Yaxın vaxtlarda Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə hökumətlərarası komissiyasının iclası keçiriləcək, lakin dəqiq tarix məlum deyil.
Bu barədə Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanın Aparatından bildirilib.
Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib ki, bu ay, Azərbaycanın təşəbbüsü və təklifi ilə delimitasiya məsələsini davam etdirmək üçün delimitasiya üzrə Azərbaycan və Ermənistan komissiyalarının növbəti görüşü olmalıdır.
Politoloq Natiq Miri "Sherg.az"a bildirib ki, İlham Əliyevin dünənki çıxışından da bəlli oldu ki, yanvarın sonunda planlaşdırılan görüş Azərbaycanın tələbidir:
"Delimitasiya və demarkasiya məsələsini uzun müddət toxunulmaz saxlamaq mümkün deyil. Çünki münaqişələr həmişə ərazi ilə bağlı olur. İndiki vəziyyətdə Qazaxın 3, Naxçıvanın 1 kəndi hələ də işğal altındadır. Bu problem həll olunmadan qarşılıqlı etimad yarana və gələcək münaqişənin qarşısı alına bilməz. Eyni zamanda son günlərdə Ermənistan tərəfinin Azərbaycan ərazilərini yenidən atəşə tutması dolayısı ilə bu dövlətdə olan geosiyasi güclərin və şəbəkələrin sifarişi ilədir. Hansısa qüvvələr narahatdırlar ki, yanvarın sonunda görüş baş tutarsa, burada müzakirə predmeti Azərbaycanın tələbi ilə işğalda olan ərazilərin qaytarılması məsələsi olacaq. Ona görə də növbəti dəfə prosesi sabotaj etmək üçün bu cür atəşkəsin pozulması yaşanır. Dünən də elə bu baş verdikdən sonra Ermənistanın Baş naziri müdafiə nazirini qəbul etdi. Nikol Paşinyan bunu sosial mediada xüsusi olaraq video vasitəsilə yayımlayaraq bir növ Azərbaycana bildirmək istədi ki, atəşkəsin pozulması hadisəsindən təkcə Azərbaycan deyil, Ermənistan hökuməti də narahatdır".
Analitikin sözlərinə görə, sərhədlərin delimitasiya-demarkasiyası uzun prosesdir:
"Yaxın bir il ərzində onun yekunlaşması mümkün deyil. Çünki Azərbaycanın işğalda olan 4 kəndi ilə bağlı Ermənistanın iddiaları var. Buna görə də sərhədlərin müəyyənləşməsini sülh məsələsindən ayırdılar. Paralel olaraq Ermənistan Azərbaycanla olan sərhəd məsafəsinin 1000 kilometrə yaxın olmasını da düşünüb. Əslində hər iki tərəfin qəbul edəcəyi və prosesin sürətlə icra oluna biləcəyi yerlər mövcuddur. Qarşılıqlı etimad yaratmaq və sülh imzalamaq üçün öncə işğalda olan ərazi məsələsi müzakirə və həll olunmalıdır. Ümumiyyətlə sülh sazişinin 2025-ci il ərzində imzalamaq mümkündür. Azərbaycan anlayır ki, Ermənistan bu mövzuda o qədər də həvəsli deyil. Çünki Tehran onun üçün populyar olmayan addımlar atmaq məcburiyyətində olacaq. Bu da Ermənistanda 2026-cı il parlament seçkiləri öncəsi Nikol Paşinyan hökumətinə qarşı yeni ittihamlar və sui-istifadələrə yol açacaq. Buna görə də Azərbaycan Ermənistana qaçacaq yer qoymamaq üçün Ermənistan rəhbərliyi tərəfindən qəbul olunan əsasnaməyə uyğun olaraq növbəti görüşün təşkil olunmasını tələb edir".