Ermənistanı bir -birinə düşmən olan tərəflər də silahlandırır...
Bu gün Nyu-Yorkda ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüşün keçirilməsi gözlənilir.
Ekspertlər isə hesab edir ki, gözlənilən görüşdən əhəmiyyətli nəticənin əldə olunması mümkün deyil.
Siyasi şərhçi Vüqar Dadaşov “Sherg.az”a açıqlamasında deyib ki, Azərbaycan Ermənistanla danışıqlarda üçüncü tərəfin iştirakına o qədər də isti yanaşmır, ancaq diplomatik və siyasi mədəniyyət nümayiş etdirərək üçüncü tərəfin təkliflərini rədd də etmir:
“Həmçinin, Azərbaycan Ermənistanla münasibətlərin, xüsusən də sülh müqaviləsinin imzalanması üçün konkret dəyişməz şərtlərini irəli sürüb hansı ki, Ermənistan ilk növbədə öz Konstitusiyasında və suverenlik aktında Azərbaycana qarşı olan ərazi iddialarını əks etdirən müddəaların ləğv etməlidir. Diğər vacib tələb isə ATƏT-in Minsk qrupu buraxılmalıdır. Ermənistan tərəfindən verilən rəsmi məlumata əsasən isə Ermənistanda Konstitusiyasında dəyişikliklər etməyi ancaq 2027-ci ildə planlaşdırır əlbəttə ki, Ermənistan fikrini dəyişməsə və Paşinyan hakimiyəti iqtidarda qalarsa. Nyu-Yorkda gözlənilən Bayramov Mirzoyan görüşü formal görüş olaraq prosesə təsir etməyəcək. Əlbəttə ki, görüşün ABŞ platformasında planlaşdırılması da Ağ evin təşəbbüsü ələ almağa cəhdi kimi görünür. Son dövrlər ABŞ başda olmaqla Qərb ölkələrinin Ermənistana maliyə və hərbi yardımını genişləndirib. Ermənistanı paralel olaraq Rusiya da silahlandırır. Sözsüz ki, hər iki tərəfin bi-birinə zidd maraqları var və Ermənistan manipulyasiya edilir. Təbii ki, rəsmi Bakı hər iki tərəfin gedişlərini və təşəbbüslərini dəyərləndirir, qiymətləndirir. Qərb və Rusiya Ermənistana maliyə və hərbi yardımını ayrı-ayrı nəticələrə hədəfləsə də, proses bir nəticəyə, yəni Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə hazırlayır. Əlbəttə ki, yeni müharibə ehtimalı 2020-ci il vətən müharibəsindən sonra ilk dəfə olaraq real xarakter almaqdadır”.
Siyasi şərhçinin sözlərinə görə, Gürcüstandakı proseslər, Rusiya Ukrayna müharibəsi, İsrailin Yaxın Şərqdəki, əməliyyatları bir başa Ermənistan Azərbaycan arasında münasibətlərin normallaşmasına təsir edən şərtlərdir:
“Danılmazdır ki, ABŞ-da keçiriləcək prezident seçkiləri də proseslərdə qeyri-müəyyənlik yaradıb. İranın isə Ermənistan və Azərbaycan münasibətlərinə, mümkün razılaşmalara təsir imkanları yoxdur hətta, İran həm siyasi-diplomatik, həm hərbi imkanları ilə özünün çarəsizliyini artıq gizlədə bilmir. Görünən də odur ki, İran artıq prosesdən kənarlaşdırılıb hərçənd ki, ara-sıra vərdiş etdiyimiz bəyanatları eşidə bilərik. Ən əsas məqam isə budur ki, ABŞ başda olmaqla Qərbin Azərbaycana qarşı mümkün təzyiqləri və hətta "sanksiya" hədələri fonunda və eləcə də Rusiya və Türkiyənin eyni mövqedən çıxış etməsi, Azərbaycanın hər iki tərəflə müttəfiqlik anlaşması, Ermənistan Azərbaycan münasibətlərinin xüsusən də Zəngəzur dəhlizi (komunikasiya), sərhədlərin delimitasiyasına məhz bu konteksdən həlli daha realdır. Ermənistanla sülh müqaviləsinə gəldikdə isə, Azərbaycan Ermənistan arasında hər hansı bir müqavilə imzalansa da belə, Ermənistana sovet dövründə qanunsuz verilmiş Azərbaycan torpaqları üzərində suverenlik hüququnu əks etdir müddəa, istinad olmayacaq”.