Politoloq: Savaşın davam etdirilməsi NATO üçün daha məqbul görünür

NATO-nun Baş katibi Mark Rutte Ukraynaya Rusiya Federasiyası ilə istənilən sülh danışıqlarını təxirə salmağı təklif edib.
Alyansın yeni rəhbəri hesab edir ki, Qərb müttəfiqləri Kiyevin döyüş meydanında uğur qazanmasına və danışıqlarda mövqeyini gücləndirməsinə kömək etmək üçün kifayət qədər hərbi yardım göstərənə qədər Rusiya ilə istənilən danışıqları mümkün qədər təxirə salmalıdır. Onun fikrincə, sülh prosesinin necə görünə biləcəyini indi ətraflı müzakirə etməyə dəyməz.

Mark Ruttenin NATO-nun təmsilçisi olduğunu nəzərə alsaq, onun fikirlərinin bura daxil olan bütün dövlətlər adından olduğunu deyə bilərik. Digər tərəfdən daha öncə Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə söhbətində Ukraynadakı münaqişəni gərginləşdirməməyə çağırıb və sülh mövzusuna toxunub. Tramp Ukrayna böhranının həlli yollarını daha da müzakirə etməkdə maraqlı olduğunu bildirib.

Eyni zamanda Ukrayna Prezidenti Vladimir Zelenski də Ukrayna ordusunun itirilmiş əraziləri geri qaytarmaq iqtidarında olmadığını deyib.

Politoloq İlyas Hüseynov "Sherg.az"a bildirib ki, Ruttenin Rusiya-Ukrayna müharibəsi ilə bağlı sərgiləyəcəyi davranış diqqətlə izlənilirdi:

"Müxtəlif versiyalar var ki, Rusiya-Ukrayna müharibəsini dayandırmaq lazımdır. Amma bu müharibənin dayandırılması Ukrayna torpaqlarının itirilməsi hesabınamı olmalıdır sualı yaranır. Çünki Rusiyanın bu istiqamətdə qəti tələbi var. Digər tərəfdən hazırkı müharibəni dondurulmuş münaqişə fazasına keçirməyə Rusiya da maraqlıdır. Hətta Ukrayna tərəfi qarşısında işğal edilən ərazilərin Rusiya Federasiyasının yeni əraziləri kimi qəbul etməlidir şərti irəli sürülüb. Bu isə Kiyevi dəstəkləyən dövlətlər - kollektiv Qərb, Avropa İttifaqı (Aİ) və ABŞ üçün kifayət qədər ağır şərtlərdir. Digər tərəfdən Rusiyanın bu ərazilərə tam nəzarət etməsi və Ukraynanın indiki döyüş vəziyyətində yaranan prosesi qəbullanması onun dini, geosiyasi ambisiyalarını da formalaşdıra bilər. Bu barədə Brüsseldə və Vaşinqtonda artıq düşünürlər".

Politoloqun sözlərinə görə, Donald Trampın müharibəni bir gün ərzində dayandırmaq fikri bir qədər populist yanaşma idi:
"Tramp müharibəni hansı formada dayandıracağı haqqında heç bir fikir söyləməyib. Həmçinin yaxınlarda artıq onun sülh planı da təqdim olundu. Bu da bir mülahizə şəklindədir. Çünki hələ bir qədər zaman var. Yanvarın 20-sindən sonra o səlahiyyətlərə sahib olacaq. Lakin burada birmənalı olmayan sülh planı irəli sürülüb. Sülhə Rusiyaya qarşı tətbiq olunan sanksiyaları və məhdudiyyətləri yumşaltmaq və ya aradan qaldırmaq, Putinlə dostluq münasibətlərini bərqərar etmək, Ukrayna hakimiyyətinə də müəyyən təsirləri gücləndirmək, hərbi yardımı artırmaq və ya azaltmaq, Rusiya əleyhinə hərbi kompaniyaları daha da gücləndirilmək kimi məsələlər daxildir. İlkin ehtimallar da elə bunun üzərində idi. Çünki ABŞ bu müharibəyə milyardlarla, trilyonlarla vəsait sərf edib. Təkcə sadə baxışda bu hərbi formada həyata keçirilən yardımlarla bitmir. Burada Amerikanın siyasi dəstəyi, diplomatik resursları, Aİ ilə yaranan çətinliklər, Aİ-nin NATO-nun çətirindən çıxmaq həvəsi və silahlı qüvvələrə sahib olmaq meyilləri, təhlükəsizlik haqqında düşüncələri, Avropanın ayrı-ayrı aparıcı dövlətlərinin Ukraynaya silah və canlı qüvvə göndərmək niyyətləri kimi çox çətin və qarışıq vəziyyətlər formalaşıb. Bu da özünü iqtisadi göstəricilərdə, resessiyada və iqtisadi gərginlikdə göstərir. Bu baxımdan hazırkı siyasi xəttin davam etdirilməsi kollektiv Qərb üçün daha məqbul görünür. Buna görə də bu fikirləri NATO-nun Baş katibi Mark Rutte dilə gətirib".