Politoloq: Dostlarımız da artacaq, sözümüzün gücü də...

COP29 Azərbaycanın qlobal arenada etibarlı tərəfdaş olduğunu bir daha sübut edəcək

“Erməni lobbisinin muzdlu sifarişlərini yerinə yetirən anti-Azərbaycan qüvvələrin qarayaxma və dezinformasiya üsullarına qarşı hazırlıqlı olmalıyıq”


  Ölkəmizin COP29-un təşkil olunması istiqamətində apardığı fəaliyyət hamı tərəfindən yüksək qiymətləndirilir. Bakıda səfərdə olan BMT Baş katibinin müavini Amina Mohammed və bir sıra ölkələrin iqlim və ekologiya nazirləri də bu həqiqəti təsdiqləyir və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar hazırlıq proseslərinə, Azərbaycanın COP29 Sədrliyinə dəstəklərini ifadə edirlər. Ötən gün Bakıda fəaliyyətə başlayan BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransında (Pre-COP29) çoxsaylı xarici qonaqların iştirakı da bu dəstəyin ifadəsidir. 
  Konfransa qatılan əksər qonaqlar Azərbaycanın COP29 Sədrliyində çoxşaxəli əməkdaşlıqların gerçəkləşəcəyini və ümumiyyətlə, COP29-un Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizəyə mühüm töhfə verməsi üçün fürsət olacağını və bunun uğurlu nəticələrə gətirib çıxaracağını bildirirlər. Dünyanı mövcud iqlim böhranından xilas etmək kimi əhəmiyyətli bir vəzifənin Azərbaycana həvalə edildiyini vurğulayan Pre-COP29 iştirakçıları Bakının ev sahibliyi edəcəyi COP29 tədbirinin mükəmməl olacağına və qlobal istiləşməyə qarşı mübarizədə mühüm rol oynayacağına əminliklərini ifadə edirlər. 
  Prezident İlham Əliyev də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransının (Pre-COP29) iştirakçılarına ünvanladığı müraciətində qlobal iqlim fəaliyyətinə dəstək vermək əzmimizin COP29 tədbirinə ev sahibliyi etmək üçün namizədliyimizin irəli sürülməsinə gətirib çıxardığını vurğulayıb və bunu ölkəmizə qarşı yüksək inamın, etimadın təzahürü kimi qiymətləndirib: “Mən Azərbaycana verilən yekdil dəstəyi beynəlxalq ictimaiyyətin ölkəmizə olan inamının təzahürü hesab edirəm. Biz fəxr edirik ki, Cənubi Qafqazda və daha geniş regionda ilk COP Azərbaycanda keçiriləcək”.
  Cənab Prezident Pre-COP29 iştirakçılarına müraciətində COP29-un təşkilatçısı və ev sahibi olaraq Azərbaycanın bu qlobal tədbir üzrə əsas hədəfini, prioritetini də açıqlayıb. O bildirib ki, Azərbaycan kiçik ada dövlətlərinə kömək etməyi özünə mənəvi borc hesab edir və onlara həm maddi, həm də siyasi dəstək verilməsi üçün səylərini əsirgəmir: “Biz inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün iqlim dəyişmələrinin səbəb olduğu çağırışların həllini prioritet olaraq müəyyənləşdirmişik. Azərbaycan bu dövlətlərə kömək etməyi özünə mənəvi borc hesab edir və onlara həm maddi, həm də siyasi, o cümlədən Millətlər Birliyi təşkilatı çərçivəsində dəstək göstərir”.
  Ancaq bununla belə, onu da qeyd etməliyik ki, Azərbaycanın uğurlarını həzm edə bilməyən bəzi dairələr COP29-un işinə mane olmaq və Azərbaycana qarşı qarayaxma kampaniyasını daha da genişləndirmək üçün bu son günlərdə çox fəallaşıblar. Dövlətimizin başçısı sözügedən müraciətində bu məsələyə də münasibət bildirdi və eyni zamanda qəti əminliklə bəyan etdi ki, bu cür məkrli fəaliyyətlər bizi öz nəcib missiyamızı həyata keçirməkdən çəkindirə bilməz: “Burada bəzi media qurumlarının Azərbaycanın imicini ləkələmək məqsədi daşıyan qarayaxma kampaniyasına toxunmaya bilmərəm. Bu cəhdlər əbəsdir və bizi iqlim dəyişmələrinin mənfi təsirləri ilə mübarizə aparmaq üçün nəcib missiyamızı həyata keçirməkdən çəkindirə bilməz”.

