Rusiyalı milyarderlərə qarşı tətbiq edilən sanksiyalar nəticəsində İtaliyada həbs qoyulmuş lüks yaxtaların saxlanılması dövlətə milyonlarla dollara başa gəlir.
Musavat.com xəbər verir ki, CNN-in məlumatına görə, İtaliyanın Triest limanında dörd ildən artıqdır saxlanılan rusiyalı milyarder Andrey Melniçenkoya məxsus “Sailing Yacht A” yaxtasının gündəlik saxlanma xərci təxminən 30 min dollar təşkil edir.
Bu isə ildə təxminən 11 milyon dollar deməkdir.
Vəsait yaxtanın ekipajının saxlanılmasına, mühafizəsinə, sığortasına, yanacağına və texniki xidmətinə sərf olunur. İtaliya qanunvericiliyinə əsasən, üzərinə həbs qoyulmuş gəmilər işlək vəziyyətdə saxlanılmalıdır.
Xərclər yalnız bu yaxta ilə məhdudlaşmır.
Rusiya Prezidenti Vladimir Putinlə əlaqələndirilən “Scheherazade” adlı lüks yaxtanın təkcə ekipajının saxlanılmasına 15 milyon dollardan artıq vəsait xərclənib.
Rusiyalı oliqarx Aleksey Mordaşova məxsus “Lady M” yaxtasının saxlanılması isə təxminən 2 milyon dollara başa gəlib.
CNN-in məlumatına görə, bu xərclər İtaliyada vergi ödəyicilərinin hesabına qarşılanır.