Azərbaycan İrandakı səfirini geri çağıra bilər

İranın paytaxtı Tehranda Azərbaycanın səfirliyinə hücum edən terrorçu ilə bağlı çıxarılan hökmün icrası artıq bir ilə yaxındır ki uzanır.

Xatırladaq ki, həmin terrorçu həbs olunub və onun barəsində məhkəmə 2023-cü il oktyabrın 2-də ölüm hökmü çıxarıb. Lakin bu qərarın üstündən bir ilə yaxın vaxt keçsə də, edamın nə vaxt icra ediləcəyi məlum deyil. Azərbaycan cəmiyyətinin daim diqqət mərkəzində olan bu hadisəni media da diqqətlə izləyir.

“Report”un diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, edamla bağlı qərar tez bir zamanda icra olunmasa, Azərbaycan İrandakı səfirini növbəti dəfə geri çağıra bilər.

Bəs nədən bu qərarın icrası gecikir? Apardığımız araşdırma ortaya bir sıra ehtimalların çıxmasına səbəb olub. Məsələn, terroru törədən İran vətəndaşı Yasin Hüseynzadənin həyat yoluna nəzər salsaq, ortaya bir sıra maraqlı məqamlar çıxır. 55 yaşlı Yasin Hüseynzadə İran-İraq müharibəsi zamanı SEPAH sıralarına qatılıb. O, qısa müddət ərzində müharibədə 31-ci Aşura diviziyasında da iştirak edib. 1999-cu ilə qədər Təbrizdə SEPAH qərargahında yük maşını sürücüsü işləyib və oradan təqaüdə yollanıb. Yasin 1999-2006-cı illərdə Mərənddəki Yaldur məscidinə bağlı “Bəsic” qüvvələrinin komandanı olub. O, indi də həmin “Bəsic” bazası ilə əlaqəsini davam etdirir. Hətta onun Təbrizdə “Bəsic” və SEPAH qüvvələri ilə birlikdə son aylar Bükan və Marağada baş verən anti-hökumət etirazlarının dağıdılmasında iştirak etdiyi barədə məlumatlar var.


Bir günahsız insanın qətli, iki nəfərin yaralanmasını həyata keçirən bu terrorçunun edam olunmasının qarşısını çox güman ki, onun SEPAH üzvü olması alır. Məhz bu qurum onun edamının icrasına əngəl olur. Halbuki, bu müdhiş cinayət əməli barədə danışan xarici işlər naziri Ceyhun Bayramov bu ilin yanvarında bir daha rəsmi Bakının mövqeyini xatırladıb və bəyan edib ki, səfirlik öz fəaliyyətini iki şərtlə bərpa edə bilər: cinayətkar layiqli cəzasını alsın və İran səfirlik əməkdaşlarının təhlükəsizliyinə tam zəmanət versin.

Qeyd edək ki, 2023-cü il yanvarın 27-də “Kalaşnikov” silahı ilə silahlanmış şəxs Azərbaycan səfirliyinə hücum edib, nəticədə mühafizə xidmətinin rəisi qətlə yetirilib, iki nəfər isə yaralanıb. Və təəccüb doğuran hal hadisə yerinə polis əməkdaşlarının ən sonda gəlməsi olub.