Bolqarıstanda prezident seçkilərinin ikinci turunda İliyana Yotova qalib gəlib

Bolqarıstanda prezident seçkilərinin ikinci turunda açıqlanan exit-poll nəticələrinə əsasən, hazırkı dövlət başçısı İliyana Yotova rəqibi Andrey Gyurovu qabaqlayaraq qalib gəlib.

Sherg.az xəbər verir ki, “Alpha Research” şirkətinin keçirdiyi sorğunun nəticələrinə görə, Yotova 52,5 faiz, Gyurov isə 43,4 faiz səs toplayıb. Digər sorğularda da Yotovanın üstünlüyü qeydə alınıb. Nəticələr hələ rəsmi olaraq təsdiqlənməyib.

62 yaşlı Yotova Rumen Radevin istefasından sonra bu ilin yanvarında müvəqqəti olaraq prezident vəzifəsini icra etməyə başlayıb. O, Radev və Sosialist Partiyası tərəfindən dəstəklənir. Yotova Rusiya ilə münasibətlərin gücləndirilməsini və Moskva ilə dialoqun davam etdirilməsini müdafiə edir, Ukraynaya hərbi və maliyyə yardımına qarşı çıxır.

Yotovanın rəqibi Andrey Gyurov isə Avropa İttifaqı və NATO tərəfdarı mövqeyi, eləcə də Ukraynaya dəstəyi ilə tanınır.

Rəsmi nəticələr Yotovanın qələbəsini təsdiqləyərsə, o, Bolqarıstan tarixində seçki yolu ilə prezident postuna gələn ilk qadın olacaq. Yeni prezidentin səlahiyyət müddəti beş il təşkil edəcək.