İsrail Prezidenti İshaq Hersoq COP29-da iştirak üçün 19 noyabrda Bakıya planlaşdırılan səfərini ləğv edib. İsrail Prezidentinin Ofisi səfərin ləğvinə səbəb kimi təhlükəsizlik məsələlərini göstərib.
“Caliber.az” Azərbaycan Xarici İşlər Nazirliyindəki yüksək vəzifəli mənbəyə istinadla İshaq Hersoqun Azərbaycana səfərinin ləğv edilməsinin səbəbinin heç də təhlükəsizlik məsələsi olmadığını açıqlayıb.
“Dəfələrlə böyük regional və dünya tədbirlərinə (Avroviziya, Avropa Oyunları, Qoşulmama Hərəkatının sammiti və s.) ev sahibliyi edən Azərbaycanda təhlükəsizlik yüksək səviyyədə təmin edilir. Mübaliğəsiz demək olar ki, Bakı dünyanın ən təhlükəsiz şəhərlərindən biridir. Bunu bu il mayın 30-da Bakıda səfərdə olan Prezident Hersoq da daxil olmaqla, çoxlu sayda İsrail rəsmisi, o cümlədən ölkənin ali rəhbərliyinin Azərbaycana gəlməsi də təsdiqləyir. Baş nazir Netanyahu da 2016-cı ildə Azərbaycana bir günlük səfərə gəlmişdi”, - məlumatda bildirilib.
Qeyd edilib ki, Azərbaycanda COP29-un keçirilməsi ilə əlaqədar on minlərlə qonağın və yüzə yaxın dünya liderinin və yüksək səviyyəli nümayəndə heyətlərinin rəhbərlərinin ölkəyə gəlməsi kontekstində də misli görünməmiş təhlükəsizlik tədbirləri həyata keçirilir.
Siyasi şərhçi Aqil Məmmədov isə “Sherg.az”a açıqlamasında deyib ki, İsrail prezidentinin Azərbaycana səfərinin təxirə salınması məsələsi İsrail mətbuatı tərəfindən təhlükəsizliklə əlaqələndirilir. Lakin bu təhlükəsizlik narahatlıqları Bakı ilə bağlı deyil, səfər marşrutu ilə bağlıdır:
“Dövlət başçılarının həm yerüstü, həm də hava hərəkəti ciddi təhlükəsizlik tədbirləri çərçivəsində həyata keçirilir. Bu prosesdə marşrut əvvəlcədən müəyyənləşdirilir və müvafiq ölkələrə diplomatik kanallar vasitəsilə nota ilə çatdırılır. Hər bir ölkə, 1 nömrəli bortun onun hava məkanına daxil olmasından etibarən, onu tərk edənə qədər təhlükəsizlik tədbirləri görməlidir. Bəzi hallarda isə bu təyyarələr həmin ölkələrin hərbi hava qüvvələri tərəfindən müşayiət olunur.
Yaxın Şərqdə baş verən son hadisələr İsrailin yüksək vəzifəli şəxslərin təhlükəsizliyinə dair tədbirlərini maksimum səviyyəyə çatdırmağa məcbur edib. Məsələn, İsrail baş nazirinin ABŞ-a son səfəri zamanı onun təyyarəsi F-35 qırıcıları tərəfindən havada müşayiət olunmuşdu. Bu, təhlükəsizliyə verilən önəmin bir nümunəsidir.
Ehtimal ki, İsrail prezidentinin Azərbaycana səfəri üçün İsrail tərəfi Türkiyəyə nota göndərərək, 1 nömrəli bortun və onu müşayiət edəcək İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcıların Türkiyə hava məkanına daxil olmasına icazə istəyib. Lakin rəsmi Ankara, 1 nömrəli bort istisna olmaqla, İsrail qırıcılarına hava məkanına daxil olmaq icazəsi verməyib. Bunun əsas səbəbi İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) Yaxın Şərqdə, xüsusilə Fələstin və Livanda həyata keçirdiyi əməliyyatlardır. Bu isə prezidentin təyyarəsinin havada müşayiətsiz qalması deməkdir. Belə bir vəziyyət İsrailin təhlükəsizlik protokollarına uyğun gəlmədiyindən səfərin təxirə salınması qərarı verilib”.