Görüş yeri nə Parisdir, nə də Bürüssel
Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə regional və qlobal xarakterli bir çox məsələlərə münasibət bildirib.
Prezident müsahibəsində xüsusən də Fransa ilə bağlı heç vaxt danışılmayan məsələyə toxunub. Dövlət başçısı bununla bağlı deyib ki, bu, hər hansı şəkildə böhrandan çıxmağa kömək edəcək: “Son bir neçə ay ərzində biz Fransa hökumətinin nümayəndələrindən təmaslar qurulması üçün siqnallar alırdıq, mənim yaddaşımda onların sayı üç və ya dörddür. Müxtəlif şəxslərdən bizim müxtəlif nümayəndələrə müraciətlər daxil olub və həmişə cavab verilib. “Biz hazırıq”. Bəli, biz elə bu gün hazırıq, amma heç yerə getməyəcəyik, nə Parisə, nə də Brüsselə. Bizimlə görüşmək lazımdırsa, burada, Bakıda mümkündür”.
Siyasi şərhçi Asif Nərimanlının “Sherg.az"a açıqlamasına görə, İlham Əliyevin yerli telekanallara müsahibəsində Fransanın Azərbaycana verbal diplomatik depeşa göndərməsi haqda dedikləri Bakı-Paris xəttində baş verənləri, həm də Makron hakimiyyətinin düşdüyü vəziyyəti anlamağa imkan verir:
“Prezidentin müsahibəsindən bir gün öncə Makron səfirlərlə görüşdə Azərbaycanı Fransanın daxili işlərinə qarışmaqda ittiham etdi, paralel olaraq, Ermənistana müsbət mesajlar göndərdi. Bu, Fransanın Afrikadakı məğlubiyyəti “kənar qüvvələrə” bağlamaq və Cənubi Qafqazda İrəvanı dayaq kimi qəbul etmək mövqeyinin Makronun dilindən təkrarlanması idi. Lakin Əliyevin açıqladığı detallar fonunda sual yaranır:
- Bakı ilə münasibətlərin qurulması üçün şifahi siqnallar göndərən Makron niyə Azərbaycanı açıq mətnlə ittiham edir?
Bu sualın cavabı Əliyevin açıqlamasında var. Prezident bildirdi ki, Fransanın təmasların qurulmasına dair müraciətlərə “Biz hazırıq” cavabını veririk, lakin...
“Bəli, biz elə bu gün hazırıq, amma heç yerə getməyəcəyik, nə Parisə, nə də Brüsselə. Bizimlə görüşmək lazımdırsa, burada, Bakıda mümkündür”.
Görünür, Makron münasibətlərin qurulması üçün Əliyevə minnətçi düşsə də, müzakirələrin Bakıda aparılması şərtini həzm edə bilmir, çünki bu, Fransanın Azərbaycan qarşısında geri addım atdığının əyani nümayişi olacaq. Fransa prezidentinin son çıxışında Azərbaycanı yenidən ittiham etməsində bu amilin də rolu var”.
A.Nərimanlının fikrincə, Makronun Əliyevdən xahişi şifahi şəkildə etməsi də zəifliyini gizlətmək məqsədi daşıyır:
“Hərçənd, Fransanın Azərbaycana ciddi şəkildə ehtiyacı yaranıb, diplomatik depeşa da bunu isbatladı. Birincisi, Paris Afrikada mövqelərinin zəifləməsi prosesini Bakı ilə münasibətlərin yoluna qoyulması ilə tormozlamaq istəyir: “Qara qitə”nin azadlıq mübarizəsində Azərbaycan platforma rolunu oynasa da, baş verənlər geosiyasi hesablaşmanın tərkib hissəsidir və burada Fransaya qarşı olan maraqlı oyunçuların iştirakı var; Geosiyasi hesablaşmada itirən tərəfə çevrilən Paris hadisələrin inkişafına Bakı üzərindən təsir etmək imkanlarını yoxlayır. İkincisi, 44 günlük müharibə və sonrasında ermənipərəst mövqeyinə görə Azərbaycan tərəfindən regional proseslərdən uzaqlaşdırılan Fransa Gürcüstanda da itirən tərəfə çevrildi və Paris anlayır ki, təkcə zəif halqa olan Ermənistana ümid etməklə bölgədə iştirakçılıq payını saxlaya bilməyəcək: Bakı ilə təmasların qurulmasına cəhdin səbəblərindən biri də budur”.