Paşinyan yarımçıq sülhə imza atmağa çalışır -RƏY

Baş nazirin gələcəyə saxlamaq istədiyi bəndlər Ermənistana yenidən müharibə etmək üçün hər zaman imkan yaradacaq

  Amerika Birləşmiş Ştatları Azərbaycan və Ermənistan arasında mümkün sülh sazişini heç vaxt COP29 ilə əlaqələndirməyib. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı bildirib. Miller deyib ki, onlar heç vaxt razılaşmanı COP29-la əlaqələndirməyiblər: "Biz bir neçə ay əvvəl sülh sazişini görmək istəyirdik, həmçinin bu sazişin əldə olunmasına çalışırdıq. Ancaq bu, ABŞ-nin deyil, tərəflərin işidir". Xatırladaq ki, sentyabrın 26-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Nyu-Yorkda görüş keçiriblər. Tərəflər mümkün qısa müddət ərzində Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər. Bu arada Ermənistan parlament rəhbəri Alen Simonyanla Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova arasında Cenevrədə planlaşdırılan görüş ləğv edilib. Erməni tərəfi Azərbaycanı əsassız yerə ittiham etsə də, Bakının indiki şəraitdə mənasız görüşlərə razılıq verməməsi müəyyən səbəblərlə bağlıdır. Simonyan və Ermənistan rəhbərliyinin son zamanlar Azərbaycana qarşı sərgilədiyi qeyri-konstruktiv ritorika ortadadır. Azərbaycan tərəfi rəsmi görüşlərə yanaşmalarında konstruktiv dialoqu dəstəkləyir və Ermənistanın təxribatçı açıqlamaları və davranışları ilə bu mühitə zərbə vurduğu qənaətindədir. Xatırladaq ki, son zamanlar Alen Simonyan öz çıxışlarında Azərbaycana qarşı sərt bəyanatlar səsləndirib. 

  Millət vəkili Azər Badamov "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyan oktyabrın axırına kimi sülh müqaviləsini imzalamağa hazır olduğunu bildirsə də, bu müqavilənin imzalanması üçün müəyyən olunmuş şərtləri icra etmək istəmir. Deputat vurğulayıb ki, Paşinyan razılaşdırılmamış məsələləri gələcəyə saxlamaqda təklif edir: 

"Sual olunur ki, razılaşdırılmamış 3-4 bəndi gələcəyə saxlamaqda Ermənistanın məqsədi nədir? Paşinyanın gələcəyə saxlamaq istədiyi bəndlər Ermənistana yenidən müharibə etmək üçün hər zaman imkan yaradacaq. Ona görə də əsas tələbimiz Ermənistanın müstəqillik aktında Azərbaycanın ərazilərinə olan iddianın çıxarılmasıdır. Paşinyan hətta yarımçıq sülh müqaviləsi imzalasa belə, imzalayacağı sənəd ölkəsinin konstitusiya aktından üstün olacaqmı? Əlbəttə, xeyr. Hər bir ölkə imzaladığı beynəlxalq sənədləri və qəbul etdiyi qanunları konstitusiyaya uyğunlaşdırmalıdır. Amma Paşinyanın təklif etdiyi müqavilə sənədi Ermənistan konstitusiyasının əksinə olacaq və bir müddətdən sonra Konstitusiya Məhkəməsi tərəfindən qanunsuz hesab edilərək kağız parçasına çevriləcək. Bu baxımdan Azərbaycanın tələbi beynəlxalq hüquqa söykənir. İki ölkə arasında davamlı sülhün əldə olunmasına hesablanıb". 

  Parlament üzvü vurğulayıb ki, digər məsələ Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciətin ünvanlanmasıdır:
 "Minsk qrupu yaradılanda məqsəd münaqişəni sülh yolu ilə həll etmək və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin suverenliyini bərpa etmək idi. Azərbaycan bu məsələni hərbi, siyasi yollarla həll edib. Azərbaycanın ərazi bütövlüyü bərpa olunub, həm də münaqişə başa çatıb. İndi sülh prosesi dövrüdür və iki ölkə arasında diplomatik kanallar vasitəsilə kənar iştirakçılar olmadan məsələlər müzakirə olunur. Belə olan halda Minsk qrupu niyə ləğv olunmasın? Bu məsələyə razılıq verməməsi Ermənistanın çirkin niyyətlərindən əl çəkmədiyinin göstəricisidr. Paşinyan yarımçıq sülh istəyir ki, istədiyi vaxt yenidən gərginliyi yarada bilsin. Azərbaycan isə yarımçıq sülhün tərəfdarı deyil. Parlament sədrimiz hörmətli Sahibə xanım Qafarovanın Ermənistan parlamentinin sədri ilə Cenevrədə görüşünün mənasız olacağını bildiyi üçün bu təmasdan imtina etdiyini hesab edirəm. Görüşlər nəticəyönümlü olmalıdır. Görüş xatirinə mənasız görüşün əhəmiyyəti yoxdur. Təbii ki, danışıqlar prosesinin uzanması və sülh müqaviləsinin imzalanmaması regionda vəziyyəti yenidən gərginləşdirə bilər. Ermənistan bu gün sürətlə silahlanır və arxasında dayanan ölkələrə arxalanaraq ruhlanıb sülh müqaviləsini manipulyasiya edir. Amma unutmamalıdırlar ki, yenidən müharibə baş verərsə, onların yerinə heç kim gəlib Azərbaycan əsgəri ilə vuruşmayacaq. Ona görə də Paşinyan revanşizm meyillərinin nəticələrinin necə ola biləcəyini indidən düşünməli və regionda vəziyyəti yenidən gərginləşdirəcək meyillərdən uzaq olmalıdır".