Manipulyasiyalar düşmən işidir -EKSPERT

Azərbaycan 44 günlük savaşı şəhidlərinin  qanı bahasına qazanıb
 
Ərazi bütövlüyünün bərpa edilməsində Türkiyə Azərbaycana ancaq mənəvi-siyasi dəstək verib
 
 
 "Biz Qarabağa, Liviyaya necə girdiksə, bunun eynisini onlara da edərik". Bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan AKP-nin Rizə təşkilatının tədbirində çıxışı zamanı İsrailin ünvanına deyib. Ərdoğan bildirib ki, mümkün olmayan heç nə yoxdur. Bu cür addımlar atmaq üçün sadəcə güclü olmaq lazımdır: "Biz çox güclü olmalıyıq ki, İsrail Fələstinə bunları edə bilməsin. Biz necə Qarabağa girdiksə, necə Liviyaya girdiksə, bunun bənzərini eyni ilə onlara da edərik". Qeyd edək ki, Ərdoğanın bu sözlərlə Fələstinə və ya Qəzzaya (HƏMAS-a) hərbi-texniki yardımı nəzərdə tutduğu ehtimal edilir. Çünki Türkiyə heç vaxt Qarabağa girməyib, İkinci Qarabağ savaşında Azərbaycana misilsiz siyasi dəstək verib və Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin azad edilməsi uğrunda apardığı müharibəyə üçüncü ölkənin qarışacağı təqdirdə türk ordusunun da savaşa girəcəyini elan edib. İsrailin xarici işlər naziri İsrael Kats Ərdoğanın bəyanatını pisləyib və onu təhdid edib: "Ərdoğan Səddam Hüseynin yolu ilə gedir və İsraili hücumla hədələyir. O, İraqda nə baş verdiyni, necə bitdiyini xatırlasa, yaxşı olar". Rəsmi Ankaranın İkinci Qarabağ savaşında Azərbaycana siyasi dəstəyi, bunun öncəsində hərbi-texniki yardımı, diplomatik sferada sərgilədiyi mövqe danılmazdır. Lakin bu, Türkiyə ordusunun Qarabağda döyüşməsi mənasına gəlmir. Azərbaycan tərəfi də bu günə qədər belə bir məlumatı açıqlamayıb. İkinci Qarabağ müharibəsinə qədər Türkiyə Azərbaycanın strateji tərəfdaşı idi. Əlaqələr ən üst səviyyədə idi. Müharibədən sonra isə tərəflər arasında “Şuşa Bəyannaməsi” imzalandı və bununla da, iki ölkə rəsmi səviyyədə bir-birinin müttəfiqi oldu. Yəni zərurət yaranarsa, rəsmi Bakı və ya Ankara bir-birindən dəstək istəyə bilər.

 Hərbi ekspert Ədalət Verdiyev "Sherg.az"a deyib ki, Vətən Müharibəsi başa çatdıqdan az sonra qardaş Türkiyə mətbuatında Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Ordusu ilə bərabər 44 günlük Vətən müharibəsində iştirak etməsi barədə həqiqətə uyğun olmayan iddialara rast gəlirdik. İndi Türkiyə Prezidenti cənab R.T.Ərdoğanın “Liviya və Qarabağa girdiyimiz kimi eynisini onlara da edərik” bəyanatı birmənalı qarşılanmayıb. Ekspert vurğulayıb ki, Vətən müharibəsi və ondan sonra baş verən prosesləri yaxından izləyən istənilən şəxsə məlumdur ki, Azərbaycan nə 44 günlük Vətən müharibəsi, nə də ondan sonrakı müddətdə heç bir kənar ölkənin hərbi qulluqçularının döyüşlərdə iştirakından faydalanmayıb: 
"Buna Azərbaycanın heç bir ehtiyacı da olmayıb. Çünki həm qismən səfərbərliklə hərbi xidmətə çağırılan ehtiyat qüvvələrimizin böyük bir hissəsi döyüşlərə ümumiyyətlə cəlb edilmədi.  Müdafiə Nazirliyinin və DSX-nın ehtiyat qüvvələrinin böyük bir hissəsi, həm də Naxçıvanda yerləşən Əlahiddə Ordunun şəxsi heyətinin 95 faizinin döyüşlərdə iştirakına ehtiyac olmadı. Səfərbərlik resurslarımız da kifayət qədər idi. Odur ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bağlı gedən döyüşlərdə hər hansı ölkənin hərbçilərinin birbaşa iştirakından söz gedə bilməz.  44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə Türkiyə və Pakistan Azərbaycana yalnız siyasi və mənəvi dəstək göstəriblər. Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə və antiterror tədbirləri zamanı 3200 nəfərə yaxın şəhid verib, ümumilikdə 12000 nəfərə yaxın müharibə əlilimiz və 90000 nəfərə yaxın müharibə veteranımız var. Təxminən 60 min nəfərlik ehtiyatda saxlanılan ehtiyat qüvvəyə malik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda gedən döyüşlərdə heç bir dövlətin silahlı qüvvələrinin şəxsi heyətinə ehtiyacı olmayıb. 44 günlük Vətən müharibəsində şəhid olan, yaralanan və döyüşən heyət arasında bir nəfər də olsun başqa ölkənin hərbi qulluqçusunun adı yoxdur".

Ə.Verdiyev bəyan edib ki, işğal altındakı ərazilərin azad edilməsi Azərbaycan Silahlı Qüvvələri üçün şərəf və ləyaqət məsələsi idi:
 "Bu çətin vəzifəni Azərbaycan döyüş meydanında təkbaşına həll edib. Digər tərəfdən isə 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə  Respublikası prezidentləri arasında müttəfiqlik münasibətləri haqqında imzalanan ”Şuşa Bəyannaməsi”ndə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbə barədə yazılıb: “Tərəflər fəxarət hissi ilə bildirirlər ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ərzində qələbə qazanaraq Ermənistanın 30 ildən bəri davam edən təcavüzkar siyasətinə son qoydu, torpaqlarını işğaldan azad etdi, tarixi ədalətin zəfər çalmasını və beynəlxalq hüququn bərpa olunmasını təmin etdi. Azərbaycan Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyə Respublikasının mənəvi-siyasi dəstəyini yüksək qiymətləndirir”. Düşünürəm ki, hər iki ölkə rəhbərinin imzaladığı “Şuşa Bəyannaməsini”, təqdim edilən faktları və rəqəmləri nəzərə alaraq, bu mövzuda əlavə manipulyasiyalar etməyə zərurət qalmır".
İsmayıl