“Azərbaycan Ağ Evdən ikili siyasət yox, səmimi və vicdanlı əməkdaşlıq gözləyir”
ABŞ Konqresində "Dağlıq Qarabağın süqutu"na həsr olunmuş dinləmələr keçirilir, ləğv edilmiş separatçı rejimin nümayəndələri dəvət edilirlər.
Bunun sübutu sentyabrın 19-da ABŞ Konqresində Tom Lantos İnsan Hüquqları Komissiyasında "Dağlıq Qarabağın süqutundan sonra Azərbaycanda insan hüquqları" mövzusunda keçirilən dinləmələrdir. Bu dinləmələrdə keçmiş separatçı rejimin nümayəndələri, o cümlədən "Artsax respublikasının ombudsmanı" kimi təqdim edilən Geqam Stepanyan da iştirak edib. ABŞ Konqresində "Dağlıq Qarabağın süqutu"na həsr olunmuş dinləmələr və ləğv edilmiş separatçı rejimin nümayəndələrinin dəvət edilməsi, eləcə də aparıcı ABŞ və Fransa institutlarının "Dağlıq Qarabağ erməniləri"nə dəstək verən çoxsaylı təşəbbüsləri hazırda icra olunan planın tərkib hissəsidir.
Bu dövlətlər güman edirlər ki, "Qarabağ məsələsi"ndə Ermənistanı dəstəkləməklə, bir tərəfdən, Bakıya təzyiq göstərə, digər tərəfdən, Cənubi Qafqazda öz mövcudluqlarını gücləndirə biləcəklər.
İrəvan da bu tendensiyaya dəqiq reaksiya verib və bu planın həyata keçirilməsinə fəal şəkildə qoşulub. Görünür, Ermənistan və onun müttəfiqləri Azərbaycanın əl-qolunu sülh müqaviləsinin qısaldılmış variantı ilə bağlamaq planının işləmədiyini başa düşdükdən sonra "B" planına keçərək, bundan əvvəl "qayçılanmış" sülh imzalandıqdan sonra səsləndirməyi planlaşdırdıqları məsələləri açıq şəkildə qaldırmağa başladılar. Xüsusilə, mövqeyini sərtləşdirərək və Qərbin dəstəyindən ruhlanaraq, İrəvan "Dağlıq Qarabağ" və "etnik təmizləmə" barədə getdikcə daha çox danışır, revanş barədə daha ciddi düşünür.
Qeyd edək ki, bu mövzuya toxunarkən konqresmen Adam Şiff və bir sıra digər konqresmenlərin sentyabrın 18-də irəli sürdükləri təşəbbüsə xüsusi diqqət yetirmək lazımdır. Adam Şiffin öndərliyində ermənipərəst konqresmenlərin irəli sürdüyü qanun layihəsi "2024-cü il üçün Artsax gəlirlərinin bərpası" adlanır. Qarabağ münaqişəsinin davam etdiyi uzun illər ərzində haqqı tapdalanan, öz doğma yurdlarından didərgin salınan azərbaycanlıların hüquqlarını görməzdən gələn ABŞ konqresmenləri Qarabağı könüllü tərk etmiş erməniləri "diqqətindən kənar" qoymur.
Digər tərəfdən də masada yaxşı oyunçu olduğunu göstərməyə çalışır. Mərhəmətli üzünü bizə göstərib, şeytani simasını gizlətdiyini düşünür. ABŞ-nin Cənubi Qafqazda konkret geosiyasi planı var, axı. Rusiyanı regiondan sıxışdırıb çıxarmaq onun əsas hissəsidir. Bu plan regionun ən zəif bəndi olan Ermənistan vasitəsilə həyata keçirilir. Gürcüstandakı mövcud siyasi reallıq ABŞ-nin maraqları kontekstində inkişaf etmir. Regionun ən güclü ölkəsi olan Azərbaycan amili var ki, burada da siyasi mənzərə ABŞ-nin maraqları istiqamətində formalaşmır.
Görünən odur ki, Ermənistan tarixdən dərs çıxarmaq əvəzinə öz xülyalarının arxasınca qaçmaq yolunu tutur. Baş verən proseslərdə, atılan addımlarda, Qərbin canfəşanlığında ermənilərin sadəcə əlaltı olduğunu yalnız onların özləri anlaya bilmirlər. Belə olan halda isə bir gün taleyin ümidinə buraxılacaqları həqiqətini də unutmuş olurlar. Bu davranış və süni "cürət" tanışdır və ən yaxın tarixdə Azərbaycanın keçirdiyi antiterror tədbirləri vasitəsilə layiqincə cəzalandırılıb. Ermənistan yenidən eyni yolla getməyə çalışırsa, palçığa ikinci dəfə batmaq istəyirsə, aqibətini təxmin etmək o qədər də çətin olmamalıdır.
