Terrorçuluğa çağırışlar etməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Azərbaycanda terrorçuluğa açıq çağırışlar etməkdə təqsirləndirilən Həmzə Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 8 il müddətində azadlıqdan məhrum olunmasını istəyib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib.

Məhkəmə müşavirə edib.

Müşavirədən sonra hökm elan olunub.

Hökmə əsasən, təqsirləndirilən Həmzə Məmmədli 6 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 214-2 (Terrorçuluğa açıq çağırışlar) və 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar - eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham elan edilib.