ABŞ-nin Ermənistanı silahlandırmasında əsas hədəfi Ermənistanı tamamilə nəzarətə götüməkdir
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Mark Libbi İTV-yə müsahibəsi zamanı ABŞ-nin Ermənistanı silahlandırması ilə bağlı “Caliber.az” portalının təqdim etdiyi konkret faktları cəfəngiyyat adlandırıb.
“Caliber.az-ın hesabatı tam cəfəngiyatdır. Dedikləri hər bir şey uydurmadır. Mən bunu təkzib edirəm. Aranı qarışdırmağa, Ermənistanla Azərbaycan arasında çətinlik yaratmağa çalışırlar. Caliber.az-da belə qüvvələrdən biridir. Onun dərc etdiiyi bütün məlumatları təkzib edirəm”, - deyə müsahibəsində açıqlama verib.
O, Ermənistandakı ABŞ səfirliyinin dediyini təsdiq edərək bildirib ki, bu ölkəyə hərbçilərin və hərbi yükün göndərilməsini ABŞ və Ermənistan arasında keçirilmiş hərbi təlimlə əlaqəli olub.
Göründüyü kimi səfir konkret fakt və sübutları təkzib etməklə kifayətlənmir, həyasızcasına Azərbaycan mətbuatını təhqir edərək ara qarışdıran qüvvə adlandırır. Bunu o diplomat deyir ki, daima açıqlamaları ilə elə özü-özünü təkzib edir. Misal olaraq Şuşaya səfər etməsi ilə bağlı sonuncu açıqlamalarını göstərmək olar. Cənab səfirdən azad edilmiş ərazilərə səfər etməməsinin səbəbini soruşduqda bildirmişdi ki, hansısa şouda iştirak etmək istəmir. Yəni, onun sözündən belə çıxmışdı ki, Şuşaya səfər etmək şoudur və o, buna qatılmır. Sonradan Mark Libbi Qarabağa səfər edən zaman yalandan dedi ki, iki aya yaxındır ki, həmin səfərə hazırlaşırmış. Bu, onun şou adlandırdığı əvvəlki açıqlamasına zidd idi və özü-özünü təkzib edirdi.
Qeyd edək ki, ABŞ-nin Ermənistanı silahlandırması ilə bağlı məlumatlar neçə müddətdir ki, siyasi gündəmin mərkəzindədir. Caliber.az bildirib ki, ABŞ Silahlı Qüvvələrinə məxsus "Boeing C-17" hərbi yük təyyarəsi ilə Ermənistan Silahlı Qüvvələri üçün yeni nəsil silahlar - snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnika gətirilib.
ABŞ Ermənistanı silahlandırmaqla yanaşı, həm də onun ərazisindən istifadə etməklə İranda kəşfiyyat işləri aparır. ABŞ-nin Ermənistandakı səfiri isə bununla bağlı news.am saytına açıqlama verib. Səfir demək olar ki, məlumatın ətrafında söz oyunu oynayıb. Faktla bağlı konkret fikir bildirməyib.
Politoloq Tural İsmayılov isə hesab edir ki, ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin davranışları və addımları haqlı olaraq cəmiyyətimizdə qıcıq yaradır. Nəzərə almaq lazımdır ki, bu gün ABŞ-nin müxtəlif senatorları və vəzifəli şəxsləri Ermənistanı su yoluna döndəriblər.
Politoloq hesab edir ki, atılan addımlar, aparılan işlər də onu göstərir ki, ABŞ-nin Ermənistan vasitəsilə Cənubi Qafqazda öz mövcudluğunu gücləndirmək niyyətləri var:
“Bu fonda da ABŞ-nin USAİD fondunun rəhbəri Samata Pauerin də tez-tez Ermənistan ərazilərində at oynatdığını müşahidə edirik. Bu baxımdan da ABŞ səfirinin açıqlamaları hesab edirəm ki, əsla obyektivliyi və reallığı ehtiva etmir. Ermənistana gizli silah daşınmasına dair təqdim olunmuş sübut və faktların doğru cavablandırılması yerinə ABŞ-nin səfiri siyasi sima qismində çıxış edərək Azərbaycan mətbuat orqanına hücum edir və onun ictimai reputasiyasına zərbə vurmağa çalışır. Bütün bunlar amerikalı diplomatın obyektiv reallıq hissindən nə qədər uzaq olduğunu növbəti dəfə göstərir. Hər halda ABŞ səfirinə yaxşı bəllidir ki, bu gün Fransanın Ermənistanı silahlandırması bütövlükdə Qərbin Ermənistan vasitəsilə regionda əldə edilə biləcək sülh və sabitliklə bağlı verdiyi pozitiv mesajlarla daban-dabana ziddir. Ortada faktlar, sübutlar var. Hesab edirəm ki, bunlara uyğun dəqiq, normal açıqlama vermək yerinə Azərbaycanın hansısa media qurumunu nələrdəsə ittiham etmək nə diplomatiya, nə də insanlıq qaydalarına uyğun gəlmir".
Politoloq Natiq Miri isə “Sherg.az”a açıqlamasında deyib ki, Azərbaycanda fəaliyyət göstərən ABŞ səfiri Mark Libbinin Azərbaycan mediasına göstərdiyi münasibət onun diplomatik fəaliyyətini aşır:
“Lakin proseslərin mahiyyəti, eləcə də tərəflərin məqsədləri kifayət qədər açıqdır. ABŞ və Fransa nəyin bahasına olursa olsun, Rusiyanın Cənubi Qafqaz regionundan sıxışdırılıb çıxarılmasına və Rusiyadan boşalacaq yerə özlərinin yerləşməsinə nail olmaq istəyirlər. Bunun üçün bütün mümkün vasitələrlə Ermənistana təzyiq edirlər”. Politoloqun sözlərinə görə, ABŞ-nin Ermənistanı silahlandırmasında əsas hədəfi Ermənistanı tamamilə nəzarətə götüməkdir: “Zamanında Rusiyanın etdiklərini indi ABŞ edir. Hazırda Ermənistanda qeyri-hökumət təşkilatları sektoruna nəzarət tamamilə ABŞ-nin əlindədir. Eyni şəkildə KİV-lərə də nazərət faktiki olaraq ABŞ-yə verilib. Ədliyyə sisteminə, orduya və ümumiyyətlə, güc strukturlarına ABŞ-dən olan mütəxəssislər yerləşdirilib. Son olaraq Ermənistanda hərbi bazanın qurulması və bununla da Rusiyanın Ermənistandakı hərbi gücünün neytrallaşdırılmasına çalışılır.
Bizim isə artıq kimlərinsə öz maraqlarını təmin etmək üçün regionu yenidən qan gölünə çevirmək istəməsinə səssiz qalmaq kimi bir niyyətimiz yoxdur. Əgər real təhlükə hiss ediləcəksə və Ermənistanın təxribatları davam edəcəksə, o zaman ermənilərin hansı ölkənin silahı, texnikası ilə silahlanmasından, hansı ölkənin hərbi kontingentinin onun ərazisində olmasından asılı olmayaraq, cavab mütləq şəkildə veriləcək”.