Gizli müqavilə: SEPAH-ın Ermənistanda güclü maraqlarının olması bir faktdır -RƏY

İran və Ermənistan arasında silah tədarükü ilə bağlı məxfi müqavilə imzalanıb.
Bu barədə məlumatı öz mənbələrinə istinadən “Iran International” yayıb.
Bildirilir ki, müqavilənin dəyəri 500 milyon dollar olaraq qiymətləndirilir.
Məlumata görə, müqaviləyə “Shahed 136”, “Shahed 129”, “Shahed 197” və “Mohajer” pilotsuz uçuş aparatları, eləcə də “Khordad-3”, “Majid”, “Khordad-15” və “Arman” raket sistemləri daxildir.
Qeyd edək ki, İranın Ermənistandakı səfiri Mehdi Sübhani İran və Ermənistan arasında hərbi müqavilə bağlanması xəbərini təkzib edib. 


İranın əvvəllər də aktiv şəkildə Ermənistanın silahlandırılmasında iştirak etdiyini bildirən politoloq Zeynal Əmrəliyev “Sherg.az”a söyləyib ki, müharibədən əvvəl də, sonra da sözügedən proses baş verib:

“Elə savaş dövründə də İranın Ermənistanın xeyrinə işləyən aktiv fəaliyyətinin şahidi olduq. Azərbaycan bununla bağlı dəfələrlə narazılığını bildirib. Amma rəsmi Tehran hər dəfə məsələyə müxtəlif bəhanələr gətirməklə, prosesdən yayınmağa çalışıb. Eyni zamanda Qərb dövlətlərinin regiona gəlməsinə qarşı çıxan İran həmin ölkələrin Ermənistanı sürətli şəkildə silahlandırmasına sakit qalıb. Bu isə İranın Ermənistanın silahlanmasında nə qədər maraqlı olduğunu bir daha ortaya qoyur. Gizli müqavilənin imzalanması ilə bağlı məlumatın yayılması və sonradan təkzib olunması İran-Ermənistan arasında yenidən yaxınlaşmanın olduğunu göstərir. SEPAH-ın Ermənistanda güclü maraqlarının olması bir faktdır. İndi İranda yeni prezident Məsud Pezeşkian seçilib. Azərbaycan yeni komanda ilə daha yaxşı işlər görmək niyyətini nümayiş etdirib. Qarşı tərəfdən də müsbət mesajların şahidi olmuşuq. Güman edirəm ki, Pezeşkian səlahiyyətlərin icrasına başladıqdan sonra bu kimi məsələlər dayandırılacaq, İran və Azərbaycan arasında dostluq, mehriban qonşuluq münasibətləri inkişaf etdiriləcək”.