Parlamentari: Azərbaycana qarşı hücumlar vahid mərkəzdən təşkil edilir

Məqsəd ədalətin bərqərar olması yox, Ermənistan üzərindən Cənubi Qafqazda xarici dairələrin maraqlarını təmin etməkdir


  Hazırda Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun gündən-günə artmasının və gənc müstəqil dövlətimizin regionda söz sahibinə çevrilməsinin dünyadakı anti-Azərbaycan qüvvələri ciddi şəkildə narahat etdiyi danılmaz faktdır. Məhz bu səbəbdən də Azərbaycanın dinamik inkişafı erməni lobbisini və onun nəzarətində olan qüvvələri narahat edir. Onlar Azərbaycanın ünvanına heç bir əsası olmayan cəfəngiyatlar səsləndirməkdə davam edirlər.
Bütün bu təzyiqlərə rəğmən Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Eyni zamanda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. 
Lakin “Amnesty İnternational”, “Freedon House”, “Human Rights Watch” kimi beynəlxalq statuslu “hüquq müdafiə təşkilatları” sinxron davranaraq həmişə Azərbaycan haqqında yanlış məlumatlar yayır, qərəzli olaraq mətbuat azadlığı üzrə reytinq cədvəlində ölkəmizi son sıralarda yerləşdirir. Azərbaycan üzərindən planlarının həyata keçmədiyini görən sözdə “demokratiya cəngavərləri” son bir ildə Gürcüstanı da hədəf ölkə seçiblər. Gürcüstana yönəlik bəyanatları intensivləşən jurnalist təşkilatlarının əsassız bəyanatlarından  aydın şəkildə görünür ki, çevik və total hücumlar təşkil etməklə, qonşu dövləti qlobal ictimai rəyin hədəfinə çevirmək, hansısa güzəştlərə sövq etmək istəyirlər. Gerçəklik isə budur ki, Gürcüstanı “söz və ifadə azadlığını pozduğuna görə” ittiham edən hesabatlar hazırlamaq yönündə təlimatlandırılıblar. Oktyabrın 3-də “Faktaraşdırıcı missiya” adından yayımlanmış hesabatdan belə görünür ki, koalisiya dərin araşdırma aparmayıb. Qarşısına çıxan istənilən faktı tərsinə şərh edərək, Gürcüstan hakimiyyətinin əleyhinə olan arqument kimi sənədləşdirib. 
  Cənubi Qafqazda yerləşən 3 dövlətdən birini himayə edib, digər ikisinə qarşı ikiüzlü və qərəzli siyasət yeridən  “hüquq müdafiə təşkilatları”nın bu addımını şərh edən icmalçılar hesab edir ki, Qərbdə mənzillənən “insan haqları təşkilatları”nın indiki halda Gürcüstanı hədəf seçmələrinin səbəbi ölkədə insan haqları pozuntusu ilə bağlı deyil. Onların  təşvişi oktyabr ayının 26-da keçiriləcək parlament seçkiləri ilə bağlıdır. Qərbin boyunduruğunda sürünən siyasi qrupların bu seçkilərdə qələbəsini təşkil etmək üçün suyu bulandırır,  “insan haqları”, “söz və ifadə azadlığı” mövzusunu öz məqsədləri naminə manipulyasiya edirlər. Gürcüstana yönəlik indiki qara piar kampaniyası bu siyasətin bir elementidir.
  Yuxarıda qeyd etdiyimiz kimi, riyakarlıq təkcə Gürcüstana qarşı münasibətdə deyil, Azərbaycana yönəlik siyasətdə də özünü büruzə verir. Bunu görmək üçün uzaq tarixə boylanmağa lüzum yoxdur. Son bir ay ərzində baş verənlər kifayət qədər nümunə yaradır. 27 sentyabr-04 oktyabr 2024 tarixdə Avropa Şurası Parlament Assambleyasının payız sessiyası keçirilən zaman, Azərbaycanın özünün iştirakı təmin edilmədən, “Azərbaycanda insan haqları üzrə “ dinləmələr keçirilib. Avropa Şurası Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Liz Kristoferson Bakıda həbsdə olan “Qarabağ liderlərinin” işgəncəyə məruz qaldığını, həmçinin “Qarabağda ermənilərə qarşı etnik təmizləmə tətbiq edildiyini” dilə gətirib. 

  Millət vəkili Elçin Mirzəbəyli isə  “Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycana qarşı hücumlar vahid mərkəzdən təşkil edilir:
 “ Prosesin mahiyyətinə baxdıqda da bizi təəccübləndirən hər hansı bir məqam olmadığı görünür. 30 illik işğal dövründə  bu qəbildən olan təzyiqlərlə  Azərbaycanı təslimçi sülhlə barışdırmaq niyyəti güdürdülər. İndiki şəraitdə isə Ermənistanla fundamental prinsiplərin yer almadığı bir müqavilənin imzalanmasını, həmçinin onların iddialarına uyğun olaraq azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı təmin olunmadan, Azərbaycan ərazilərini könüllü tərk edən  ermənilərin qayıdışı ilə bağlı məqamların həmin müqaviləyə salınmasını istəyirlər. Azərbaycana qarşı təşkil edilən kampaniyaların arxasında da məhz bu faktor dayanır. 
Azərbaycanın yanaşması beynəlxalq hüquq prinsiplərinə  söykəndiyi halda Ermənistanın Konstitutsiyasında başqa bir ölkənin ərazilərinin   ilhaq edilməsinin nəzərdə tutulması  BMT Nizamnaməsinə zidd bir haldır. Normal şərtlərdə  sadəcə bu maddə səbəbindən belə Ermənistana qarşı müvafiq addımlar atılmalı idi. Mən hələ işğal dönəmində Ermənistanın törətdiyi ağır müharibə cinayətlərini, humanitar hüququn norma və prinsiplərinin pozulmasını, etnik təmizləmə və soyqırımı cinayətlərini demirəm”.

  Millət vəkili deyib ki, əgər söhbət ədalətin bərqərar olmasından gedirsə, ilk növbədə Qərbi azərbaycanlıların öz torpaqlarına qayıdışı təmin olunmalıdır: 
“Ermənistan hökuməti onlara yaşatdığı məhrumiyyətlərə görə təzminat ödəməlidir. Daha sonra isə Ermənistan Azərbaycan torpaqlarında törətdiyi ağır  cinayətlərə görə Azərbaycan dövlətindən və Azərbaycan xalqından üzr istəməli və məsuliyyət daşıdığını etiraf etməlidir. Bu artıq məsələyə ədalətli baxış bucağının ortaya çıxmasına zəmin yaradardı.  Deməli, məqsəd ədalətin bərqərar olması  yox, Ermənistanı himayə etmək və ermənilər üzərindən  Cənubi Qafqazda xarici dairələrin  maraqlarını təmin etməkdən ibarətdir”.