  Mövzu ilə bağlı “Sherg.az"a açıqlama verən politoloq Əlisahib Hüseynov 
 erməni lobbisinin muzdlu sifarişlərini yerinə yetirən anti-Azərbaycan qüvvələrin qarayaxma və dezinformasiya üsullarına yaxşı bələd olduğumuzu və ona görə də COP29 ərəfəsində Azərbaycana qarşı informasiya hücumlarına hazır olduğumuzu deyib: 

“COP29 həm də xeyirlə şərin mübarizə platformasına çevrilməkdədir. Belə ki, Azərbaycan COP29-un timsalında bütün planeti narahat edən qlobal iqlim dəyişikliyi məsələlərinin müzakirəsinə ev sahibliyi etməyə hazırlaşır, lakin anti-Azərbaycan qüvvələr isə COP ərəfəsində öz destruktiv davranışları ilə bu mötəbər iqlim konfransını siyasiləşdirməyə, dünya erməniçiliyinin maraqlarını fəal surətdə müdafiə etməyə cəhd göstərirlər. Prezident İlham Əliyev isə  COP29 öncəsi tədbirinin iştirakçılarına müraciətində bütün mütərəqqi qüvvələri bəşəriyyət naminə əməkdaşlığa çağırdığnı bəyan etdi. Prezidentin çağırışı bir daha göstərir ki, Azərbaycan COP29-un təşkilatçısı kimi öz missiyasını uğurla yerinə yerinə yetirmək əzmindədir. Bəli, iqlim dəyişmələri bütün qitələrin ölkələrinə təsir edir, bütün dünyada insanların yaşayışına mənfi təsir göstərir və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində tərəqqiyə mane olur. Lakin Prezident İlham Əliyevin də vurğuladığı kimi, beynəlxalq ictimaiyyətin uğursuzluğa düçar olmağa ixtiyarı yoxdur, qlobal iqlim dəyişikliklərinin fəsadlarını aradan qaldırmaq üçün hamı birləşməli və Yeni Kollektiv Kəmiyyət Hədəfi ilə bağlı razılaşma əldə olunmalıdır. Bu mənada COP29-da bizim ümumi uğurumuz kimi tarixə düşəcək tarixi razılaşma – “Bakı Sazişi” imzalana və beləliklə, qlobal həmrəylik nümunəsi ortaya qoyula bilər. Bəşəriyyətin taleyi qlobal həmrəyliyin təmin olunmasından asılıdır”.
 
 Politoloq qeyd edib ki, bu tədbirin ölkəmizdə keçirilməsinin birbaşa, uzunmüddətli və çoxşaxəli əhəmiyyəti böyük olacaq:
 “COP29-un açılış mərasiminə 50-dən çox dövlət və hökumət başçısı təşrif buyuracaq. Onların arasında ilk dəfə ölkəmizə gələcək dövlət başçıları da olacaq. Beləliklə, dünya liderləri Azərbaycanı daha yaxından tanımaq imkanına malik olacaqlar. Beləliklə, Azərbaycana gələcək qonaqlar uzun müddət ərzində Ermənistanın torpaqlarımızı işğal altında saxlayaraq beynəlxalq hüququ pozduğunu, öz gücümüzlə ölkəmizin ərazi bütövlüyünü təmin etdiyimizi, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasını, sülh təşəbbüskarı olduğumuzu və Qərbin ölkəmizə qarşı sərgilədiyi münasibətin ikiüzlülük və riyakarlıq olduğunu öz gözləri ilə görəcəklər. Bu da Azərbaycanın dünyada dostlarının sayının artmasında və beynəlxalq mövqelərinin möhkəmlənməsində əhəmiyyətli rol oynayacaq. COP29 Azərbaycanın qlobal arenada etibarlı tərəfdaş olduğunu bir daha sübut edəcək və sözümüzün gücünü artıracaq”.