Ukrayna sülh danışıqları masasında əlini gücləndirmək niyyətindədir
Müharibənin günahkarı Baydendir. Müharibəyə onun administrasiyasının səriştəsizliyi ilə təhrik edilib. Bunu ABŞ Prezidenti Donald Tramp deyib. O qeyd edib ki, yarım il ərzində Rusiya-Ukrayna müharibəsinə son verə biləcəyinə ümid edir. Böyük Britaniyanın "Skay Nyus" televiziya kanalı bildirib ki, Rusiya ilə Ukrayna arasında sülh bu il aprelin 20-nə qədər əldə edilə bilər. Kanalın iddiasına görə, Pasxa bayramına qədər sülhün əldə edilməsi mümkündür. Qeyd edilib ki, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp göstərilən tarixə qədər tərəflər arasında sülhə nail olmağa çalışacaq: "Bu, Ukrayna üçün çox çətin olacaq. Əsas məsələ Rusiyanın nəyi qurban verməyə və Ukraynanın nədən imtina etməyə hazır olmasındadır". Rusiyalı politoloq Sergey Markov deyib ki, ABŞ-nin Ukraynadakı müharibədə günahının etirafı son dərəcə vacibdir. Onun sözlərinə görə, Qərb üç ildir müharibəyə görə Rusiyanı günahlandırır: "Ukrayna heç vaxt NATO-nun üzvü olmamalıdır. Məhz belə üzvlük təhlükəsi Rusiyanı qoşun yeritməyə məcbur edib. Üstəlik, Tramp Rusiyanın bu hisslərini anladığını bildirib. Tramp Putinin görüşmək istədiyini bilir. Tramp özü də bunu istəyir. Ancaq tarix daha sonra iş qaydasında müəyyən edilməlidir. Bütün bunlar uğurlu danışıqlar üçün real zəmin yaradır. Trampın çıxışından yekun nəticələrə gəlincə, danışıqlar tezliklə başlayacaq, ciddi və təfərrüatlı olacaq. Ancaq hələlik rus ordusunun hücumu bütün qış və yaz boyu davam edəcək".
Politoloq Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Ukraynanın Kursk istiqamətində yenidən qəfil əks-həmləsinin iki məqsədi var. Analitikin fikrincə, birinci məqsəd haqqında çıx danışılan masada əlin gücləndirilməsidir:
"Əgər Ağ Evin yeni sahibi Donald Tramp Rusiya ilə Ukraynanı zorla masada oturmağa məcbur edəcəksə, Kiyev Kursk ərazisində yeni həmlə ilə mümkün danışıqlarda əlini gücləndirmək istəyir. Eləcə də Rusiya Ukraynanın şərqində işğal ərazisini genişləndirməyə çalışmaqla eyni məqsədi güdür. Kiyevin Kursk iqtiqamətində mövqelərini möhkəmləndirməsinin ikinci məqsədi də var. Ukrayna Prezidenti V.Zelenski yeni əks-həmlə ilə Ağ Evdə yerləşməyə hazırlaşan Donald Trampa təxminən bu səpkili mesaj göndərib: “Ukraynanın ərazi itkisi hesabına masada oturdulması Sizə çətin olacaq. Ukrayna zəif deyil, Rusiya ərazisindəki nəzarət zonasını genişləndirmək imkanımız var, bunu nəzərə almalısınız. Bizə yardımı dayandırsaz belə işğalla barışan deyilik”. Macarıstanın Baş naziri Viktor Orban və Slovakiyanın Baş naziri Robert Fitso Donald Trampın ABŞ prezidenti seçilməsiylə Rusiya-Ukrayna müharibəsinin dayandırılacağına ümid edirlər. Görünür, proqnozlaşdırırlar ki, bundan sonra Putinlə təmasa keçəcək liderlərin sayı tədricən artacaq. Viktor Orban və Robert Fitso onu da ehtimal edirlər ki, müharibə dayandırılacağı halda Avropa Rusiyadan qaz nəqlini bərpa edəcək. Putin bunun əleyhinə deyil. Bu səbəblərdən Orban və Fitso Putinlə görüşlərə üstünlük verməkdə Avropadakı həmkarlarını qabaqlamağa çalışırlar ki, daha çox siyasi və iqtisadi dividend əldə etsinlər. Ancaq bu “dividendlər” Ukraynanın parçalanması hesabına baş verəcəksə, Avropada qazanan olmayacaq".