Aİ Şurası Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avro yardım ayırmağa qərar verib.
Avropa Sülh Fondu çərçivəsində köçürüləcək yardımın məqsədi “Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki potensialının artırılması, böhran və fövqəladə vəziyyətlərdə mülki əhalinin müdafiəsi”dir. Bununla ölkənin gələcəkdə beynəlxalq missiya və əməliyyatlarda, o cümlədən Aİ-nin missiya və əməliyyatlarında iştirak edəcəyi təqdirdə Ermənistan silahlı qüvvələrini tez bir zamanda aktivləşdirməyə imkan yaratmaqdır. Verilən dəstəklə batalyon böyüklüyündə bir bölmə üçün tam hüquqlu çadır şəhərciyi yaradıla bilər.
Planlaşdırılan yardım heç bir şəkildə ölümcül silahların alınması üçün istifadə edilməyəcək və Aİ-nin silahlı qüvvələri olmadığı üçün birgə təlimlər tələb olunmayacaq.
Bundan əlavə, Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin qarşıdakı dövrdə viza rejiminin liberallaşdırılması üzrə Aİ Komissiyası - Ermənistan dialoqunun başlandığını təsdiqləmələri gözlənilir. Dialoq başlayandan sonra Ermənistan hökumətinə viza rejiminin liberallaşdırılması ilə bağlı fəaliyyət planı veriləcək. Vizaları ləğv etmək üçün ilk növbədə immiqrasiya prosesləri və təhlükəsizlik məsələlərində təkmilləşdirmələr aparılmalıdır.
Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Avropa Sülh Fondu müxtəlif adlar altında Ermənistan tez-tez yardım göstərir:
“Həmin yardımların hümanitar xarakterli olduğu bildirilir. Amma təəssüflər olsun ki, sözügedən yardımlar bəzi hallarda adı çəkilən formata uyğun olmur. Əgər Avropa olan həmin təşkilatlar sülhpərvər və ədalətli mövqe sərgiləyirlərsə, bitərəfli şəkildə bu yardımlardan imtina etməlidirlər. Bir milyondan çox azərbaycanlı məcburi köçkün vəziyyətində olduğu halda, torpaqlarımızın 20 faizi işğal altında olanda Azərbaycana bu cür yardımlar göstərilməyib. Amma indi Ermənistana Avropa tərəfindən belə bol-bol yardımlar edilir. Sözügedən proses Qərb təşkilatlarının nə qədər riyakar, ikiüzlü olduğunu bir daha sübuta yetirir. Əgər Ermənistan həmin yardımlardan fərqli şəkildə istifadə edərək silahlanar və revanşizmə cəhd göstərərsə, Azərbaycan onlara layiq olduğu cavabı verəcək. Azərbaycan ordusu hər zaman düşmənə adekvat cavab vermək iqtidarındadır. Avropa Sülh Fondunun ayırdığı pullarla bağlı fikirlərinə inanmıram. Yəni həmin vəsaitin doğru istiqamətə xərcləndiyini güman etmirəm. Adını Avropa Sülh Fondu qoyan qurum isə bunu çox gözəl bilir”.