- “Peşəkar jurnalistikanın prinsiplərinə sadiqlik önəmlidir”
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “Şərq” qəzetinin təsisçisi- baş redaktoru, Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlıya qəzetin 30 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb.
Məktubda “Şərq” qəzetinin müstəqillik dövrü Azərbaycan jurnalistikasının inkişafında, cəmiyyətin obyektiv və operativ informasiya ilə təmin olunmasında, ictimai fikrin formalaşmasında xidmətləri yüksək qiymətləndirilib.
Fazil Mustafa bildirib ki, 1996-cı ildə əsası qoyulan “Şərq” ötən 30 il ərzində peşəkar mövqeyi və milli maraqlara əsaslanan informasiya siyasəti ilə seçilərək ölkənin aparıcı media orqanlarından birinə çevrilib.
Təbrikdə qəzetin ictimai fikir tribunasına çevrilməsi, ölkənin siyasi, sosial və mədəni həyatının işıqlandırılması, milli-mənəvi dəyərlərin təbliği, dünyəvi dövlətçilik düşüncəsinin möhkəmləndirilməsi istiqamətində fəaliyyəti xüsusi vurğulanıb.
Komitə sədri “Şərq” qəzeti və “sherg.az” portalının vətəndaş cəmiyyəti institutlarının, elm, mədəniyyət və ictimai xadimlərin fəaliyyətinin işıqlandırılmasına verdiyi töhfələri də təqdir edib.
Məktubda qeyd olunub:
“Çağdaş informasiya mühitində peşəkar jurnalistikanın prinsiplərinə sadiq qalmaq, operativliklə məsuliyyət arasında tarazlığı qorumaq, milli maraqları və ictimai mənafeyi əsas tutmaq önəmlidir”.
Fazil Mustafa “Şərq” qəzetinin bundan sonra da milli mətbuatın inkişafına, sağlam ictimai düşüncənin formalaşmasına, milli-mənəvi dəyərlərin və dövlətçilik maraqlarının təbliğinə töhfələr verəcəyinə əminliyini ifadə edib.
Sonda komitə sədri Akif Aşırlını, qəzetin yaradıcı kollektivini və çoxsaylı oxucularını 30 illik yubiley münasibətilə təbrik edərək onlara yeni yaradıcılıq uğurları arzulayıb.