Türkiyə xarici işlər naziri Hakan Fidan deyib ki, Cənubi Qafqaz bölgəsində sülh üçün bir ümid işığı var. Azərbaycanla Ermənistan arasında sülhün təmin edilməsinin son mərhələsindəyik. Nazirin sözlərinə görə, Türkiyə ikitərəfli danışıqları dəstəkləyir.
Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında sülhün imzalanması üçün şərtləri müəyyən edib. Əsas şərt isə, Ermənistanın Konstitusiyasında dəyişiklik etməsidir. Azərbaycan bütün səyləri və atdığı addımlarla regionda sülhün imzalanmasında istəkli olsa da, Ermənistan tərəfinin bu məsələdə "səylərin" sadəcə sözlərdə olduğunu görürük.
Politoloq Tural İsmayılov "Sherg.az"a deyib ki, Hakan Fidan Azərbaycanın necə sülhpərvər olduğunu və sülh üçün çalışdığını yaxşı anlayır:
"Azərbaycanın öz torpaqlarını işğaldan azad etdikdən sonra bölgədə ortaya qoyduğu mövqe sülhə xidmət edir. Yəni ölkəmiz qalib olaraq şərtləri diqtə edən tərəfdir. Buna baxmayaraq Ermənistan hər hansı formada sıxışdırmır. Eyni zamanda regional əməkdaşlığın gələcəyi üçün mütləq şəkildə Cənubi Qafqaza sülhün gəlməli olduğunu bildirir. Bütün bunlar Azərbaycanın sülhpərvər mövqeyinin növbəti dəfə dünyaya izahıdır. Həmçinin Azərbaycanın mövqeləri hər keçən gün daha da artır. Ölkəmizin bu gün Cənubi Qafqaz regionunda əsas güc mərkəzinə çevrilməsi və Ermənistanın mövqeləri ilə hesablaşılması tendensiyası uğurla davam edir. Digər tərəfdən Ermənistan və onun havadarları bölgədə sülhü şantaj etməyə davam etsələr də, Azərbaycan faktiki olaraq böyük işlər görür. Yəni Azərbaycanın mövqeləri regional sülhə, həmçinin Ermənistanla bağlı sülh prosesini daha da dərinləşməyinə xidmət edir. İndi top Ermənistan və onun havadarlarının əlindədir. Türkiyə xarici işlər nazirinin söylədiyi fikirlər də bir növ Ermənistana mesaj kimi dəyərləndirilməlidir. Çünki tarixi bir dövr yetişib. Bundan da hər kəs yararlanmağı bacarmalıdır".