Azərbaycan Həmrəylik Komitəsinin sədri, politoloq Əlisahib Hüseynov “Sherg.az”a açıqlamasında bir neçə gün əvvəl ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsini və Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasının vacibliyini vurğulamasını xatırladıb. Politoloqun sözlərinə görə, Blinkenin Amerika Birləşmiş Ştatlarının bu məqsədə nail olunması üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirməsi fonunda ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında "Dağlıq Qarabağın süqutundan sonra Azərbaycanda insan hüquqları" adlı dinləmələr keçirməsi, ABŞ-Azərbaycan münasibətlərini gərginləşdirməyə çalışması heç bir sağlam məntiqə sığmır:
“Bu dinləmələrdə çıxış edən natiqlər tərəfindən Azərbaycana qarşı bir çox əsassız ittihamlar səsləndirilib. Konqresin bəzi üzvləri ABŞ-nin dövlətçilik maraqlarını deyil, öz şəxsi maraqlarını və erməni lobbisinin sifarişini əsas tutaraq, həmin dinləmədə mövcud olmayan "Dağlıq Qarabağ” məsələsini yenidən gündəmə gətirərək Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə açıq şəkildə hörmətsizlik nümayiş etdiriblər. Azərbaycanla bağlı həqiqətləri və faktları qəsdən təhrif edən konqresmenlər və onların sözügedən dinləmələrə dəvət etdikləri keçmiş separatçı rejimin nümayəndələri Azərbaycanda insan hüquqlarının vəziyyəti məsələsindən hiyləgər taktiki vasitə kimi istifadə edərək öz əsas niyyətlərini – ölkəmizə qarayaxma kampaniyasını həyata keçirməyə çalışıblar. ABŞ konqresmenləri peşəkar siyasətlə məşğul olmaq əvəzinə, siyasi quldurluq edirlər.
Bu arada fəal erməni lobbiçisi, konqresmen Adam Şiff də Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etməsindən düz bir il sonra ölkəmiz əleyhinə qanunvericilik təşəbbüsü ilə çıxış edib. Onun təqdim etdiyi qanun layihəsində ölkəmizin əleyhinə bir sıra təxribatçı təkliflər yer alıb. Görünən budur ki, erməni lobbisinə nökərlik edən bəzi konqresmenlər öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyinə görə Azərbaycanın “cəzalandırılması”na çalışırlar. Maraqlı məqamlardan biri də budur ki, bu konqresmenlərin əksəriyyəti məhz hakim Demokratlar Partiyasının təmsilçiləridir. Onlar Ağ Ev administrasiyasının və şəxsən Antoni Blinkenin Ermənistanla Azərbaycan arasında vasitəçilik səylərinə dəstək vermək əvəzinə, sülh danışıqlarına zərbə vurmağa və Ermənistanı revanşizmə təhrik etməyə çalışırlar”.
Ə.Hüseynov ABŞ Konqresinin ölkəmizin beynəlxalq hüquqla tanınmış ərazi bütövlüyünə hörmətsizlik göstərməsinin qəbuledilməz olduğunu qeyd edib. O həmçinin Qarabağdakı keçmiş separatçı rejimin nümayəndələrinə viza verilməsi və onların ABŞ Konqresinin məlum tədbirində iştirakına şərait yaradılmasının da yolverilməz olduğunu bəyan edib:
“ABŞ tərəfi bu addımı ilə erməni separatçılığına açıq dəstək nümayiş etdirib. Konqresmenlər anlamalıdırlar ki, onlar öz merkantil maraqlarından çıxış etməklə birbaşa ABŞ-Azərbaycan əlaqələrinə ağır zərbə vururlar. Eyni zamanda rəsmi Vaşinqton da ikili siyasət yürütməkdən əl çəkməlidir. Çünki erməni separatçılarına viza verilməsi ABŞ Konqresinin yox, Ağ Ev administrasiyasının, ABŞ Dövlət Departamentinin günahıdır. Rəsmi Vaşinqton bir yandan sülhdən danışıb, digər tərəfdən separatçılığı körükləməməlidir. Bu həm beynəlxalq hüquqa, həm də dostluq və əməkdaşlıq prinsiplərinə ziddir. Azərbaycan Ağ Evdən ikili siyasət yox, səmimi və vicdanlı əməkdaşlıq gözləyir”.