
Əli Məsimli: "Bu il və gələn illərdə bu dinamika saxlanılacaq"
"Biz iqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik"
Prezident İlham Əliyev yanvarın 7-də yerli telekanallara müsahibəsində Azərbaycanda sosial sahədə atılan addımlardan danışıb. Dövlət başçısı deyib ki, bu il yanvarın birindən minimum maaş və pensiya artırılıb. Son bir neçə il ərzində dörd sosial paketin həyata keçirildiyini vurğulayan Prezident həmçinin qeyd edib ki, iqtisadi imkanlar artdıqca, daim sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə daim diqqət göstəriləcək: "Bu qədər böyük sərmayə qoyan və Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan ölkədə bu sahəyə də bu diqqəti yetirmək, əlbəttə ki, bizim siyasətimizin, necə deyərlər, mahiyyətini göstərir. Yəni Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar. Cəmiyyətdə də, siyasətdə də, ailədə də hər şey ədalətli olmalıdır və sosial ədalət prinsipləri həmişə bizim üçün vacib olub". Ölkə rəhbəri qeyd edib ki, əgər dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da tənəzzülə nəzər salsaq görərik ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib: "Əlbəttə ki, bunun təməlində düşünülmüş siyasət dayanır". Bu göstəricilərin, sadəcə olaraq, keçən ilin məhsulu olmadığını vurğulayan dövlət başçısı deyib ki, uzun illər aparılan iqtisadi islahatlar, şəffaflıq, inhisarçılığa qarşı mübarizə, investisiyaların cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində biz beynəlxalq aparıcı reytinq agentliklərinin Azərbaycana olan münasibətində müsbət dəyişiklik görürük: "Yəni onlar da reallıqları inkar edə bilməzlər. Halbuki mən hesab edirəm ki, bizim beynəlxalq reytinqimiz indikindən daha yüksək səviyyəyə layiqdir və müəyyən səbəblər üzündən hələ ki, aparıcı reytinq agentlikləri daha da təvazökar yanaşmanı sərgiləyirlər. Yəni bütün bunlar onu deməyə əsas verir ki, biz iqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik və əminəm ki, bu il və gələn illərdə bu dinamika saxlanılacaq".
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli "Sherg.az"a deyib ki, keçən il ümumi daxili məhsul 4 faizdən çox artıb. Deputatın sözlərinə görə, qeyri-neft sektorunda artım 6 faizdən çox olub. Parlamentarinin fikrincə, bütün bunlar onu deməyə əsas verir ki, biz iqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik və bu il və gələn illərdə bu dinamika saxlanılacaq:

"Keçən il biz maliyyə vəziyyətimizi böyük dərəcədə yaxşılaşdıra, öz rezervlərimizi artıra bilmişik. İl ərzində valyuta ehtiyatlarımız təqribən 5 milyard dollardan çox artıb və bu gün bu rəqəm 72 milyard dollara bərabərdir. Adambaşına düşən valyuta ehtiyatları göstəricisinə görə, Azərbaycan dünyada aparıcı ölkələrin sırasındadır. Azərbaycanın xarici borcu ümumi daxili məhsulumuzun cəmi 7.2 faizini təşkil edir. Valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir. Bütün bunlar deməyə əsas verir ki, iqtisadiyyat öz resurslarına söykənir. Halbuki biz indi xarici borcumuzu bir qədər artırmaq üçün də səylər göstərməyə başlamışıq. Xarici maliyyələşmə bizə nə verəcək? Nəzərə alsaq ki, ölkə qarşısında duran bir çox ciddi investisiya tələb edən məsələ var ki, bu, büdcə yükünü bir qədər azaldacaq. Ona görə, bizim xarici borcumuzun ödəmə qrafiki təsbit edilib. Bu gün 5.2 milyard dollara bərabər olan xarici borcumuz illər keçdikcə daha da azalacaq. Əlavə maliyyə resurslarının cəlb edilməsi məqsədəuyğun sayıla bilər və artıq hökumət bu istiqamətdə fəaliyyətə başlayıb".
Millət vəkili bəyan edib ki, büdcə parametrləri hər bir ölkənin iqtisadi potensialını əks etdirir:
"Bu ilin büdcəsi rekord səviyyədədir. Büdcə xərcləri 41 milyard manatdan çoxdur. İcmal büdcə isə 48 milyard manatı ötüb. Biz buna yalnız daxili resurslar hesabına nail olmuşuq. Hər bir ölkənin siyasi müstəqilliyi onun iqtisadi müstəqilliyindən asılıdır. Yəni iqtisadi cəhətdən, maliyyə məsələləri cəhətindən əgər heç kimdən asılı deyilsənsə, sən müstəqil siyasət apara bilərsən. Bu, bizə imkan verir ki, sosial proqramları daha fəal icra edək. Yanvarın birindən minimum əməkhaqqı orta hesabla 14-15 faiz artıb. Bu qədər böyük sərmayə qoyan və Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan ölkədə bu sahəyə də bu diqqəti yetirmək, bizim siyasətimizin mahiyyətini göstərir. Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar. Hər şey cəmiyyətdə də, siyasətdə də, ailədə də ədalətli olmalıdır. İmkan yarandıqca, ilk növbədə, bu sahəni də diqqətdə saxlamışıq. Bundan sonra da sosial və iqtisadi inkişaf yanbayan gedəcək. İqtisadi imkanlar artdıqca, daim sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstərəcəyik. Prezidentin yerli televiziya kanallarına müsahibəsinin iqtisadi və sosial məqamları yüksək artım tempinin növbəti illərdə də qorunub saxlanılması yönündə hökumət və onun aidiyyəti orqanları qarşısında yeni vəzifələr qoyur".