Ərşad Hüseynov deyib ki, əgər belə yolda 5.9 nişanı yoxdusa, hələlik hər kəs o zolaqla da hərəkət edə bilər.
Son günlər COP29 zolaqlarına daxil olan avtomobillərə cərimə yazılacağı barədə məlumatlar yayılıb. Sherg.az xəbər verir ki, hüquqşunas, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bu xəbərlərə münasibət bildirib. O, deyib ki, COP29 loqosu olan zolaqda 5.9 avtobus zolağı nişanı yoxdursa, həmin zolaqda konfransa qədər hərəkət sərbəsdir və orada hərəkətə görə hər hansı cərimə yazıla bilməz!
Qeyd edək ki, COP29 Azərbaycan Əməliyyat Şirkəti, AYNA və Bakı şəhər DYP idarəsi bu barədə məlumat yayıb. Məlumatda bildirilib ki, Bakının bir sıra mərkəzi küçələrində xüsusi COP29 nəqliyyat zolaqlarının salınmasına başlanılıb. COP29 loqosunu əks etdirməklə işarələnən bu zolaqlar yalnız konfrans zamanı (yəni 11-22 noyabr tarixlərində) ictimai nəqliyyat vasitələri və tədbirlə əlaqədar xüsusi icazələrə sahib olan nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulub. Həmin günlərdə bu zolaqlarda başqa nəqliyyat vasitələrinin hərəkətinə icazə verilməyəcək.
Ə.Hüseynov bildirib ki, konfransa qədər müvafiq yol nişanları quraşdırılmayan COP29 zolaqlarından bütün nəqliyyat vasitələri istifadə edə bilər: "Bu o deməkdir ki, COP29 loqosu olan zolaqda 5.9 avtobus zolağı nişanı yoxdursa, həmin zolaqda konfransa qədər hərəkət sərbəsdir və orada hərəkətə görə hər hansı cərimə yazıla bilməz. Özü də qeyd edilir ki, məhz nişan olmaması əsasdır. Əgər belə yolda 5.9 nişanı yoxdusa, hələlik hər kəs o zolaqla da hərəkət edə bilər".
Hüquqşunas onu da bildirib ki, AYNA və DYP-nin COP29 zolaqları olan küçələrin siyahısını ictimailəşdirməlidir ki, sürücülər əvvəldən məlumatlı olsunlar.