Dünya erməni toplumunun iç üzünü yaxşı tanımalıdır

Ermənistanın törətdiyi bütün növ cinayətlərə görə cəzalandırılması bir nömrəli məsələdir

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması 



Ermənistan işğal dövründə Azərbaycan ərazilərini sadəcə zəbt etməklə kifayətlənməyib, dövlətimizə külli miqdarda maddi ziyan da vurub. Tarixi-mədəni abidələrimizi, ekologiyamızı məhv edib. Yeraltı və yerüstü təbii sərvətlərimiz beynəlxalq və humanitar hüququn prinsiplərinə zidd olaraq düşmən tərəfindən talanıb İrəvana və digər xarici ölkələrə daşınıb. Şirin su hövzələri kimyəvi tullantılarla çirkləndirilib, bulaqlar qurudulub. Müalicəvi əhəmiyyətli bütün məkanlar ya dağıdılıb, ya da onun məhsulları Ermənistan brendi kimi xaricə satılıb. 

Nadir və qiymətli meşə fondumuz məhv edilib. Azərbaycanın dəfələrlə məsələ ilə bağlı müxtəlif beynəlxalq təşkilatlara müraciət etməsinə baxmayaraq, ermənilərin ekologiyamıza qarşı törətdikləri terrorla bağlı qarşı heç bir ölçü götürülməyib. Ölkəmizə dəymiş ziyan təkcə bununla bitmir. İşğal dövründə ərazilərimizdə olan bütün infrastruktur, evlər, inzibati və sosial binalar tamamilə dağıdılıb, məhv edilib. İşğal zamanı mülki və təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanın min illərlə tarixi olan mədəniyyət abidələri də məhv edilib. Həmin dövrə kimi qədim Azərbaycan torpaqlarında 13 dünya, 292 ölkə və 330 yerli əhəmiyyətli tarix və mədəniyyət abidələri olub. Bununla yanaşı, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi işğal olunmuş ərazilərdə dağıntılara məruz qalıb. Ötən illər ərzində Ermənistan işğal etdiyi Qarabağ ərazilərinə "bizimdir" desə də, yalnız bu torpaqlarda vandal hərəkətlərlə məşğul olublar. Ərazidə heç bir tikinti-abadlıq işləri aparılmayıb, əksinə, bir milyon sakinin evləri, var-dövlətləri mənimsənilib, şəxsi əmlakları talan edilib. Ermənistanın hərbi təcavüzü nəticəsində bu ərazilər etnik təmizləməyə məruz qalıb, azərbaycanlı əhali öz doğma torpağından didərgin düşüb, 30 il ərzində qaçqın və məcburi köçkün həyatı yaşayıb. Digər tərəfdən, Qarabağda olan zəngin qızıl yataqları qanunsuz şəkildə istismar edilib, Azərbaycana dəyəri milyardlarla ölçülən maddi ziyan vurulub. Ermənistanın vandal əməllərindən biri də mina təhlükəsidir. Ermənilər ötən illər ərzində ərazilərimizdə təxminən 1 milyona yaxın mina basdırıb. Problemin kökündən həll edilməsi məqsədilə Azərbaycan tərəfi dəfələrlə Ermənistana mina xəritələrinin təqdim edilməsilə bağlı müraciət etsə də, hələ də heç bir müsbət cavab verilməyib. 44 günlük müharibə zamanı təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən “Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirib. 27 sentyabr - 10 noyabr 2020-ci il tarixləri ərzində Ermənistan Silahlı Qüvvələri tərəfindən vurulan zərbələr nəticəsində azərbaycanlı dinc əhalinin sıx yaşadığı rayon və şəhərlərin ərazisinə 30 minə yaxın mərmi və 227 raket atılıb. Döyüş meydanında məğlub duruma düşən Ermənistan davamlı şəkildə Gəncəyə, Mingəçevirə, Tərtərə, Bərdəyə, Qəbələyə və digər yaşayış məntəqələrimizə raket hücumları edərək müharibə və insanlıq əleyhinə cinayətlər törədib. Ermənistanın silahlı birləşmələri tərəfindən mülki şəxslərin çoxsaylı əmlakına ciddi ziyan vurulub, yaşayış evləri, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri dağıdılıb. 2020-ci ilin təkcə 11 oktyabr tarixində Ermənistan Silahlı Qüvvələrinin Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 10 nəfər həlak olub, 35-dən çox şəxs yaralanıb, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Həmçinin bildirilib ki, bu hadisədən bir neçə gün sonra, oktyabrın 17-də baş verən terror aktı zamanı 15 nəfər həlak olub, 50-dən çox şəxs xəsarət alıb. Ümumilikdə isə Gəncə 2020-ci ilin oktyabrında 5 gün – 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket atəşlərinə tutulub. Nəticədə 26 şəxs həlak olub, 120-dən artıq dinc sakin yaralanıb, irimiqyaslı dağıntılar baş verib. Əhalinin sıx yaşadığı ərazilərə "Toçka-U", "Smerç", "Skad" və digər tipli dağıdıcı raketlərlə hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədini daşıyıb. Bərdə şəhərinə raket hücumu zamanı qadağan olunmuş kaset tipli bombalardan istifadə edilib. Ölkəmizə vurulan ümumi ziyanla bağlı Azərbaycan dövləti beynəlxalq məhkəmələr qarşısında iddialar qaldırıb. Ermənistan vurduğu ziyanın qarşılığında təzminat ödəmək məcburiyyətində olacaq və beynəlxalq məhkəmə qətnamələrinə məcburi şəkildə əməl edəcək. Əgər rəsmi İrəvan bu məbləği ödəmək imkanında olmazsa, beynəlxalq presedentlərə uyğun olaraq tarixi Azərbaycan torpaqlarının müəyyən hissəsini qaytarmaq məsələsi də gündəmdədir. İlkin qiymətləndirmələrə görə, Ermənistanın Azərbaycana vurduğu zərərin qiyməti 800 milyard dollardan çoxdur. 44 günlük müharibədən sonra azad olunan ərazilərdəki vəziyyət zərərin nə qədər böyük olduğunu göstərir.  


