Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddialarının irəli sürüldüyünü iddia edib.
Nikol bildirib ki, Azərbaycan Konstitusiyası 1991-ci ildə qəbul edilmiş Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad edilir: " Bildirilir ki, Azərbaycan 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycanın varisidir. O zamanı Azərbaycan bütövlükdə Sünik (Zəngəzur), Vayots Dzor (Dərəlyəz) Tavuş (Qazax qəzası), Qeqarkunik (Göyçə), Ararat (Vedi), Lori və Şirak bölgələrinə iddia edir".
Paşinyanın dediklərinin heç bir hüquqi əsası yoxdur və aydın görünür ki, Ermənostan manipulyativ metodlardan istifadə edir.
Sözsüz ki, İrəvanın “Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları var” iddiası Bakının Ermənistanın ərazi iddialarının yer aldığı mövcud konstitusiyasının dəyişdirilməsi tələbinə qarşı əks-həmləsidir. Paşinyan məsələni bu cür qoymaqla konstitusiya tələbini gündəmdən çıxarmaq istəyir.
Azərbazərbaycanın heç kimə qarşı ərazi iddiası yoxdur. Azərbaycanın AXC-nin varisi olmaq məsələsində ərazi iddiası açıq mətnlə qeyd olunmur. Cümhuriyyətə varislik məsələsi Azərbaycan Konstitusiyasında yox, Konstitusiya Aktında əks olunur.
Ermənistanın Konstitusiyası "miatsum"u isə erməni xalqı qarşısında hədəf kimi müəyyən edir. Azərbaycan Ermənistan Konstitusiyasının dəyişdirilməsi zəruriliyini deyəndə onu nəzərdə tutur ki, erməni xalqı referendum vasitəsilə miatsum məsələsinə son qoymalıdır və Qarabağ məsələsinin birdəfəlik bitdiyini qəbul etməlidir.
Paşinyan deyir ki, Azərbaycan silahlandığı halda Ermənistan bunu niyə etməməlidir. Azərbaycanla Ermənistana fərq qoyulmalıdır. Ermənistan işğalçı dövlətdir və 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayıb. İkinci dünya müharibəsindən sonra az sayda dövlət var ki, digər ölkənin ərazisinə təcavüz edib, onlardan biri də məhz Ermənistandır. Məsələn, İraqın Küveytə təcavüzündən sonra İraqa müvafiq qaydada silah məhdudiyyəti tətbiq edilmişdi. Ermənistan hərbi potensialını inkişaf etdirirsə, sonradan bunu istifadə etməyəcəyinə zəmanət yoxdur. Buna görə də Ermənistanın hərbi vasitələr əldə etməsinin üzərində hansısa nəzarət mexanizmi olmalıdır. Ermənistanı silahlandıran ölkələr də buna görə məsuliyyət daşıyırlar.
Paşinyanın toxunduğu digər məsələrin də diqqətə alınmasının vacib olduğunu vurğulayan siyasi şərhçi Aydın Quliyev "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan baş nazirinin xüsusən də ATƏTin Minsk Qrupunun ləğv edilməməsi ilə bağlı iddialar manipulyativ xarakter daşıyır:
" MQ məsələsi artıq tarixdə qalıb, Azərbaycan Prezidenti bunu dəfələrlə bəyan edib və dünən türkiyə nümayəndə heyətini qəbul edərkən bir daha səsləndirib. Paşinyan müharibəyə hazırlaşdığını bütün dünyaya bəyan elədi. Onun sözlərinə görə, Ermənistanın baş nazir konstitusiyanın dəyişdirilməsi, ATƏT- in Minsk Qrupundan imtina,silahlanmanın dayandırılması ilə bağlı onun qarşısında qoyulan tələblərə və ya şərtlərə konkret cavab verib:
" Paşinyanın iddiasına görə, guya Azərbaycanın da konstitusiyasında ermənilərə qarşı ərazi iddiası var və Ermənistandan 45 min kv.kilometr ərazi tələb edir.Onun sözlərindən belə çıxdı ki, Azərbaycan konstitusiyasını dəyişməlidir ki, Ermənistan da dəyişsin. Sonra da bildirib ki,saziş layihəsində belə bir maddə var ki, heç bir rəsmi sənəd bu sazişin icra edilməməsi üçün əsas ola bilməz. Yəni sazişdə bu maddə varsa, konstitusiyanı dəyişmək lazım deyil. Demək Paşinyan tələb olunan məzmunda Konstitusiya islahatı keçirmək fikrində deyil.
Minsk Qrupu bağlı mövqeyi də məntiqsizdir. Paşinyan deyib ki, sazişin imzalanması yekun kimi reallaşarsa Minsk Qrupunun buraxılması məsələsinə baxmaq olar. Azərbaycanın bu tələbi qarşısında əslində onu dedi ki, Qarabağ münaqişəsi hələ həll edilməyib .Deməli, Minsk Qrupu hələ buraxıla bilməz".
A. Quliyevin sözlərinə görə, Paşinyanın Azərbaycanın guya İtaliyadan silah-sursat alması barədə iddiaları yalandır:
"Azərbaycan İtaliyyadan nəqliyyat xarakterli təyyarə alıb, bu da silah deyil. Amma Ermənistan Fransadan, ABŞ-dan, Hindistandan və digər ölkələrdən öldürücü silahlar alır, özü də buna ehtiyacı olmadığı halda.
Nikol hələ bu əməlinə bəraət də qazandırır ki, "Azərbaycan İtaliyadan silah ala bilər, biz Fransadan ala bilmərik?Azərbaycan Pakistandan silah ala bilər, biz Hindistandan ala bilmərik? Azərbaycan Serbiyadan, Slovakiyadan, Bolqarıstandan silah ala bilər, biz silahlana bilmərik? Bütün bu cəfəngiyyat azmış kimi Paşinyan yalandan deyir ki, guya Azərbaycan ÜDM in 17 faizini hərbi məqsədlərə xərcləyir. Azərbaycanda bu rəqəm 4 faiz ətrafındadır, Ermənistanda isə bundan xeyli artıqdır. Üstəlik, Ermənistan görünməyən büdcə vəsaitlərinə də malikdir ki, onun da hansı məqsədlərə sərf edildiyi müzakirə mövzusudur. Demək ,Paşinyan sülh sazişinə qədər silahlanmanı davam etdirmək niyyətindədir. Bütün bunlar Paşinyanın ifasında o deməkdir ki, sülh sazişi olmayacaq və Ermənistan sürətlə müharibəyə hazırlaşır.
Çıxış yolu Ermənistana qarşı bu dəfə "sülhə məcburetmə "tədbirlərinə ( siyasi, diplomatik, iqtisadi və hərbi müstəvidə) başlamaqdır. Ancaq bu tədbirləri Azərbaycan təklikdə yox, ən azı Rusiya və Türkiyə ilə birlikdə həyata keçirməlidir".