Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstanda əhalinin xarici təsirlərə düşməsində rolu az deyil
Gürcüstanda dini təbliğat aparılır. Yüzminlərlə soydaşımızın kompakt yaşadığı ərazilərdə İran şiəliyi təbliğ etməklə məzhəb ayrılığı yaratmaq üçün ciddi addımlar atır.
Şair İlqar İlkin sosial media hesabında Gürcüstanda soydaşlarımızın yaşadıqları bölgələrlə bağlı öz narahatlığını ifadə edib. Borçalı türklərinin İran mollalarının dini təbliğatına məruz qaldığını, insanların beyinlərinin yuyulduğunu deyən İ.İlkin həyəcan təbili çalaraq müvafiq qurumları məzhəb qarşıdurmasının önünü kəsməyə səsləyib:
-Bir xəbər oxudum. Doğulduğum Qaraçöpdə Məhəmməd peyğəmbərin və şiələrin 6-cı imamı Cəfər Sadiqin mövlud günü qeyd olunub.
Səhv etmirəmsə, “mövlud günü” - doğum günüdür, Məhəmməd peyğəmbər isə 20 aprel 571-ci ildə Məkkədə doğulub, 8 iyun 632-ci ildə Mədinədə vəfat edib.
İmam Cəfər Sadiq də 20 aprel 702-ci ildə doğulub, 16 dekabr 765-ci ildə zəhərlənərək öldürülüb. Mədinədə doğulub, elə həmin şəhərdə Baqi qəbiristanlığında öz atasının yanında dəfn olunub.
Bəs sentyabr ayında Peyğəmbərin və Cəfər Sadiqin mövlud günü necə ola bilər?
Dini siyasətə alət etmək, seçkidə inanclı insanların səsinə görə bu cür tədbirlər etmək etik deyil.
Ayrıca, Qaraçöp türk törələrini yaşadan, türk ruhunu daşıyan ən qədim-qayım ellərimizdən biridir. Bu böyük və adı-sanı olan eldə hələ bir dəfə də olsun şiə-sünni məsələsi olmayıb, olmayacaq da! Səbəbi isə odur ki, bu el dinin gətirdiyi qaydalarla yox, qədim türk törələrilə yaşayıb, yaşayır.
Ona görə də qaraçöplülərə, dəyərli el-obama səslənirəm: İranın bu elə ayaq açmasına, burada din adı altında öz çirkin siyasətini yeritməsinə əsla icazə verməyin! Biz hər zaman atalarımızdan bunu görmüşük: “Din içində din bəsləmişik”.
Kimsə bizə nə dinimizi öyrədə bilər, nə də milli kimliyimizi. Sən qayım-qədim bir el-obasan. Sən Qaraçöpsən!
Bir bax gör, İranda heç sənin əzəmətində, sənin sahib olduğun dəyərlərdə bir el-oba varmı, qalıbmı? Baxmayaraq ki, orada sənin genindən, qanından olan 40 milyonluq bir türk varlığı var. Amma orada bütün dəyərləri onların əllərindən alıblar, ona görə yoxdur. İndi də sənin dəyərlərinə toxunmağa gəlir, onu səndən almaq istəyir. Buna əsla icazə vermə! İslamı da öyrən, kitabını da oxu, imamların fikirlərini də bil. Amma səni öz halal çörəyinlə vurmağa, öz azadlığını yad fikirlərin buxovuna çevirməyə imkan vermə!
Milli Cəbhə Partiyasının sərd müavini, ilahiyyatçı Tural İrfan isə “Sherg.az”a açıqlamasında deyib ki, təkcə Borçalıda deyil, soydaşlarımızın yaşadığı bütün coğrafiyalarda İranın siyasi təsir gücü artır:
“Din pərdəsi altında alt qatda siyasi təbliğat aparıb Azərbaycan dövlətindən narazı kütlə yaradırlar, radikallaşdırırlar, terrora meyil etdirirlər. Rusiyada daha böyükdür bu şəbəkə. Həmçinin Gürcüstanda da belədir. Mövlud və matəm günləri sadəcə vasitədir toplantılar, təbliğat və şüarlar üçün. Türkiyənin dini təbliğatı əvvəllər daha güclü idi və həm Azərbaycanda, həm Gürcüstanda təsir qüvvəsi İranı üstələyirdi. Ancaq son onilliklərdə bu zəiflədi. Çünki ABŞ-ni İranı İraqda, Suriyada və digər müsəlman ölkələrində yerləşdirə bildi, dünyada onun müsəlman ölkələrinə ideoloji təsirini artırdı. Gürcüstanda da Qərbə meyilləndikcə bu təsir orada da artmağa başladı. Həmçinin bizim diasporlarımızın zəifliyi buna zəmin yaratdı. Səfirliklər, diaspora təşkilatları bizneslə, şəxsi maraqlarla məşğul olmağa başladılar, milli dövlətçilik məsələləri yaddan çıxdı. Yaranmış boşluqları xarici təsirlər doldurdu. Gürcüstanda vəhhabilik də ciddi şəkildə inkişaf edir. Həmçinin İranın anti-türk, anti-islam ideoloji siyasi xətti din pərdəsi altında güclənir. Orada yaşayan soydaşlarımızın əksəriyyəti o təsirdədir və orada radikallaşan bəzi şəxslər Azərbaycan-Gürcüstan arasında körpü rolunu oynayırlar”.
