Araşdırmaçı-jurnalist: Kreml “Rus Evi”ndən məhrum olmaq istəmir

Acınacaqlı aqibətdən qaçmaq üçün Rusiya Azərbaycanın siyasi-diplomatik həmlələrinin qarşısında geri çəkilməli oldu

Nəticə etibarilə, Rusiya-Azərbaycan gizli savaşının bu mərhələsi ölkəmizin qələbəsi ilə başa çatmış sayıla bilər

Məlum olduğu kimi Azərbaycan “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya nota göndərib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib ki, Azərbaycan Respublikası ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir. Onun sözlərinə görə, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra, 3 fevral 2025-ci il tarixində “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib: "Bununla, Azərbaycan tərəfinin ölkəmizdə “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək, Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməsi gözlənilir". Rusiya Xarici İşlər Nazirliyi “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Azərbaycandan nota aldığını təsdiqləyib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, Rusiya Azərbaycanın notasına cavab olaraq “Rus Evi” qeydiyyatı üçün lazımi işləri görməyə hazır olduğunu bəyan edib: “Bunu əlbəttə ki, Azərbaycanın qanunvericiliyinə uyğun olaraq və ikitərəfli hökumətlərarası saziş əsasında etməyə hazırıq. Biz dəfələrlə diplomatik kanallarla müvafiq məsləhətləşmələr çərçivəsində bu məsələni müzakirə etməyi təklif etmişik. Bu təkliflər yazılı şəkildə Azərbaycan tərəfinə göndərilib. Ona görə də biz ümid edirik ki, bu məsələ müsbət əsasda həll olunacaq”. 
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, "Rus Evi"nin bağlanması ilə bağlı ikitərəfli münasibətlər səviyyəsində qərar verəcək. Onun sözlərinə görə, Kreml bunu anlaşılmazlıq hesab edir. Peskov Rusiyanın Bakıda “Rus Evi”nin bağlanmasından təəssüfləndiyini qeyd edib: “Biz buna təəssüflənirik. Bu məsələnin həllinə ikitərəfli təmaslarla nail olmaq olar... Biz bu məsələni müxtəlif səviyyələrdə həmkarlarımız qarşısında qaldıracağıq. Əgər ən yüksək səviyyədə təmaslar olarsa, o zaman iki dövlət başçısının dialoqunda bu məsələnin gündəmə gətiriləcəyini yəqin ki, istisna etmirik. Biz mehriban, ənənəvi münasibətlərimizi rəhbər tutaraq bu problemləri dialoq yolu ilə həll edəcəyik”.

Siyasi şərhçi, araşdırmaçı-jurnalist Bəybala Mirzəyev "Sherg.az"a deyib ki, paytaxtımızdakı “Rus Evi” ilə bağlı Azərbaycan hökumətinin Rusiya tərəfinə nota verməsi rusiyalı politoloqlar, propaqandist tv-aparıcılar, blogerlər arasında narazılıqla qarşılansa da, rəsmi Moskva isə bu məsələdə haqsız, ədalətsiz olduğunu başa düşərək, bu dəfə Bakıya qarşı demarşa getmədi. Ekspert vurğulayıb ki, təyyarə məsələsindən fərqli olaraq, Moskva bu məsələdə dirəşməmək qərarına gəlib:
 "Kremldə oturanlar başa düşürlər ki, Azərbaycan Respublikası ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir. Məhz buna görə də Rusiya tərəfinə nota göndərilib. Bakı haqlı olaraq tələb edir ki, "Rus Evi" adlandırılan mərkəz, yerli qanunvericiliyə əsasən hüquqi şəxs kimi qeydiyyatdan keçməlidir. Azərbaycan tərəfinin ölkəmizdə “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə qərarından sonra Kremlin geri addım atması və bu mərkəzin qeydiyyata alınması ilə bağlı Bakının tələblərini yerinə yetirməyə hazır olduğunu bildirməsi həm də onunla bağlıdır ki, Bakıdakı "Rus Evi" bağlanarsa, bu, zəncirvari effekt doğura bilər. Azərbaycanın ardınca digər ölkələr də "Rus ev"lərinin bağlanmasına qərar verə bilərlər. Bu isə öz növbəsində həm Rusiyanın beynəlxalq imicinə ağır zərbə vuracaq. Həm də Moskva "Rus evləri"nin timsalında "yumşaq güc" rıçağından məhrum olacaq. Məhz belə bir acınacaqlı aqibətdən qaçmaq üçün Rusiya Azərbaycanın siyasi-diplomatik həmlələrinin qarşısında geri çəkilməli oldu. Nəticə etibarilə, Rusiya-Azərbaycan gizli savaşının bu mərhələsi ölkəmizin qələbəsi ilə başa çatmış sayıla bilər. Onu da qeyd edək ki, hüquqi qeydiyyatdan sonra "Rus Evi"nin nizamnamədənkənar addımlarını, o cümlədən casusluq fəaliyyəti cəhdlərini daha asan fiksə edə biləcəyik".