İrəvandan sülhə dair praqmatik siqnallar verilsə də, qeyri-müəyyənliklər qalmaqdadır -ŞƏRH

Ümid edirəm ki, sülh müqaviləsi ilə bağlı bizim bütün şərtlərimiz də qəbul ediləcək. Çünki bu şərtlərdə hər hansı bir fövqəladə məsələ yoxdur. Minsk qrupunun ləğv edilməsi, konstitusiyanın dəyişdirilməsi – bunlarsız sülh müqaviləsi mümkün deyil.
Bunu Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib.
"Əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik.", - Prezident İlham Əliyev bildirib.
Eyni zamanda Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan Azərbaycana sülh sazişi layihəsinin razılaşdırılmamış iki bəndi üzrə təkliflər göndərib və müsbət cavab olarsa, onu imzalamağa hazırdır:
“Biz sülh müqaviləsinin razılaşdırılmamış iki maddəsi üzrə həll yolları təklif etmişik və Azərbaycandan müsbət cavab alsaq, sazişi imzalamağa hazırıq”, - o vurğulayıb.

Politoloq Aqşin Kərimov "Sherg.az"a deyib ki, Azərbaycan-Ermənistan sülh gündəminə Cənubi Qafqaz regionunda və onun hüdudlarından kənarda gedən daha genişmiqyaslı proseslərin məzmununda baxmaq lazımdır:

"Prezident İlham Əliyev Ermənistanın və ya onun Fransa kimi himayədarının aqressiv şəkildə həyata keçirdiyi siyasətin pərdəarxasına, onun nəticələrinə dərindən nəzər salır. Yəni həmin pərdəarxasındakı məqamlar və regional hadisələr istənilən halda Ermənistanın taleyi üçün ciddi suallar doğurur.
Qısası, sülh gündəliyinə şiddətli müqavimət göstərən güc mərkəzlərinin Ermənistanı revanşa şirnikləndirməsi prosesinin məntiqi nəticədə Azərbaycanın təzyiq oxlarını şiddətləndirməyə əsaslar yaradır. Bununla belə, Azərbaycan Ermənistanla münasibətlərin normallaşması kontekstində sülh gündəliyi ətrafında uçurumun genişlənməməsinə töhfə vermək səylərini göstərir. Digər tərəfdən Ermənistanın boşluqlardan xilas yolu bu səylərə dəstək olmaqdan keçir. İrəvandan sülh proqramına dair praqmatik siqnallar verilir, amma qeyri-müəyyənliklər də qalmaqdadır. 
Birincisi, faktiki vəziyyətin izahı ilə aydın olur, Ermənistan hələ də Fransanın ambisiyalarına xidmət göstərən Avropa İttifaqı Missiyasının fəaliyyətini sonlandırmaq barədə düşünmür. 
İkincisi, Azərbaycanla sərhəddə Ermənistanın təxribatları sülh proqramı ilə dərin ziddiyyət təşkil edir. Üçüncüsü, Ermənistan Zəngəzur dəhlizinin açılması və qərbi Azərbaycanlıların qayıdışında dair açıq qalan məsələlərin həllindən boyun qaçırır. Dördüncüsü, Qazaxın digər kəndlərinin və Naxçıvandakı Kərki kəndinin geri qaytarılması prosesi baş tutmayıb".

Politoloq vurğulayıb ki, yubanan proseslər isə Azərbaycanı həm öz, həm də regionun gələcəyi ilə bağlı strateji qərarlar verməyə məcbur edir:
"Bu qərarlar geosiyasi şəraitin pisləşməsi fonunda müdafiə strategiyası kimi görünə bilər. 
Dondurulmuş danışıqlar və ya irəliyə aparılmayan sülh gündəliyi Azərbaycanı Ermənistanın yekun taleyini də müəyyənləşdirmək xəttini izləməyə gətirib çıxarır. Ermənistan sülh gündəminin prioritetlərindən kənara çıxmamaq üçün Minsk Qrupunun ləğvi üçün qurumda təmsil olunan dövlətlərin konsensus əldə etməsi səylərini göstərməlidir. Yaxud Azərbaycanın bu istiqamətdəki səylərinə əhəmiyyətli dəstək namayiş etdirməlidir. 
Bununla paralel olaraq, Ermənistan Konstitusiyasını dəyişdirməli, onun müşayiətində demilitirizasiyaya dair öhdəliklər götürməlidir. 
Bunlar olmadıqda Azərbaycan Ermənistanın son məqsədinin iki dövlət arasında münaqişəli vəziyyət yaratması kimi oxuyacaq. Belə vəziyyət Azərbaycanın güc ssenarisində belə Ermənistanın hər hansı güzəştə dair verdiyi vədləri də etibarsız edəcək. Nəticədə isə Azərbaycan regionu təhlükəsizlik mərkəzinə çevirmək üçün ən mühüm və ən böyük təşəbbüslərini ortaya qoyacaq".