Peyğəmbərin “mövlud günü” məsələsinə gəldikdə isə ilahiyyatçı dində belə bir hal olmadığını deyib. Onun sözlərinə görə, sonralar siyasi şüarlar səsləndirmək, əhali ilə din pərdəsi altında təmas qurmaq məqsədilə belə ayinlər icad olunub farslar tərəfindən:
“İmam Cəfər Sadiqin doğum günü ilə Peyğəmbərin doğum vaxtı eyni aya təvafüq edir. Hicri-qəməri təqvim ilə Rəbiul əvvəl ayını 17 də doğulub hər ikisi. Yalnız bəzi hədislərə gərə Peyğəmbər bu ayın 17-də yox, 12-də doğulub. Bu, Əhli sünnə cərəyanının qəbul etdiyidir. Buna görə də həmin tarixlərin hər ikisinə də ehtiram olaraq ayın 12-dən 17-dək "vəhdət həftəsi" adı ilə mövlud günləri qeyd edilir. Təbii ki, bu da sünidir. Belə çıxır ki, müsəlmanlar yalnız ildə bircə həftə vəhdətdə olmalı, qalan vaxtı bir-birini didməlidir? Müsəlmanlar üçün bütün ömürləri boyu vəhdətdə, birlikdə olmaları bilavasitə Quranda əmr olunub. Ancaq miladi təqvimlə hicri təqvim fərqi olduğu üçün hər iki simanın doğum günləri miladi tarixdə başqa aylarda ola bilər. Lakin islam dinində tarixlər, orucluq, qurbanlıq, mövlud və şəhadət günləri hicri tarixə əsasən təsbit olunur. Odur ki, burada bir anlaşmazlıq yoxdur. İmam Cəfər Sadiq Peyğəmbərin nəticəsidir və islam ümmətinin elmə, mədəniyyətə, maarifləndiriciliyə yönəlməsində böyük rolu olub. Kimya, tibb sahəsi üzrə tanınmış alimlər yetişdirib, islam hüququnun elmi əsaslarla formalaşmasında əvəzsiz rolu var. Böyük müsəlman hüquqçularının müəllimi kimi islamın bütün məzhəbləri tərəfindən qəbul edilir, irsindən istifadə edilir. Onun və Peyğəmbərin xatirəsinin yad edilməsində bir nöqsan ola bilməz. Sadəcə, bu kimi tədbirlərdən xarici təsirlərin təbliğatı üçün sui-istifadə etmək, din altında siyasi maraqlara xidmət etmək doğru deyil”.
T.İrfanın sözlərinə görə, problem belə mövludların keçirilməsində deyil:
“Ümumiyyətlə, o ayinlərdəki detallara varıb müzakirə və mübahisə mövzusu açmaq həll yolu deyil. Məsələ, bu tədbirlərin əslində siyasi maraq və xarici, antidemokratik, antitürk, anti-islam maraqlarla xidmət etməsi üçün təşkil olunmasındadır. Onun üçün də gərək bizim təşkilatlar, qurumlar oradakı soydaşlarımızın halını, gələcəyini düşünsünlər. Oradakı əhalinin din taleyini İrana, yaxud Səudiyyə Ərəbistanına tapşırıb oturmasınlar. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bununla bağlı iş görməlidir. Gürcüstanın din məsələsinə nəzarət edən dövlət qurumları ilə münasibətlər zəminində kənar təsirlər məsələsi müzakirə olunmalıdır. Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstanda əhalinin xarici təsirlər düşməsində rolu az deyil. O idarənin fəaliyyəti və mövqeyi ən lazımlı zamanda, 44 günlük savaşdan sonra onsuz da məlum olub. Ona görə bu problemlərin həlli üçün dövlətin aidiyyəti strukturları iş aparmalıdır, əsas məsuliyyət də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin üzərinə düşür. Əks halda bu, çox ciddi problemlərə gətirib çıxara bilər”.