İrəvan hökuməti çox yaxşı bilir ki, Bakı öz tələblərindən, şərtlərindən geri durmayacaq
“Baş nazir ehtiyat edir ki, erməni ictimaiyyəti onun məcburi güzəştlərini xoş qarşılamaz. Baş verənlər nikbinliyi azaldır, amma istənilən sülh prosesini davam etdirmək lazımdır"
Azərbaycan Prezidenti İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında Brtaniyada Ermənistanın Baş naziri Nikol Paşinyanla planlaşdırılan, lakin erməni baş nazirin imtina etdiyi görüş barədə danışıb.
Sülh sazişinin mətni üzərində danışıqların davam etdiyini, lakin bu gün bununla bağlı daha az nikbin olduğunu vurğulayan dövlətimizin başçısı Baş nazir Paşinyanın onunla Britaniyada görşüməkdən imtina etdiyini xatırladıb. Deyib ki, bu görüş Britaniya hökumətinin təşəbbüsü, təklifi idi. Lakin Ermənistan tərəfi bu təklifi rədd etdi. Biz buna çox təəccübləndik. Dörd ay əvvəl Almaniya Kansleri Şoltsun Münhendə bənzər görüş təşkil etdiyini söyləyən Azərbaycan Prezidenti bildirib: “Britaniya hökuməti eyni təklifi verdi ki, Britaniyanın Baş naziri iştirak edəcək, sonra görüşdən çıxacaq. Baş nazir Paşinyan bundan imtina etdi. Yəni o, mənimlə danışmaq istəmirsə, hansı sülh sazişindən söhbət gedə bilər? O, Britaniyanın Baş naziri ilə danışmaq istəmirsə, o, Londona və Oksfordşirə niyə səfər edirdi? Yəni bir çox məsələlərdə çox ciddi ziddiyyət var. Ancaq biz baxacağıq”. Dövlət başçısı qeyd edib ki, xarici işlər naziri tərəfindən verilən məlumata görə, mətnin 80-90 faizi razılaşdırılıb: "Ermənistan həmin o müddəanı və terminologiyanı (Qarabağla bağlı – red.) oradan götürməyə razı oldu və beləliklə, normallaşma prosesində irəliləyiş baş verir". Burada hazırda iki məsələnin açıq qaldığını vurğulayan dövlət başçısı qeyd edib: "Onlardan biri odur ki, Ermənistan bizim təkliflərə müsbət cavab verməlidir. İkincisi, həm Ermənistan, həm Azərbaycan birgə ATƏT-ə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Çünki bu qrup artıq uzun müddətdir fəaliyyətsizdir”.
Prezidentin köməkçisi Hikmət Hacıyev də bildirib ki, istənilən ölkənin konstitusiyasında digər dövlətin ərazisinə qarşı iddialar varsa, buna son qoyulmalıdır. Hikmət Hacıyev qeyd edib ki, Azərbaycanın mövqeyi bəllidir: “Azərbaycan gözləyir ki, Ermənistan konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarına son qoysun. Biz başa düşürük ki, konstitusiya hər bir ölkənin daxili işidir. Amma konstitusiyada digər dövlətin ərazisinə qarşı iddialar varsa, bunlara son qoyulmalıdır və hüquqi çərçivə tam şəkildə ərazi iddialarına son qoyacaq formada olmalıdır ki, bunun əsasında biz irəli gedək. Azərbaycan təklif edib ki, Minsk qrupunun fəaliyyətinə xitam verilməsi üçün Ermənistan və Azərbaycan birgə ATƏT-ə müraciət etsinlər. Çünki artıq Minsk qrupu kimi təsisatın qalmasına da ehtiyac yoxdur. Əgər münaqişə yoxdursa, Minsk qrupunun olmasına nə əsas var? Bu xüsusda Azərbaycan Ermənistan tərəfinə təklif edib ki, müvəqqəti yanaşma olaraq münasibətlərin qurulmasının əsasını təşkil edəcək əsas prinsiplər barədə biz iki ölkə arasındakı qonşuluq münasibətlərinin əsasını təşkil edə bilən prinsiplər məsələsində də razılığa gələ bilərik. Buna aralıq sülh müqaviləsi deməzdim. Nəzərə almaq lazımdır ki, 2021-ci ildə bütövlükdə sülh prosesinin əsasını təşkil edə prinsiplərin təşəbbüskarı da Azərbaycan tərəfi idi".
Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru, politoloq İqor Korotçenko da deyib ki, Ermənistan Azərbaycanla ədalətli şərtlərlə sülh bağlamaq istəmir. Onun fikrincə, Ermənistanın Baş naziri Nikol Paşinyan bu yaxınlarda Böyük Britaniyada keçirilən qlobal beynəlxalq tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən imtina edib. Bu, Ermənistanın mövqeyinin ikili olduğunu, ədalətli prinsiplər əsasında sülh müqaviləsi bağlamaq istəmədiyini göstərir: "Bunlar Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi beş prinsipdir. Fransa kimi ölkələr İrəvana təsir göstərməyə, sülh müqaviləsinin hazırlanmasını və bağlanmasını ləngitməyə çalışır". O bildirib ki, Fransa Ermənistanı silahla vurmaq və onu yeni qeyri-sabitlik mənbəyinə çevirmək istəyir: "Ona görə də vəziyyət çətindir, amma düşünürəm ki, Azərbaycan diplomatiyası qarşısına qoyduğu məqsədlərə çatacaq. Sülh müqaviləsi hər kəs üçün vacibdir. Rusiya bu sənədin imzalanmasını gözləyir. Biz çox istərdik ki, bu, heç olmasa bu ilin sonuna qədər, bəlkə də noyabrda baş versin. Amma hələ ki, Paşinyanın mövqeyi, təəssüf ki, nikbinliyə imkan vermir. İrəvanı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndində nəzərdə tutulan öhdəlikləri yerinə yetirməyə məcbur etmək vacibdir".
Politoloq Turab Rzayev "Sherg.az"a bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Londonda Böyük Britaniya hökumətinin təşkil etdiyi görüşdən imtinası ciddi suallar doğurur. Ekspertin sözlərinə görə, ötən günlərdə ABŞ-nin vasitəçiliyi və təşəbbüsü ilə görüş keçirilib:
"XİN rəhbərləri Vaşinqtonda bir araya gəldi və sülh danışıqları çərçivəsində müzakirələr apardılar. Hər iki tərəfə kompramislərə getmək təklif olunurdu. Digər tərəfdən, Paşinyan hökuməti Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu bildirirdi. Belə məqamda Paşinyanın Londonda Azərbaycan Prezidenti ilə görüşdən qaçması müəyyən suallar doğurur. Hətta görüşün daha öncədən razılaşdırıldığını və Azərbaycanın konkret şərtlərinin bəlli olduğunu nəzərə alsaq, Paşinyanın bu davranışı absurd və anlamsızdır. Rəsmi Bakı Ermənistandan konstitusiyanın dəyişdirilməsini tələb edir. Sonrakı önəmli məsələlər isə Zəngəzur dəhlizinin açılması, kommunikasiyaların bərpası və 4 kəndin Azərbaycana qaytarılmasıdır. Görünür, Paşinyan hökuməti bunları həyata keçirməyə hələ hazır deyil. Yəni Paşinyan İlham Əliyevlə görüş üçün özündə cəsarət tapa bilməyib. Ona görə də görüşdən qaçıb. İrəvan hökuməti çox yaxşı bilir ki, Bakı öz tələblərindən, şərtlərindən geri durmayacaq. Başqa bir nüans odur ki, hazırda Ermənistan daxilində müxalifət yenidən aktivləşib. Paşinyan ehtiyat edir ki, erməni ictimaiyyəti onun məcburi güzəştlərini xoş qarşılamaz. Baş verənlər nikbinliyi azaldır, amma istənilən sülh prosesini davam etdirmək lazımdır".