Parlamentari: Prezident 2-ci Şuşa Qlobal Media Forumunun açılışında önəmli məsələlərə toxunub

Prezident İlham Əliyev iyulun 20-də 2-ci Şuşa Qlobal Media Forumundakı “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda çıxışında Azərbaycanın uzun illər ərzində faktların manipulyasiyasının, yanlış narrativlərin qurbanı olduğundan bəhs edib.

Dövlət başçısı Azərbaycana qarşı təbliğatda erməni diasporunun oynadığı aparıcı roldan danışaraq bildirib: “Onlardan biri Ermənistan ilə Azərbaycan arasında olan münaqişə və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq bir şəkildə təqdim edirdilər”. 

Mövzu ilə bağlı “Sherg.az”a danışan millət vəkili Arzu Nağıyev bildirib ki, cənab prezident  “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılışında önəmli məsələlərə toxunub:
“Bunlar həm Ermənistan, həm də Azərbaycanın birgə müraciəti əsasında ATƏT-in Minsk Qrupunun ləğv olunması, digəri isə Ermənistan konstitusiyasına dəyişiklik edilməsi idi. Bildiyiniz kimi, 30 ilə yaxın bir müddətdə ATƏT Mİnsk qrupu yaranma məqsədinə uyğun heç bir fəaliyyət göstərməyib. Bu müddət ərzində təşkilat gündəliyində olan tapşırıqları doğru yerinə yetirməmişdi. Azərbaycanın işğal altında olan torpaqlarını öz gücü ilə azad etməsi sözügedən təşkilatın heç bir işə yaramadığını düşünməyə  əsas verir. Əlavə olaraq qeyd edim ki, bu təşkilatın tərkibinə daxil olan dövlətlər Ermənistanın dəstəkçiləridir. Ona görə də bu məsələdə heç bir şəffaflıqdan söz gedə bilməz. Zaman özü də bunu sübut etdi”.

Parlamentarı qeyd edib ki, ikinci məsələ isə Ermənistan  Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının olmasıdır:
“Belə ki, burda olan bəzi müstəqillik haqda müddəalar Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdiddir. Əlbətdəki, sülh bağlamaq istədiyiniz ölkəyə qarşı konstitusiyanızda ərazi iddiasının olması absurd məsələdir. Ona görə də bu məsələnin həlli sülhə gedən yolda önəmli addımlardan biri ola bilər.  Ermənistan baş naziri Nikol Paşinyanın İlham Əliyevlə bir araya gəlməkdən imtina etməsinin kökündə də bu məsələ durduğunu düşünürəm.  Ancaq rəsmi İravan başa düşməlidir ki, bu məsələ həll olmamış heç bir sülhdən söz gedə bilməz. Prosesin reallaşması üçün Ermənistan hakimiyyəti erməni cəmiyyətinə ideoloji təsir etməlidir. Biz dövlət olaraq hər zaman sülhün tərəfdarıyıq və hesab edirəm ki, Cənubi Qafqazda sülhü bərqərar etmək üçün heç bir dövlətin vasitəçiliyinə ehtiyacımız yoxdur”.