan da yararlanmaq imkanı əldə etdilər. Reyestrin aparılması keyfiyyətli xəbər istehsalının təmin edilməsi, ən əsas məsələlərdən olan müəlliflik hüquqlarının qorunması baxımından da vacib amildir. Sadalanan məqamları nəzərə aldıqda belə qənaətə gəlmək olur ki, Media Reyestri Azərbaycan mətbuatının inkişafı üçün yeni bir mərhələnin əsasını təşkil etməkdədir. Məhz atılan bu addımlar sayəsində "reket jurnalistika"nın əhatə dairəsi daralmaqdadır ki, bu da bəzi "saytların" narahatlığına səbəb olmaqdadır. Ancaq etiraf edilməlidir ki, bir çox saytların texniki problemləri aradan qaldırılıb, bəziləri tamam yeni tərtibata keçib. Əksər saytlar yeni rubrikalar yaradıb və ən əsası gündəlik 20 özəl material tələbini yerinə yetirmək artıq gündəlik işin adi normasına çevrilib. O mənada qeyd olunmalıdır ki, media reyestri Azərbaycanda milli mətbuatın sağlam rəqabət mühitini formalaşdırmaqdadır.