Ermənistan Müdafiə Nazirliyində ABŞ-nin hansısa nümayəndəsinin olması regionda sülh və sabitlik üçün təhdiddir
ABŞ Ermənistan Müdafiə Nazirliyinə müşavir təyin edəcək. Amerika ordusunun nümayəndəsi Müdafiə Nazirliyində çalışacaq. Dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya da bunu təsdiqləyib. ABŞ-nin Ermənistandakı səfiri Kristina Quinn bildirib ki, ABŞ və Ermənistan təhlükəsizlik və müdafiə məsələləri üzrə “çox aktiv və mənalı” müzakirələr aparır. Onun sözlərinə görə, Vaşinqton Ermənistan Müdafiə Nazirliyinə nümayəndə təyin etməklə İrəvana təhlükəsizlik idarəçiliyinin təkmilləşdirilməsində dəstək vermək niyyətindədir. Bu da öz növbəsində Ermənistan-Amerika münasibətlərinin möhkəmlənməsinə kömək edəcək. Səfirlikdən bildirilib ki, müşavir Dövlət Departamenti tərəfindən maliyyələşəcək. Ermənistanın müdafiə institutlarının gücləndirilməsinə köməklik göstərəcək və Müdafiə Nazirliyi ilə müntəzəm işgüzar əlaqələrə malik olacaq. Mülki müşavirin bu ilin sonunda işə başlayacağı deyilir.
Ehtiyatda olan polkovnik, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov "Sherg.az"a deyib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmadığı, Ermənistanın ölkəmizə qarşı mina terrorunu davam etdirdiyi indiki halda ABŞ tərəfindən belə bir addımın atılması sülhə xidmət etmir. Hərbi ekspertin sözlərinə görə, bu kimi addımlar Ermənistanı sülh prosesindən uzaqlaşdırır:
"Həmçinin oradakı revanşist qüvvələrə cəsarət verir, onları yeni təxribatlara həvəsləndirir. Ermənistan Müdafiə Nazirliyində ABŞ-nin hansısa nümayəndəsinin olması regionda sülhün və sabitliyin təmin olunması baxımından arzuedilən deyil. Ermənistanın təhlükəsizlik institutunun möhkənlənməsinə gəlincə, əslində nə ABŞ-nin, nə də Fransa və digər Qərb dövlətlərinin bu istiqamətdə hansısa addımlar atmasına, xüsusi canfəşanlıq göstərmələrinə ehtiyac yoxdur. Çünki bu gün regionda heç bir dövlət Ermənistanın təhlükəsizliyini təhdid etmir. Ermənistanın gələcəklə bağlı da problemi yoxdur. Əksinə, Ermənistan özü hər zaman regionda digər dövlətlər üçün təhdid mənbəyi olub, onların təhlükəsizliyinə təhdid edib. Ermənistan Azərbaycan torpaqlarını 30 il ərzində işğalda saxlaması faktı buna nümunədir".
Polkovnik vurğulayıb ki, Ermənistan Fransa, Hindistan və digər dövlətlər tərəfindən məqsədli şəkildə silahlandırılır:
"Bu ölkəyə raket sistemləri, dronlar, zirehli maşınlar və s. verilir. Halbuki, Ermənistan bu gün heç kimlə döyüşmür, heç bir dövlət Ermənistan ərazisinə hücum etməyib. Bütün faktlar onu göstərir ki, Ermənistanı qorumaq adı altında bu ölkəyə göstərilən hərbi yardımlar tamam başqa məqsədlər üçün nəzərdə tutulub. Atılan bütün bu addımlar onu göstərir ki, bəzi qüvvələr Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlı deyil. Onlar yenidən regionda hərbi gərginlik yaratmağa, bu qarşıdurma fonunda öz maraqlarını təmin etməyə çalışırlar. Ona görə də İrəvan dost adı altında onu fəlakətə sürükləyən bu dövlətlərin təxribatlarına uymamalı, hər hansı avantüraya getməməlidir. Əks təqdirdə, yeni hərbi qarşıdurmanın nəticəsi Ermənistan üçün 44 günlük müharibənin nəticələrindən qat-qat ağır və dəhşətli olacaq".