"Zəngəzur dəhlizi məsələsi indi elə mərhələyə çatıb ki..." -ANALİZ

Əli Oruclu: "... Onun taleyi heç Ermənistandan da asılı deyil, nəinki İrandan"

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində regionda cərəyan edən proseslərə, o cümlədən Zəngəzur dəhlizinin açılması üçün 2020-ci ildə üç ölkə liderinin imzaladığı üçtərəfli bəyanata diqqət çəkib. Bildirib ki, həmin razılaşmaya uyğun olaraq Ermənistan üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana birbaşa əlaqə təmin olunmalıdır. Prezidentin sözlərinə görə, Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır: “Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidirlər. Orada hər şey açıq-aydın göstərilib”. Ölkə rəhbəri Azərbaycanın səbrinin tükənməz olmadığını xatırladıb: “Biz dörd ildən çoxdur ki, səbir göstəririk. Dörd ildən çoxdur istəyirik ki, bu, danışıqlar yolu ilə həll olunsun. Biz nə qədər gözləməli olacağıq və nə üçün gözləməliyik? Yəni onlar bütün bunları nəzərə almalıdırlar. Mən bir dəfə demişəm, onlar gərək bizi əsəbiləşdirməsinlər və başa düşsünlər ki, burada söz sahibi bizik və Cənubi Qafqazda Azərbaycan aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir. Bugünkü dünyada güc amili ön plandadır və bunu heç kim unutmasın”. Qeyd edək ki, son günlərdə Zəngəzur dəhlizi məsələsinin Türkiyə və İran rəsmilərinin dilindən gündəmə gəlməsi Ermənistanda ciddi narahatlıq yaradıb. Erməni politoloq Varujan Qeqamyan iddia edib ki, Qərb Zəngəzur dəhlizinə münasibətini dəyişməsi üçün İrana təzyiqi gücləndirib. Onun sözlərinə görə, Qərbin artan təzyiqləri fonunda İranın mövqeyi dəyişdirilə bilər. Qeqamyanın fikrincə, 2025-ci ildə dəhlizin açılması üçün İranla yanaşı, Ermənistana da güclü təzyiqlər olacaq. Erməni analitik Tehran və İrəvanın bu təzyiqlərə tab gətirməyəcəyini ehtimal edir. Məlumat üçün deyək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Zəngəzur dəhlizi barədə açıqlama verib. XİN rəsmisi Zəngəzur dəhlizi ilə bağlı danışıqlar üçün tezliklə İran nümayəndə heyətinin Türkiyəyə səfər edəcəyini deyib. Erməni türkoloq Varujan Qeqamyan bildirib ki, Turan dəhlizi ilə bağlı 2025-ci ildə mümkün ən böyük təzyiq olacaq. 

AMİP Siyasi Şurasının üzvü Əli Oruclu "Sherg.az"a deyib ki, İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi təhrif olunmuş və qərəzli formadadır. Ekspertin sözlərinə görə, Tehran Zəngəzur dəhlizinin açılmasını sərhədlərin dəyişdirilməsi və Ermənistanın suveren hüququnun pozulması kimi təqdim edir: 
"Halbuki bu dəhlizin istismara verilməsində heç bir sərhəd dəyişikliyindən və beynəlxalq hüququn pozulmasından söhbət getmir. Azərbaycan ən yüksək səviyyədə bəyan edib ki, heç kimin bir qarış torpağında gözü yoxdur. O cümlədən, Ermənistanın ərazilərinə iddia etmir, halbuki buna tam haqqı çatır. Zəngəzur dəhlizinin açılması, yüklərin daşınması və yaxud mübadiləsinin İrəvanın yürisdiksiyası altında olmasını qəbul edir. Ancaq nədənsə, İran ermənilərdən çox ermənilik edir, dəhlizin açılmasına mane olmağa cəhd göstərir. Son dövrlər regionda və dünyada baş verən sürətli dəyişikliklər, Moskvanın dəhlizin açılmasına maraq göstərməsi, İranın zəiflədilməsi, təsir dairəsi hesab etdiyi bölgələrdən sıxışdırılıb çıxarılması, İsraillə qarşıdurmanın pik həddə çatması, proksi qüvvələrin sıradan çıxarılması, bunların əksinə Türkiyə və Azərbaycanın daha da güclənməsi Tehranı güzəştlərə məcbur edir. Çünki İranın dirəniş gücü qalmayıb. Xüsusən, regionda Türkiyə və Azərbaycanın əksinə getmək hazırkı siyasi rejimin edə biləcəyi iş deyil". 

Ekspert qeyd edib ki, İran çalışır ki, ən azından müəyyən dividend qopara bilsin: 
"Tehran anlayır ki, əgər Türkiyə, Azərbaycan və Rusiya bu dəhlizin açılmasını istəyirsə, bu dəhliz mütləq açılacaq. Üstəlik, Qərb də Zəngəzur dəhlizinin tezliklə açılmasında səylərini artırmaqdadır. İran XİN rəhbəri Əraqçinin Türkiyəyə səfəri zamanı çox güman ki, İranın bundan qazancının nədən ibarət olacağı müzakirəyə çıxarılacaq. Zəngəzur dəhlizi məsələsi indi elə mərhələyə çatıb ki, onun taleyi heç Ermənistandan da asılı deyil, nəinki İrandan. Əslində isə bu koridorun fəaliyyətə başlamasından tranzit ölkə kimi Ermənistan da qazanacaq".