Bakı Təşəbbüs Qrupu: Müstəmləkə ərazilərində yaşayan xalqlara dəstəyə davam edəcəyik

"VIGINUM təşkilatının hesabatında Bakı Təşəbbüs Qrupunun fəaliyyətinin Fransanın ərazi bütövlüyünə qarşı yönəlməsi barədə yer alan məlumatlar əsassızdır".
APA xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov deyib.

O bildirib ki, Bakı Təşəbbüs Qrupunun müstəmləkə ərazilərində yaşayan xalqların azadlıq mübarizəsinə dəstəyi davam edəcək:

"Bizim fəaliyyətimiz bilavasitə müstəmləkə xalqlarının azadlıq mübarizəsinə dəstək xarakterlidir. Fransa tərəfinin təşkilatımızla bağlı irəli sürdüyü iddiaların hər biri əsassızdır. Bizim müstəmləkə ərazilərindəki fəallarla əməkdaşlığımız bilavasitə neokolonializm siyasətinə qarşıdır. Fransa qoşunları Mali, Niger, Burkina-Faso, Çad, Seneqal və Kot-di-Vuardan qovulub".

Təşkilatın mətbuat katibi Elgün Hacıyev isə bildirib ki, Fransanın sözügedən hesabatda bizim paylaşımlarımıza münasibət bildirən şəxslərin məlumatlarını da ictimailəşdirməsi tamamilə qanunsuzdur:

"Fransa hakimiyyətinin Yeni Kaledoniya xalqına törətdiyi zorakılıqlarla bağlı faktlar bizim əlimizdə idi və biz də onları ictimailəşdirmişik. İddialar bundan ibarət idi ki, bizim hesabatlar Fransa tərəfinə əlçatmaz idi. Amma hər kəs şahid olub ki, bizim paylaşımlarımızın hər biri bütövlükdə auditoriya üçün əlçatandır. Fransa sözügedən hesabatda bizim paylaşımlarımıza münasibət bildirən şəxslərin məlumatlarını da ictimailəşdirib ki, bu da ifadə azadlığına müdaxilədir. Həmin şəxslərin "trol" adlandırılması qəbuledilməzdir".