Minsk qrupu münaqişənin həlli istiqamətində heç bir rol oynamayıb -ANALİZ

“ATƏT-in Minsk Qrupu 2022-ci ildə Praqada imzalanan bəyannamə nəticəsində faktiki olaraq ləğv edildi”.
Bunu erməni politoloq Suren Surenyants deyib.
Politoloq Qarabağla bağlı bütün məsələlərin iki il öncə bağlandığını bildirib:

“2022-ci ildə Praqada Nikol Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaqla bu məsələni tamamilə bağladı. Fikrimcə, azərbaycan-Ermənistan danışıqlarında real vasitəçilər və təminatçılar Türkiyə, İran və Rusiya kimi güclər olmalıdır. Mən, əlbəttə, birtərəfli güzəştlə sülhün əleyhinəyəm. Lakin ölkənin inkişafı baxımından təməl formalaşdırmaq üçün məğlubiyyətimizi etiraf etməyə cəsarətimiz olmalıdır”. 


Suren Surenyantsın fikirlərinə münasibət bildirən siyasi şərhçi Elmir Səftərov “Sherg.az”a söyləyib ki, dünyanın müxtəlif bölgələrində fərqli münaqişə ocaqları mövcuddur və problemlərin həlli ən mürəkkəb məsələlər sırasındadır:
“Bu cür münaqişələrdən biri də Cənubi Qafqaz regionda artıq tarixə qovuşmuş keçmiş "Dağlıq Qarabağ" münaqişəsi idi və bu problemin həlli məqsədilə 1992-ci ilin martın 24-də ATƏT-in Minsk qrupu yaradılmışdı. Lakin Minsk qrupu 28 illik fəaliyyəti tarixində keçmiş münaqişənin həlli istiqamətində əməli olaraq heç bir rol oynamadı. Düzdür, müəyyən təkliflər irəli sürülsə də, real olaraq Ermənistan ordusunun Azərbaycan torpaqlarından çıxarılması istiqamətində işğalçı tərəfə Minsk qrupunun nüfuzlu ölkələrini təmsil edən həmsədrləri tərəfindən təzyiq belə edilmədi. Status-kvonun saxlanılması, onun dəyişməz olması zamanla ölkəmizə təlqin olunmağa çalışıldı, müxtəlif ölkələrdə keçirilən görüşlər isə formallıqdan kənara çıxmadı. İşğal dövründə Minsk qrupunun həmsədrləri Ermənistanın zəbt etdiyi ərazilərə dəfələrlə səfər edib. Onlar Azərbaycan xalqına, dini-tarixi abidələrinə, ekosisteminə, ümumilikdə maddi-mənəvi sərvətlərinə qarşı hərbi cinayətlərinin şahidi olsalar da, mövcud siyasi konyunkturanın qəbuledilməz olduğunu deməyə, ədalət üçün çalışmağa, təcavüzə məruz qalanın yanında durmağa cəhd edilmədi”.

Ekspert qeyd edib ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in müvafiq qərarlarına və müxtəlif beynəlxalq təşkilatların qərarlarına baxmayaraq keçmiş münaqişənin danışıqlar və müzakirələrlə həlli mümkünsüz göründükdən sonra Azərbaycan beynəlxalq hüquqa istinad edərək qlobal səviyyədə ölkəmizə aid torpaqları işğaldan azad etmək üçün hərbi-siyasi yoldan istifadə etdi:
“Əvvəlcə 2020-ci ildə ərazi bütövlüyünü təmin etdi, bu qələbənin davamı olaraq isə dövlət suverenliyini bərpa etdi. Bununla da ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyac qalmadı. Əslində Ermənistanın təcavüzünün qarşısının alınması istiqamətində atılmayan addımların zaman keçdikcə real fəaliyyətlə əvəz olunacağına ümid elə qrup yarandıqdan az müddət sonra tükənmişdi və formal olaraq işlər həyata keçirilirdi. Bu qrupun fəaliyyətindən imtina etmək də Ermənistanın xeyrinə işləyən məqamlardan idi. Yəni, Ermənistan bununla ölkəmizin danışıqlardan imtina etdiyini və münaqişənin həllində maraqlı olmadığını elə ATƏT-in Minsk Qrupunun həmsədrləri vasitəsilə kampaniya yaradıb, öz xeyrinə istifadə edəcəkdi. Ümumiyyətlə, Minsk qrupunun yaradılmasının əsas məqsədi keçmiş münaqişənin sülh yolu, danışıqlar vasitəsi ilə həlli yox, Azərbaycan torpaqlarının işğalda saxlanılmasında status-kvonun dəyişməzliyini qorumaq, ölkəmizin beynəlxalq hüquqa əsasən hərbi gücdən istifadə etməsinə təzyiqlər etmək idi. Lakin 28 illik qlobal maraqların kəsişdiyi bu plan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun gücü, qüdrəti, şücaəti, iradəsi, xalqımızın dəstəyi, inamı sayəsində reallaşmadı və xeyrimizə çevrildi”.