“Azərbaycanlılar öz torpaqlarından qovularkən Ermənistana rəhbərlik etmiş şəxsin dilindən deyilən ifadələr Ermənistan dövlətinin siyasətini ifşa edir”
"Ermənistanın birinci prezidentinin irqçi və faşist açıqlamaları nə dərəcədə eybəcərdirsə, bir o qədər də təhlükəlidir. O, etnik təmizləməni bir qürur mənbəyi kimi qələmə verir, azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarından qovulması ilə öyünür. Sadəcə olaraq, bu videomaterial, necə deyərlər, indi ictimailəşdirildi. Ancaq təbii ki, bunu Ermənistanda bilirdilər. Ermənistanın müttəfiqləri, havadarları təbii ki, bilirdilər və bu fikirləri bölüşürdülər".
Bunu Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib. Dövlət başçısı qeyd edib ki, bizə qarşı 30 illik işğalçılıq siyasəti, sadəcə olaraq, Ermənistan məhsulu deyil, onunla həmrəy olan islamofob, azərbaycanofob, irqçi, ksenofob dairələrin, xarici ölkələrin nümayəndələrinin birgə məhsuludur: "Belə bir faşist dövlətlə biz qonşuyuq və faşizm təhlükəsi sovuşmur. Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Bizim başqa çarəmiz yoxdur. Yenə də 30 illik işğal, xalqımızın əzabları, Xocalı soyqırımı, dağıdılmış, viran qoyulmuş Qarabağ - bütün bunlar bizim gözümüzün qabağındadır və kim zəmanət verə bilər ki, bu, təkrarlanmayacaq, heç kim! Çünki Ermənistanın birinci üç rəhbəri faşist ideologiyasının daşıyıcılarıdır. Ermənistanın indiki rəhbəri, mən demişəm, indi özündən sülh göyərçini düzəltmək istəyir. Amma baxın, görün, onun 2018-2019-cu illərdəki çıxışlarına, onları indi heç kim xatırlatmaq istəmir. Hətta onun Fransadakı dostları da ondan imtina etmək istəmirlər. Yəni bu ideologiya orada yaşayır və bunun daşıyıcıları, sadəcə olaraq, bugünkü Ermənistan müxalifəti deyil, Ermənistan iqtidarıdır. Bir daha demək istəyirəm ki, biz, sadəcə olaraq, müşahidəçi kimi buna tamaşa edəsi deyilik".
Siyasi şərhçi Zeynal Əmrəliyev "Sherg.az"a deyib ki, Ermənistanın ilk Prezidenti Levon Ter-Petrosyanın çıxışında bir neçə məqam diqqəti cəlb edir. İlk növbədə keçmiş prezident etiraf edib ki, Ermənistanın Azərbaycana qarşı başlatdığı müharibədə tək hədəf Qarabağ bölgəsini ələ keçirmək olmayıb. Eyni zamanda azərbaycanlıları öz dədə-baba torpaqlarından qovaraq Ermənistan ərazisindən türk izini silmək olub:
"Sovet hökumətinin bütün səylərinə baxmayaraq, SSRİ-nin tərkibində olarkən belə Ermənistanda azərbaycanlılar çoxluq təşkil edirdi. Bunun da əsas səbəbi onların bu bölgənin yerli sakini olması, öz dədə-baba torpaqlarında yaşaması idi. Eyni zamanda azərbaycanlılar yaşayan bölgələrdə kənd təsərrüfatının sürətli şəkildə inkişafı, yaşam standartlarının yüksək səviyyədə olması da bu bölgələrdə nüfuzun artmasına səbəb olurdu. İrəvanda oturanlar yaxşı bilirdilər ki, ölkə müstəqillik əldə etdikdən dərhal sonra Ermənistanda yaşayan ermənilər ABŞ və Avropada yaşayan qohumlarının yanına qaçacaqlar. Bunda həqiqət payı var. Hazırda Ermənistan boşalır və bir dövlət kimi tamamilə öz varlığını itirməkdədir. Əgər Qərbi Azərbaycanda o cür vəhşiliklər törədilməsə və azərbaycanlılar öz torpaqlarından didərgin salınmasıydı, bu gün Ermənistan əhalisinin demək olar ki, böyük əksəriyyətini azərbaycanlılar təşkil edəcəkdi. Bu, Levon Ter-Petrosyanın məsuliyyət məsələsini də gündəmə gətirir. Çünki onun xələfləri Robert Köçəryan və Serj Sarkisyan Azərbaycan torpaqlarının işğalında və soyqırımında günahlar olduğu qədər Petrosyan da soydaşlarımızın öz dədə-baba torpaqlarından deportasiya olunmasında günahkardır".
Z.Əmralıyevə görə, bu məsələdə Petrosyanla bərabər onun hakimiyyəti dövründə vəzifədə çalışmış şəxslər, xüsusilə "Yerkrapa" üzvləri də prosesdə məsuliyyət daşıyır:
"Bu, Ermənistanın dövlət olaraq azərbaycanlılara qarşı cinayət işlədiyini sübut edir. Rəsmi Bakı beynəlxalq məhkəməyə müraciət edə bilər. Cenevrə Konvensiyasının tələblərinə əsasən vaxtilə Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın yenidən öz torpaqlarına qayıdışı təmin edilməlidir. Hazırda Bakı və İrəvan arasında davam edən sülh danışıqlarında Paşinyan hökuməti azərbaycanlıların öz torpaqlarına qayıdışı məsələsini müxtəlif bəhanələrlə rədd etməyə çalışır. Levon Ter-Petrosyanın etiraf videosu eyni zamanda Nikol Paşinyanı da pis vəziyyətdə qoyur. Azərbaycanlılar öz torpaqlarından qovularkən Ermənistana rəhbərlik etmiş şəxsin dilindən deyilən bu ifadələr Ermənistan dövlətinin siyasətini ifşa edir. Paşinyan tarixi ədaləti bərpa etməyə borcludur".