İcmanın bu hüquqların bərpası uğrunda mübarizəsi tamamilə ədalətlidir
“Ölkə başçısının bu mübarizəyə dəstək verməsi də bizim işimizi daha da sürətləndirir və əlimizi gücləndirir”
Azərbaycan dövlətinin növbəti tarixi hədəfi qeyd etdiyimiz kimi Qərbi azərbaycanlıların əzəli yurdlarına qayıdışının təmin edilməsidir. Bəli, bu gün Qərbi Azərbaycana qayıdış Azərbaycan xalqını mobilizasiya edən əsas faktor kimi özünü göstərir.
Torpaqlarımızın işğaldan azad edilməsi, Qarabağda erməni separatizminə son qoyulması və bütün ərazilərimiz üzərində Azərbaycanın milli suverenliyinin bərpa edilməsi, qazandığımız hərbi- siyasi zəfərlər təsdiq etdi ki, Azərbaycan özünün milli hədəflərinə çatmağı bacaran dövlətdir.
Düzdür, Azərbaycan cəmiyyətində Qərbi Azərbaycana qayıdış çağırışları həmişə olub. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında indiki Ermənistanın Azərbaycan ərazilərində yaradıldığını deyib. Lakin soydaşlarımızın tarixi torpaqlarımıza qayıdış inamı heç vaxt bu qədər real görünmürdü.
Prezident İlham Əliyev tərəfindən Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının irəli sürülməsi respublikamızda bu mövzuya konseptual baxışın yaranmasına səbəb olub. Təsadüfi deyil ki, bu gün Qərbi Azərbaycana qayıdış məsələsi milli ideyanın əsas hədəflərindən biridir. 2022-ci il dekabrın 24-də, öz ad günündə Qərbi Azərbaycan İcmasının inzibati binasını açaraq Qərbi azərbaycanlılara böyük hədiyyəsini təqdim edən Prezident İlham Əliyev bununla soydaşlarımızın Qərbi Azərbaycana qayıdış arzusunu daha da gücləndirdi.
Ölkə başçısının paytaxt Bakının mərkəzində saz-söz sənətinin uca zirvəsi Aşıq Ələsgərin xatirəsinə ucaldılan möhtəşəm abidənin açılış mərasimindəki çıxışı isə Qərbi Azərbaycana qayıdış çağırışını yeni mərhələyə yüksəldib. Prezident açılış nitqində çox mühüm mesajlar verdi və strateji hədəflərə diqqəti cəlb edərək bütün azərbaycanlıların vahid amal, milli hədəf uğrunda birləşməsinin formulunu aşağıdakı kimi ifadə etdi: "Bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək, biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik".
Bir daha məlum oldu ki, Azərbaycan Prezidentinin daim diqqət mərkəzində saxladığı əsas məsələlərdən biri xalqımızın öz tarixi irsinə sahib çıxması, milli keçmişimizə aid reallıqların öyrənilməsi və geniş təbliğ olunmasıdır. Bu, şübhəsiz ki, milli yaddaşın bərpası baxımından mühüm əhəmiyyətə malikdir.
Bəli, müstəqillik tariximizdə ilk dəfə olaraq top coğrafi-siyasi sərhədlərimizdən kənara çıxarılaraq tarixi torpaqlarımıza - konkret olaraq Qərbi Azərbaycana atılır, millət üçün hədəflər müəyyənləşdirilir.
Millət vəkili Musa Quliyev “Sherg.az"a açıqlamasında deyib ki, Bakının mərkəzində, gözəl bir parkda Azərbaycan aşıq-ozan sənətinin ən görkəmli nümayəndələrindən olan Aşıq Ələsgərin möhtəşəm abidəsinin ucaldılması Qərbi Azərbaycana, Göyçəyə, Ağkilsəyə qayıdışımıza inamımızın təcəssümüdür:
“Abidənin açılışında Prezident İlham Əliyevin iştirak etməsi və nitqi isə bir çox cəhətləri ilə əlamətdar tarixi hadisədir. Ölkə başçısı çıxışında Ağkilsə kəndində ermənilər tərəfindən dağıdılmış abidəsinin gələcəkdə bərpa olunacağına əminliyini bildirib. Aşıq Ələsgər uzun illər Qərbi Azərbaycanda və bölgənin digər yerlərində çalıb- çağırmış, el şənlikləri təşkil etmiş. O təkcə Azərbaycan saz-söz sənətinin uca zirvəsi deyil, eyni zamanda türk dünyasının azman sənətkarı, saz sənətinə, sözə, türklüyə və islam ədəb-ərkanına ləyaqətlə xidmət etmiş, böyük məktəb yaratmış, bölgənin adını da öz adına və şöhrətinə layiq təmsil və tərənnüm etmiş, dövrünün Dədə ünvanını almış, el ağsaqqalı, ictimai xadimdir.
