"İmralı görüşlərində Abdullah Öcalanın tələbləri terror təşkilatının uzunmüddətli planlarının bir parçası olaraq Türkiyənin bütövlüyünə qarşı ciddi təhlükələr yarada bilər".
Bu sözləri "Sherg.az"a açıqlamasında türk hərbi və təhlükəsizlik eksperti Abdullah Ağar deyib.
Ekspert əlavə edib ki, Öcalan ilk açıqlamasında dedi ki, “Bütün bu səylərimiz ölkəni layiq olduğu səviyyəyə yüksəldəcək və eyni zamanda demokratik bir dəyişiklik üçün çox dəyərli bir yol göstərici olacaqdır.”:
"Bu ifadədəki “demokratik dəyişiklik” nə deməkdir? Bu sualın cavabını YPG/PKK/KCK-nın strategiyasında tapmaq mümkündür. Onların məqsədi “demokratik dəyişiklik” adı altında muxtariyyət, konfederasiya, kantonal idarəetmə və ya federativ model qurmaqdır. Bu modellərdən hər biri Türkiyənin bölünməsi ilə nəticələnə biləcək proseslərə zəmin yaradır. Terror təşkilatının məqsədlərini gizlətmədiyini açıq şəkildə görürük. İstənilən güzəşt, hətta kiçik bir dəyişikliyin belə Türkiyənin milli təhlükəsizliyinə zərər verəcəyi artıq açıq-aydındır. Bu təşkilatın Suriyadakı YPG qolunun tətbiq etdiyi kantonal idarəetmə modeli, yerli idarəetmələrdəki həmsədrlik sistemi və digər fəaliyyətlər onların bu məqsədlərini bir daha təsdiqləyir. Terror təşkilatının daha bir tələbi danışıqların zamin dövlətlərin himayəsində keçirilməsidir. Zamin dövlətlərin mövcudluğu, ilk baxışdan, bir diplomatik vasitə kimi görünsə də, əslində, məsələnin beynəlxalq müstəviyə çıxarılmasına xidmət edir. Bu, həm də terror təşkilatının rəsmi tərəf kimi tanınması və beynəlxalq legitimlik qazanması deməkdir. Belə bir vəziyyətdə Türkiyə təşəbbüsü itirər və danışıqlar prosesində tamamilə kənarda qalar. Abdullah Öcalanın və terror təşkilatının digər rəhbərlərinin diqqət çəkən bir başqa tələbi ümumi əfvlə bağlıdır. Bu tələblər, əslində, terrorçuların qeydsiz-şərtsiz azad edilməsini və terrorla mübarizənin zəiflədilməsini nəzərdə tutur. Lakin belə bir addım həm hüquq sisteminin çökməsinə, həm də xalqın dövlətə olan inamının azalmasına səbəb olacaq. Bu, yalnız terror təşkilatının Türkiyəyə qarşı bir uğuru kimi qəbul ediləcək və ədalət prinsipinə ciddi zərbə vuracaq".
Ekspert əlavə edib ki, terrorla mübarizə qanununda dəyişiklik edilməsi və qəyyumların məhkəmə qərarı ilə təyin olunması tələbləri də terror təşkilatının siyasi təzyiq vasitəsi yaratmağa çalışdığını göstərir:
"Bu tələblər yerinə yetirilsə, bələdiyyə idarəetmələri terrorun nəzarətinə keçəcək və dövlətin suverenliyi təhlükə altına düşəcək. Terror təşkilatının həmsədrlərindən birinin təhdid dolu açıqlamaları bu niyyətləri daha da gücləndirir: “Ya müsbət bir dəyişiklik baş verəcək və barışıq qurulacaq, ya da mənfi dəyişikliklər olacaq və hər yer Qəzzəyə çevriləcək.” Bu, əslində, Türkiyəni təzyiq altında saxlamağa hesablanmış bir strategiyanın parçasıdır. YPG/PKK-nın siyasəti dəyişməzdir. Onlar hər zaman kürdlərin qanı üzərindən siyasət, ticarət və bölgədə vasitəçilik edirlər. Amma burada əsas məsələ odur ki, bu terror siyasətindən ən çox zərər görən elə kürdlərin özüdür. Kürd xalqı əvvəlcə terror təşkilatı ilə üzləşməli və onlarla hesablaşmalıdır. Məsələ yalnız Türkiyə ilə məhdudlaşmır. Bu, Orta Şərqin yenidən qurulması planının bir hissəsidir. Qəzzədən Suriyaya qədər uzanan və Türkiyəni də əhatə edən geniş bir planın tərkib hissəsidir. Türkiyə bu plana qarşı mübarizəsində həm milli, həm də beynəlxalq səviyyədə qətiyyətli olmalıdır".