Polad Bülbüloğlunu kim əvəz edəcək? -Sabiq nazirdən AÇIQLAMA

Rusiyaya ən peşəkar adam səfir təyin olunmalıdır 

“Gənc, təcrübəsi az olan, səriştəsi olmayan şəxsin səfir təyin ediləcəyini düşünmürük”

  Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada uzunmüddətli diplomatik fəaliyyətini başa vurub.
Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə görə, 1 sentyabr tarixində keçirilən parlament seçkilərində  Polad Bülbüloğlu 124 saylı Şuşa-Ağdam-Xocavənd Seçki Dairəsindən deputat seçilib.
  Hazırda gündəmdə olan suallardan biri Azərbaycanın Rusiyadakı səfiri postuna kimin gətiriləcəyidir. Belə ki, səfir göndəriləcək şəxsin post-sovet ölkələri, Avropa siyasətçiləri ilə münasibətlərinin olması və Rusiyada strateji postda çalışmaq məqamları yoxlanılmaqdadır.
  
Bu mövzuda suallarımızı cavablandıran sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov isə “Sherg.az”a açıqlamasında deyib ki,  Rusiya bizim üçün heç bir ölkə ilə müqayisə edilməyəcək qədər fərqli və olduqca mühüm bir ölkədir: 

“Bu səbəbdən Rusiyaya səfir vəzifəsinə orada tanınan, Rusiya elitasının və siyasi dairələrinin qəbul edə biləcəyi bir şəxs təyin oluna bilər. Təbii ki, bunlar Rusiyada uzun müddət yaşamış bir şəxs kimi mənim şəxsi baxışlarımdı. Rusiya nə Çin, nə Hindistan, nə də ABŞ-dir. Bura Azərbaycan üçün özəl bir ölkədir və orada bizim bir neçə milyon soydaşımız yaşayır. Ona görə bu vəzifəyə təyinat alacaq səfirdə dediyimiz göstəricilərin olması vacibdir”.

  Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov da hesab edir ki, yeni səfir Rusiya-Azərbaycan əlaqələrinə töhfə verə biləcək şəxs olmalıdır: 

“Rusiyadakı səfirlərimiz əsasən rusdilli, Rusiya ilə müəyyən əlaqələri olan, yaxud prosesdə iştirak edən şəxslər olub. Bir müddət öncə bu posta kimin gətiriləcəyi ilə bağlı sual yarananda Elmar Məmmədyarovun adı çəkildi. Düşünürəm ki, Elmar Məmmədyarov təyin edilə bilər. Əvvəldən də  xarici işlər nazirlərinin səfir təyin olunması ənənəsi var. Eyni zamanda postsovet ölkələrində olan səfirlərdən də təyinat ola bilər”.

  Rusiyanın Azərbaycan üçün əhəmiyyətli ölkələrdən biri olduğunu xatırladan X.Bəşirli hesab edir ki, Rusiya güclü dövlətdir: “Sülh sazişi imzalanana, bütün daşlar yerinə oturana qədər Rusiya ilə münasibətlərimizi yaxşı saxlamağa çalışmalıyıq. Üstəlik, Rusiya ilə “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalanıb. Bu amillərdə aktiv rol ala bilən, təcrübəli şəxs səfir təyin oluna bilər. Gənc, təcrübəsi az olan, səriştəsi olmayan şəxsin səfir təyin ediləcəyini düşünmürəm. Hər bir halda bu, prezidentin səlahiyyətində olan məsələdir”.