Yaxın Şərq böyük meydandır: Bakı Suriya siyasətində Ankara ilə birgə addımlayacaq

Bu, Azərbaycanın regionda strateji asılılıqlar formalaşdırmaq istəyən bütün qüvvələrə qarşı gedişatına əlavə dəstək qazandırır

“Türkiyə Suriyada demokratik sivil hökumətin qurulmasını istəyir”. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. Onun sözlərinə görə, rəsmi Ankara Suriyadakı yeni hakimiyyətə kömək edəcək:Biz Suriyada demokratik mülki hökumət qurmağa çalışırıq. Suriyada yeni hökumətin Bəşər Əsədin hərəkətlərini təkrarlamasını istəmirik. Türkiyə Suriyada İranı əvəz etmək fikrində deyil. Tehranın yeni vəziyyətdən xəbərdar olduğunu nəzərə alsaq, Suriyanın mübahisələr meydanına çevriləcəyini düşünmürəm”. Nazir əlavə edib ki, Türkiyə ABŞ və Suriyanın yeni hakimiyyət orqanları arasında vasitəçi rolunu oynamağa hazırdır. Bundan əlavə, Fidan vurğulayıb ki, Ankara Suriyadakı vəziyyətlə bağlı Səudiyyə Ərəbistanı ilə ən yüksək səviyyədə hərəkətləri koordinasiya edir. H.Fidan əlavə edib ki, Türkiyə Suriyada Bəşər Əsəd administrasiyasının devrilməsinə səbəb olan silahlı müxalifətin əməliyyatında iştirak etməyib. O, Türkiyənin belə bir prosesin bir parçası olmadığını qeyd edib: “HTŞ və digər müxaliflərin başlatdığı əməliyyatdan sonra biz bunun ən qansız, problemsiz baş tutması üçün çox səy göstərdik, lakin bundan əvvəl heç bir ölkə və ya qrupla bir araya gəlib, əməliyyat planlaşdırmadıq”. Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​deyib ki, Türkiyə ABŞ-ni Suriyada PKK terror təşkilatını məhv etmək niyyəti barədə məlumatlandırıb və Vaşinqtonun mövqeyinə yenidən baxacağına ümid edir. O vurğulayıb ki, nə Suriya xalqı, nə yeni Suriya rəhbərliyi, nə də Türkiyə PKK-nın Suriyada fəaliyyət göstərməsinə icazə verəcək: “Bizim prioritetimiz PKK terror təşkilatını məhv etməkdir. Biz bunu amerikalı tərəfdaşlarımıza açıq şəkildə çatdırdıq. Onların mövqelərini yenidən nəzərdən keçirmələrini gözləyirik”. 
Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib ki, Rusiya Suriya ətrafında vəziyyətlə bağlı danışıqlar aparmaq üçün Türkiyə və İranla yeni görüşlər keçirməyi gözləyir: "Baxacağıq, ümid edirəm ki, gələcəklər. Həm Türkiyə, həm də İranla yaxşı münasibətlərimiz var və düşünürəm ki, bunu davam etdirmək faydalı olacaq". Məlumat üçün deyək ki, Bəşər Əsəd rejiminin süqutundan sonra qaçqınların Suriyaya qayıdışı artıb. Təkcə dekabrın 9-dan 13-dək olan müddətdə Türkiyədən öz vətənlərinə könüllü olaraq 7621 qaçqın qayıdıb və ümumilikdə bu ilin 11 ayı ərzində bu göstərici 121 min 695 nəfər təşkil edib. Türkiyənin daxili işlər naziri Əli Yerliqaya deyib ki, Türkiyədə Suriyadan olan qaçqınların sayı 2 milyon 938 min nəfərdən çoxdur, onların əksəriyyəti Hələb vilayətinin sakinləridir. Qeyd edək ki, rəsmi Bakı Türkiyənin Yaxın Şərq siyasətini birmənalı dəstəkləyir və bütün proseslərdə Ankaranın yanında olacağını bəyan edir. 

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Aqşin Kərimov "Sherg.az"a açıqlamasında deyib ki, Türkiyənin regional və beynəlxalq siyasətdəki yerini Suriya qədər müəyyən edən ikinci bir böhran olmayıb. Ekspertə görə, bu, Ankaranın strateji müttəfiqi Azərbaycanın xarici siyasət vektorlarının təyininə strateji elementlər qatır:
 "Türkiyənin Suriyada həm ABŞ, həm Rusiya, həm də İran qarşısında üstünlüklər qazanması onun Cənubi Qafqazdakı nüfuz xəritəsini genişləndirir. Bu, Azərbaycanın regionda strateji asılılıqlar formalaşdırmaq istəyən bütün qüvvələrə qarşı gedişatına əlavə dəstək qazandırır. Bu, Azərbaycanın Türkiyə ilə qarşılıqlı şəkildə yenidən regional formalaşma paradiqmalarını əhatə edir. Rəsmi Bakı Bəşər Əsədin devrilməsinin Cənubi Qafqazdakı geosiyasi təsirləri fonunda bu regiondakı xarici oyunçular qarşısında təhlükəsizlik, siyasi və diplomatiya baxımından getdikcə daha çox populyar olan strategiya formalaşdırır. Azərbaycan bunu həm mövcud bazalar əsasında, həm də yeni şəkilləndirmə layihəsi olaraq daha çox təsir və güc əldə etməyə hazırlıq mərhələsi kimi qiymətləndirir. Bu, Azərbaycan üçün eksklüziv fürsətlər tanıyır ki, o, sərhədlərinin təhlükəsizliyindən tutmuş, Zəngəzur dəhlizinin açılmasına, eyni zamanda Qərbi azərbaycanlıların qayıdışı məsələlərinə qədər geniş portfeldə təsir rıçaqlarını yeniləsin". 

Analitik vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazdakı möhkəm yeri ilə bərabər bu regionun hüdudlarından kənardakı münasibətlər sisteminə də tədrici nüfuz edir:
 "Bakının belə tutumu onun Türkiyə ilə strateji müttəfiqlik kursunu yenidən qurmağa, başqa tərəfdaşları ilə əməkdaşlıq arealını məharətlə idarə etməyə təkan verir. Üstəlik, Azərbaycan Türkiyənin qarşılıqlı dəstəyi ilə Suriya və İraqdakı türkman coğrafiyalarında prestij əldə etmək şansları qazanır. İrandakı türk nüfuzu ilə əməkdaşlıq imkanları açılır. Cənubi Qafqazda daha əhatəli və qanuni siyasi nizamın yaradılmasına sövq edilən addımlar müəyyən edilir".