Məlumat üçün deyək ki, Ermənistanın Qarabağda işğal dövründə törətdiyi müharibə cinayətləri barədə 10 dekabr Ümumdünya İnsan Hüquqları Günündə yeni hesabat təqdim ediləcək. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib ki, bütün tədbirlərdə əsas mövzu Qarabağdır. Onun sözlərinə görə, İƏT yanındakı Müstəqil Daimi İnsan Hüquqları Komissiyası da bu mövzuda Azərbaycana yaxından dəstək olur: "İƏT tərəfindən Xocalı soyqırımı genosid aktı kimi qəbul edilib, Bərdənin ermənilər tərəfindən bombalanmasına kəskin münasibət bildirilib, mütəmadi olaraq müxtəlif qətnamələr, qərarlar qəbul edilib. Birgə hesabatımız da təqdim olunacaq”. Qeyd edək ki, ötənlərdə BMT Baş Assambleyasının 3-cü Komitəsində Azərbaycan tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə konsensusla qəbul edilib. Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən irəli sürülmüş qətnamə layihəsi üzrə bir ay ərzində üzv dövlətlərlə aparılmış intensiv danışıqlar nəticəsində layihənin mətni razılaşdırılıb. Qətnaməyə 56 ölkə həmmüəllif qismində qoşulub. Qətnamə mətninin Komitədə təqdimatı zamanı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Nərmin Ahəngari çıxışında “İtkin düşmüş şəxslər” adlı qətnamənin ilk dəfə 2002-ci ildə BMT Baş Assambleyasının 57-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə qəbul edildiyini və qətnamənin hər iki ildən bir irəli sürüldüyünü xatırladıb. Ahəngari qətnamənin əsas məqsədinin silahlı münaqişələrin humanitar faciələrindən biri olan itkin düşmə hallarının qabaqlanması və itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqları öhdəliklərinə hörmət və riayətin vacibliyinə diqqətin cəlb edilməsi olduğunu vurğulayıb. Diplomat mətndə əks olunmuş yeni bəndlər barədə üzv dövlətlərin nümayəndələrinə ətraflı məlumat verib. Ahəngari qeyd edib ki, builki qətnamənin mətnində minaların mövcudluğunun itkin düşmüş şəxslərin qalıqlarının aşkarlanması üzrə əməliyyatlara yaratdığı maneələr də öz əksini tapıb. O, qeyd edib ki, mətndə əlaqədar dövlətlərin insan qalıqlarının təhlükəsiz axtarışı üçün əməkdaşlıq etmək çağırışları öz əksini tapıb. Qətnamədə eyni zamanda BMT Baş katibindən Baş Assambleyanın 81-ci sessiyasına (2026-cı il) və BMT-nin İnsan Hüquqları Şurasının müvafiq sessiyasına onun icrasına dair müfəssəl hesabat təqdim edilməsi xahiş olunub. 


Siyasi şərhçi Azər Qasımov "Şərq"ə açıqlamasında deyib ki, Ermənistanın törətdiyi bütün növ cinayətlərə görə cəzalandırılması prosesinin sona çatdırılması vacib olan bir nömrəli məsələdir. Ekspert vurğulayıb ki, Ermənistan Azərbaycana qarşı elə cinayətlər törədib ki, soyqırım cinayətlərindən tutmuş insanlıq əleyhinə cinayətlərə kimi bunun cavabını mütləq verməlidir: "Dünya erməni toplumunun iç üzünü yaxşı tanımalıdır. Saxta "erməni soyqırımı" iddialarını dünyanın bir çox ölkələrində qəbul edən ölkələr bundan utanmalıdır. Ermənistan müharibə cinayətləri və törətdiyi əməllər qarşısında elə duruma salınmalıdır ki, cəzasını onillərlə ödəməlidir. Ermənistanın dövlətimizə və xalqımıza vurduğu ziyanı ödəməsi Azərbaycan üçün strateji məsələdir. Bu, həm də Ermənistanın gələcək taleyini müəyyən edəcək".
Analitik hesab edir ki, Ermənistanın Azərbaycana vurduğu zərərin qarşılığında ərazi verməsi məsələsi bu prosesin əsas tərkib hissəsi olmalıdır: "Azərbaycanın  Ermənistanı illərlə gözləmək fikri yoxdur. Dünya praktikasında belə faktlar çoxdur. Azərbaycan da bu yolla getməlidir. Özünü Ermənistana bacı və dost hesab edən ölkələr də ermənilərin köməyinə gələ bilər. Onlar da Ermənistanın maddi təzminat ödəmələrinə dəstək ola bilərlər. Ancaq düşünürəm ki, maddi təzminat qarşılığında ərazi verilməsi Azərbaycan üçün prioritet olmalıdır".