Rusiya, İran və Azərbaycanın enerji sistemlərinin birləşdirilməsi layihəsi texniki-iqtisadi əsaslandırılma mərhələsindədir.
“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.
Ötən ilin avqustunda Rusiyanın Energetika Nazirliyi bildirmişdi ki, Rusiya, İran və Azərbaycan elektrik enerjisi sistemlərinin birləşdirilməsinin texniki-iqtisadi əsaslandırması üzərində işi 2023-cü ilin sonuna qədər başa çatdırmaq barədə razılığa gəliblər.
"Bizim ümumi layihəmiz var, onu İrandan və Azərbaycandan olan dostlarımızla müzakirə edirik. Bu, bizim enerji sistemlərimizin birləşdirilməsi və vahid çalışmasıdır. Hazırda texniki-iqtisadi əsaslandırmanı nəzərdən keçiririk”, - Aleksandr Novak qeyd edib.
Baş nazirin müavini əlavə edib ki, söhbət Rusiyanın cənubunda elektrik enerjisi çatışmazlığından deyil, lazım gələrsə, elektrik enerjisinin qarşılıqlı mübadiləsindən, enerji sistemlərinin sinxron işləməsindən gedir. Məsələn, Rusiya ilə Belarus arasında olduğu kimi.
“Üçtərəfli layihə var və danışıqlarımızın, əlaqələrimizin gündəliyindədir. Bizim Energetika Nazirliyimiz hazırda onun üzərində işləyir”, - Aleksandr Novak vurğulayıb.