Təzminat məsələsi sülh gündəliyinə daxil edilə bilər: Azərbaycan Ermənistanı israr etməlidir -RƏY

Ermənistan 30 illik işğal dövründə Azərbaycan ərazilərini təkcə zəbt etməklə kifayətlənməyib, həm də dövlətimizə külli miqdarda maddi ziyan vurub. Tarixi-mədəni abidələrimizi, ekologiyamızı məhv edib. Yeraltı və yerüstü təbii sərvətlərimiz beynəlxalq və humanitar hüququn prinsiplərinə zidd olaraq düşmən tərəfindən talanıb İrəvana və digər xarici ölkələrə daşınıb. Şirin su hövzələri kimyəvi tullantılarla çirkləndirilib, bulaqlar qurudulub, müalicəvi əhəmiyyətli bütün məkanlar ya dağıdılıb, ya da onun məhsulları Ermənistan brendi kimi xaricə satılıb. Nadir və qiymətli meşə fondumuz məhv edilib. Azərbaycanın dəfələrlə məsələ ilə bağlı müxtəlif beynəlxalq təşkilatlara müraciət etməsinə baxmayaraq, ermənilərin ekologiyamıza qarşı törətdikləri terrorla bağlı qarşı heç bir ölçü götürülməyib. Ölkəmizə dəymiş ziyan təkcə bununla bitmir. İşğal dövründə ərazilərimizdə olan bütün infrastruktur, evlər, inzibati və sosial binalar tamamilə dağıdılıb, məhv edilib. Ötən illər ərzində Ermənistan işğal etdiyi Qarabağ ərazilərinə "bizimdir" desə də, yalnız bu torpaqlarda vandal hərəkətlərlə məşğul olublar. Ərazidə heç bir tikinti-abadlıq işləri aparılmayıb, əksinə bir milyon sakinin evləri, var-dövlətləri mənimsənilib, şəxsi əmlakları talan edilib. Ermənistanın hərbi təcavüzü nəticəsində bu ərazilər etnik təmizləməyə məruz qalıb, azərbaycanlı əhali öz doğma torpağından didərgin düşüb, 30 il ərzində qaçqın və məcburi köçkün həyatı yaşayıb. 

Millət vəkili Fazil Mustafa “Sherg.az”a söyləyib ki, Azərbaycan təzminat məsələsini hər zaman gündəmə gətirməlidir:

“Bütün Qarabağın bərpası Azərbaycan tərəfindən həyata keçirilir. Eyni zamanda dağıdılmış infrastruktur yenidən qurulur. Ermənistan isə həmin hadisələri törədən ölkə olaraq məsuliyyət daşımalıdır. Amma rəsmi İrəvan hələki belə bir məsuliyyəti dərk etmir. Azərbaycan beynəlxalq səviyyələrdə müəyyən instansiyalar qarşısında sözügedən məsələni qaldırmalıdır. Çünki təzminat məsələsi Ermənistan üçün dərs olmalıdır. Ermənistan başa düşməlidir ki, başqa ölkənin ərazisini işğal edəndə onun nəticələrinə qatlanmalıdır. Bu baxımdan Azərbaycanın mövqeyi əsaslı və doğrudur. Tərəflərin razılığı ilə təzminat məsələsi sülh gündəliyinə daxil edilə bilər. Hesab edirəm ki, həmin məsələdə Azərbaycan Ermənistanı israr etməlidir. Ermənistan bilməlidir ki, prespektivdə işğal duyğularıyla yaşamaq acı nəticələr verir”.