BRİKS müasir dövrdə ən perspektivli platformadır - TƏHLİL

Azərbaycanın belə bir təşkilatda iştirakçılığı beynəlxalq münasibətlərə yanaşma prinsiplərimizə çox uyğundur

 BRİKS artıq dünyanın qarşılıqlı fəaliyyət ehtiyacından yaranmış çox güclü beynəlxalq bir quruma çevrilməkdədir. Bir çox siyasi ekspertlər belə hesab edirlər ki, BRİKS yaxın vaxtlarda yeni iqtisadi nizamın və dünyanın müxtəlif ölkələri arasında iqtisadi əlaqələr sisteminin mühüm aləti olacaq. Doğrudur, G7-dən fərqli olaraq, bu quruma üzv olan və üzv olmağa çalışan ölkələrin bir-birindən fərqli siyasi və iqtisadi modelləri var. Ancaq bu, qurumun qarşıya qoyduğu məqsədlərə çatmağa heç də mane olmur. Hazırda gündəmdə olan BRİKS+ platformasının perspektivləri çox müsbətdir.

 Bugünədək dünyanın bir çox ölkəsi bu assosiasiyaya qoşulmaq və ya onunla fəal dialoq qurmaq arzusunu ifadə edib. Azərbaycan da bu ölkələr sırasınadır. Ölkəmizin təşkilata üzv olmaq niyyəti hələ iyulun əvvəlində, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən sammiti zamanı bəyan edilmişdi. Həmin zirvə görüşündə Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın yaradılmasına dair birgə bəyannamə qəbul edilmişdi. Sənəddə qeyd olunmuşdu ki, Azərbaycan BRİKS-ə qoşulmaq arzusunu ifadə edir və Çin belə əməkdaşlığı alqışlayır. Azərbaycan hər zaman vurğulayıb ki, müdaxilə etməyən və qarşılıqlı fayda prinsiplərinə əməl edən dövlətlərarası assosiasiyaya qoşulmaqda maraqlıdır. Azərbaycanın siyasi elitası həm ikitərəfli münasibətlərdə, həm də çoxtərəfli formatlarda dialoqa, əməkdaşlığa can atır və bunu müstəqil siyasətin əsas prinsipi hesab edir. Vacib olan məqamlardan biri ondan ibarətdir ki, BRİKS Qərbin şərtləri diktə etdiyi təşkilatlardan fərqli olaraq, iştirakçı ölkələrin suverenliyini məhdudlaşdırmır, əksinə, onlara yeni imkanlar verir.  


Prezident İlham Əliyev BRİKS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxışı zamanı deyib ki, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır. Bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib: "Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir. Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq". Dövlət başçısı qeyd edib ki, növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq: "Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik. 
Azərbaycan Qoşulmama Hərəkatında fəaliyyətini də uğurla davam etdirir. Dövlətimiz ŞƏT-də dialoq üzrə tərəfdaş statusuna da malikdir. Bundan əlavə, Azərbaycan ŞƏT-in köməyi ilə Şərq-Qərb və Şimal-Cənub dəhlizləri kimi regional kommunikasiya layihələrinin həyata keçiriləcəyi mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilə bilər. Əminliklə vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin yüksək qətiyyəti və dərin zəkası sayəsində Azərbaycan çoxvektorlu xarici siyasət xəttini fəal şəkildə inkişaf etdirməklə, beynəlxalq aləmdə öz mövqelərini möhkəmləndirməyə çalışır. 
Əlavə olaraq qeyd edək ki, BRİKS ölkələri ilə xarici ticarət dövriyyəsi keçən il 9,78 milyard dollar, yəni 2022-ci illə müqayisədə 13,5 faiz və ya 1,16 milyard dollar çox olub. Cari ilin birinci yarısında isə həmin göstərici 4,96 milyard dollara yüksəlib. Bu rəqəmin ilin sonunadək 6 milyard dollara yaxınlaşacağı proqnozlaşdırılıb. Azərbaycanın BRİKS ölkələri ilə xarici ticarət əlaqələrinə diqqət etsək, bu ölkələr ilə ticarət tərəfdaşlığının daha çox idxal məhsulları üzrə olduğunu görərik. Onu da xatırladaq ki, 2021-ci və 2022-ci illərdə Azərbaycanın BRICS ölkələrinə ixrac məhsullarının həcmində artım qeydə alınıb. Cari ilin birinci yarısında isə ixracın həcmi 1,18 milyard dollara yüksəlib. Ümumilikdə, son 5 il 6 ayda ölkəmizin xarici ticarət dövriyyəsinin həcmi 217,3 milyard dollar olub və bunun da 19,49 faizi və ya 42,3 milyard dolları BRİKS ölkələri ilə xarici ticarətin payına düşüb. Xatırladaq ki, BRİKS təşkilatı 2009-cu ildə Rusiyanın təşəbbüsü ilə Braziliya, Hindistan və Çinin birgə yaratdığı hökumətlərarası qurumdur. 2010-cu ildə bu təşkilata Cənubi Afrika Respublikası da qoşulub. 2023-cü ildə isə Argentina, Misir, Efiopiya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri quruma qoşulmaq üçün müraciət edib və Argentinadan başqa bütün namizədlər 2024-cü il yanvarın 1-dən BRICS üzvü qəbul ediliblər. Argentinanın təşkilata üzv olmamasının səbəbi isə 2023-cü ilin sonunda bu ölkədə hakimiyyət dəyişikliyi və yeni hakimiyyətin BRICS liderlərinə məktub ünvanlayaraq üzvlükdən imtina etməsi olub. Azərbaycanın da qoşulmaq istədiyi bu təşkilata daha 27 ölkə üzv olmaq istəyir. 


Siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu "Sherg.az"a açıqlamasında deyib ki, BRİKS müasir dövrdə ən perspektivli beynəlxalq təşkilat, platformadır. Professor vurğulayıb ki, adambaşına düşən gəlirin 45 faizini BRİKS ölkələri təşkil edir:

 "BRİKS-in əhatə etdiyi ərazi isə dünyanın quru hissəsinin 30 faizini təşkil edir. Bütün bunlar onu göstərir ki, BRİKS çox unikal əməkdaşlıq imkanı yaradır. BRİKS dövlətlərin milli maraqlarını uğurla qoruya biləcəyi bir platformadır. Olduqca uğurlu platformadır. BRİKS-in fəaliyyətində istinad olunan əsas prinsip çoxqütblülükdür. Dünya dövlətlərinin, xalqlarının maraqlarının, bərabərhüquqların qorunduğu, əməkdaşlıq imkanlarının olduğu bir platformadır. Azərbaycanın belə bir platforma çərçivəsində iştirakçılığı beynəlxalq münasibətlərə yanaşma prinsiplərimizə çox uyğundur. Çünki biz dünya dövlətləri bərabərhüquqlu, qarşılıqlı maraqların gözlənilməsi daxili işlərə qarışmama prinsiplərini rəhbər tutaraq xarici siyasət kursuna üstünlük veririk. Məhz BRİKS platformasında da əsas istinad olunan prinsiplər bundan ibarətdir. Azərbaycan BRİKS platformasında iştirak etməklə hər şeydən öncə nümayiş etdirdi ki, milli maraqları çərçivəsində tam müstəqil siyasət həyata keçirir. Bildiyimiz kimi Qərb dairələri BRİKS-in genişlənməsindən çox ciddi narahatlıq duyurlar. Amma Azərbaycan dünya dövlətləri ilə konstruktiv əməkdaşlığa hər zaman üstünlük verir. BRİKS üzvü ölkələrlə Azərbaycanın kifayət qədər inkişaf etmiş münasibətlər sistemi mövcuddur. Məsələn, Rusiya və Çinlə Azərbaycan arasına qarşılıqlı maraqlara cavab verən siyasi əlaqələr, əməkdaşlıq var. Rusiya-Azərbaycan arasında müttəfiqlik haqqında qarşılıqlı sənəd imzalanıb. Çin-Azərbaycan arasında strateji tərəfdaşlıq sənədi mövcuddur. Nəzərə alaq ki, BRİKS-də iştirak edən ölkələrin iqtisadi göstəriciləri bütövlükdə dünya üzrə ən yüksək göstəricilərdir və perspektivlidir. Azərbaycan öz maraqlarına cavab verən, əməkdaşlıq imkanları geniş olan bütün platformaların imkanlarından yararlandığı kimi BRİKS-in imkanlarından da faydalanacaq".