Məhz indiki zamanda onun paytaxtın mərkəzi yerlərindən birində Aşıq Ələsgərə abidə qoyulmasının mənəvi tərəfləri ilə yanaşı, həm də siyasi əhəmiyyəti var. Azərbaycan xalqının öz tarixinə və mədəniyyətinə olan bağlılığını ifadə etmək istiqamətində xüsusi əhəmiyyəti ilə seçilən bu abidə həm Aşıq Ələsgərin xatirəsini yaşatmaq baxımından, həm də tarixən Qərbi Azərbaycan torpaqlarında yaradılmış milli mədəniyyətimizin qorunub-saxlanması və yaşadılması baxımından mühüm strateji əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin də açılışda dediyi kimi, Ələsgərin doğulub- böyüdüyü Göyçə mahalı bu gün işğaı altındadır. Aşığın soydaşları olan Qərbi azərbaycanlılar isə 35 ildən çoxdur ki, ata-baba yurdlarından qaçqın düşüblər.
Bu baxımdan prezidentin Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıdacağına olan inamını ifadə etməsi bizim üçün böyük motivasiya mənbəyidir. Xüsusən də, “biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik" mesajları qarşıda bizi gözləyən çox ciddi vəzifələrdən xəbər verir. Hər kəsin doğulub-böyüdüyü torpaqlarda, ana Vətənində yaşamaq haqqı var. Ermənilər isə Qərbi azərbaycanlıların bu haqqını pozub. Bu baxımdan Qərbi Azərbaycan İcmasının onların bu hüquqlarının bərpa edilməsi uğrunda mübarizəsini tamamilə ədalətli hesab edirəm. Ölkə başçısının bu mübarizəyə dəstək verməsi də bizim işimizi daha da sürətləndirir və əlimizi gücləndirir”.
Millət vəkilinin sözlərinə görə, Bakıda Aşıq Ələsgərə əzəmətli abidənin ucaldılmasının siyasi tərəfi də məhz bununla bağlıdır. Aşıq Ələsgər Göyçənin, Qərbi Azərbaycanın simvoludur:
“O təkcə Göyçədə və Ermənistan SSR-də deyil, Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda böyük şöhrəti və ictimai nüfuzu ilə erməniləri həmişə narahat edib. Məhz buna görə də 1971-ci ildə Göyçə camaatı Aşıq Ələsgərin anadan olmasının 150 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi təşəbbüsünü irəli sürəndə Ermənistan SSR hökuməti müxtəlif bəhanələrlə tədbirin keçirilməsini əngəlləməyə çalışıb.
Abidənin önəmli cəhətlərindən biri də məkan seçimi ilə bağlıdır. Abidə müəllifi Xalq rəssamı Natiq Əliyevin dəqiq müşahidəsinə görə, yer elə seçilib ki, günün bütün vaxtlarında abidənin üzərinə günəş şüaları düşür və Aşıq Ələsgər sənətinin işığını daim ürəklərə səpələyir. Aşıq Ələsgərin abidəsinin üzü Qərbi Azərbaycana, Göyçəyə, Ağklisəyə tərəf qoyulması həm də o yurdlara qayıdışımıza inamımızın təcəssümüdür. 44 günlük müharibədə Azərbaycan ordusunun 30 illik erməni işğalına son qoyub ərazi bütövlüyümüzü, 23 saat ərzində həyata keçirilən antiterror əməliyyatları nəticəsində isə suverenliyimizi bərpa etməsi Ermənistana və onun havadarlarına çox ciddi bir mesaj olmalı idi. 2020-ci il 10 noyabr tarixində imzalanan Kapitulyasiya Aktında Ermənistan öz üzərinə bir sıra öhdəliklər götürmüşdü. Lakin aradan 4 illik bir zaman keçməsinə rəğmən öhdəliklərini yerinə yetirməyib. Həmin öhdəliklərdən biri Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkərək sülh bağlaması, kommunikasiyaların açılması, sərhədlərin delimitasiya prosesinin sürətləndirilməsi ilə bağlı idi. Hazırda isə yalnızca sərhədlərin delimitasiyası ilə bağlı ləng də olsa müəyyən addımlar atılır. Lakin Ermənistan rəhbərliyi müxtəlif bəhanələrlə Sülh müqaviləsini imzalamaqdan yayınır, sürətlə silahlanır. Bölgəyə aidiyyəti olmayan beynəlxalq qüvvələrin bölgəyə gəlməsinə, yenidən gərginlik ocağını alovlandırmağa çalışır. Halbuki Azərbaycanın gücü və 44 günlük müharibədən nəticə çıxarmalı idilər”.
Deputat hesab edir ki, Aşıq Ələsgərin abidəsinin açılışında Prezident İlham Əliyevin verdiyi mesajlar Azərbaycanın ədalətli sülhün, haqqın tərəfdarı olduğunu göstərir:
- Həmin mərasimdə gənc Heydər Əliyevin iştirak etməsi də simvolik məna daşıyır. Bu o deməkdir ki, harada doğulmasından asılı olmayaraq bütün Azərbaycan gəncləri Qərbi Azərbaycana qayıdış konsepsiyasını dəstəkləyirlər. Mən bu gün Aşıq Ələsgərin abidəsinin açılış mərasimində iştirak edərkən bir daha qəti əmin oldum ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə biz mütləq Zəngəzura dönəcəyik, Uruda qayıdacağıq!