Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti 8 yanvar 2025-ci il tarixinə planlaşdırılan Bakı-Kazan-Bakı reysini ləğv etdi. AZAL-ın bununla bağlı məlumatında bildirilirdi ki, bu qərar Kazan üzərində “Kovyor” planı səbəbindən hava məkanının bağlanmasıyla əlaqədar qəbul edilib. Uçuşların təhlükəsizliyi AZAL üçün prioritetdir və aviaşirkət beynəlxalq standartlara ciddi şəkildə riayət edir. Ləğv edilmiş reysin sərnişinləri əlavə məlumat üçün aviaşirkətin çağrı mərkəzinə [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.
AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri dəyişikliklər barədə məlumatlandıracaq. Bundan əvvəlsə - 2024-cü il dekabrın 28-dən eitbarən AZAL Rusiyanın daha 3 şəhəinə - Saratov, Nijni Novqoroq və Vladiqafqaza uçuşları və 5 hava limanına reysləri dayandırıb. bu qərar aviaşirkətin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğraması ilə bağlı aparılan araşdırmaların ilkin nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək riskləri nəzərə alaraq, yekun araşdırma başa çatana qədər Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarına əsasən verilib. Beləliklə, ötən ilin dekabrın 28-dn etibarən Bakıdan Rusiyanın Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa və Samara şəhərlərinə uçuşlar dayandıırlıb. Bakıdan Qroznı və Mahaçqala şəhərlərinə uçuşların dayandırılması barədə qərar isə 2024-cü il dekabrın 25-də verilib. AZAL-ın məlumatında qeyd edilir ki, təhlükəsizlik səbəbindən qeyd edilən istiqamətlər üzrə digər aviaşirkətlərin də uçuşlarının dayandırılması barədə qərar qəbul edilib. Mövcud vəziyyətlə əlaqədar olaraq, bu istiqamətlər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər. Bununla yanaşı, aviaşirkət bütün uçuş təhlükəsizliyi tələbləri və qaydaları rəhbər tutaraq Moskva, Sankt-Peterburq, Yekaterinburq, Həştərxan, Kazan və Novosibirsk şəhərlərinə uçuşları davam etdirəcək. Eyni zamanda Rusiyanın "IrAero", "Ural Airlines" və "UTair" aviaşirkətləri də Ufa, Samara, Vladiqafqaz, Saratov, Nijni Novqorod və Soçidən Azərbaycana reysləri ləğv edib. Rusiya KİV-lərinin məlumatına görə, "UTair" Ufa və Samaradan Bakıya uçuşları ləğv edib. Sərnişinlər artıq SMS vasitəsilə ləğv barədə bildirişlər almağa başlayıblar. Reyslər hələ də bronlaşdırma sistemində qalır, lakin ən azı yanvarın sonuna qədər bilet almaq mümkün deyil. Amma "UTair"in Moskva, Sankt-Peterburq, Tümen və Surqutdan Bakıya reysləri saxlanılır. "IrAero" isə Vladiqafqaz, Saratov və Nijni Novqoroddan Bakıya reysləri cədvəldən çıxarıb. Bu reyslərə biletlər bronlaşdırma sistemindən tamamilə silinib. Qeyd edilir ki, Azərbaycandan Rusiyanın ümumilikdə 10 şəhərinə (Qroznı, Mahaçqala, Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara, Nijni Novqorod, Vladiqafqaz və Saratov) uçuşlar dayandırılıb.
Mövcud vəziyyəti “Şərq”ə şərh edən AZAL-ın sabiq prezidenti Ədalət Əliyev bildirdi ki, reyslərin dayandırılması doğru qərardır:
- Hazırkı durumda, yəni Rusiya-Ukrayna müharibəsi davam etdiyi bir halda Rusiya ərazisinin yarısı konflikt zonası sayılır və hava məkanı da təhlükə altındadır. Rusiya Ukrayna tərəfdən göndərilən PUA-ları vurmağa çalışır. Həştərxan-Moskva, Kazan-Ufa istiqamətləri daim atəş altındadır. Bizim uçuş xəttləri də bu uçuş zolaqları ilə kəsişir. Ona görə də təhlükə realdır və heç kim, heç bir dövlət təminat verə bilməz ki hava məkanı təhlükəsizdir, təyyarələrə kənar müdaxilə olmayacaq, atəş altına düşəməyəcəklər, qəzalar baş verməyəcək. Sərnişinlərin, sərnişin təyyarələrinin təhlükəsizliyi ən yüksək səviyyədə nəzərə alınmalıdır, buna görə də konflikt zonaları üzəri ilə həyat keçirilməli olacaq reyslərin ləğv edilməsi hazırkı situasiyada ən doğru qərardır. Beynəlxalq Mülki Aviasiya qanunlarına görə də sərnişin təyyarələri münaqişə zonalarının hava məkanına daxil olmamalıdır.