Ermənistan və Azərbaycan sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsi üzrə razılığa gəliblər və onun imzalanmasına heç bir maneə yoxdur.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Baş nazir Ermənistandakı revanşist qüvvələrin müharibə çağırışları etdiklərini etiraf edib.
“Ermənistan-Azərbaycan eskalasiyasını və müharibəsini unudun. Biz birlikdə Cənubi Qafqazın tarixində yeni səhifə açmalıyıq və eyni vaxtda sülh sazişi və Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə Ermənistan-Azərbaycan birgə müraciətini imzalamağa hazırıq”, - Paşinyan bildirib.
Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü "Sherg.az"a bildirib ki, Paşinyan növbəti dəfə söz oyunlarına əl atmaqla manipulyasiya siyasətini davam etdirir.

"Ermənistanın Baş naziri hər zamankı kimi manipulyativ və reallıqdan uzaq bəyanatlarla çıxış edir. Onun bu cür açıqlamaları ilk növbədə daxili auditoriyanı sakitləşdirmək və xalqın diqqətini əsas problemlərdən yayındırmaq məqsədi daşıyır. Paşinyan, açıq şəkildə, erməni ictimaiyyətini yanlış yönləndirməyə, onları aldatmağa və reallıqdan uzaq təsəvvürlər formalaşdırmağa çalışır. Əgər o, doğrudan da səmimi olsaydı, Azərbaycan və Ermənistan arasında sülh sazişi çoxdan imzalanmış olardı. Çünki rəsmi Bakı bu istiqamətdə üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməyə hazır olduğunu dəfələrlə nümayiş etdirib.
Təəssüf ki, Ermənistan tərəfindən heç vaxt konkret və əməli addımlar müşahidə olunmayıb. Əksinə, Paşinyan və onun hökuməti müxtəlif bəyanatlarla ictimaiyyəti çaşdırmağa, eyni zamanda Azərbaycanı beynəlxalq aləmdə neqativ şəkildə təqdim etməyə çalışır. Onlar Azərbaycanın imicinə xələl gətirmək, ölkəmizi guya irticaçı və qeyri-konstruktiv mövqedə olan bir dövlət kimi göstərmək niyyətindədirlər".
Siyasi şərhçi əlavə edib ki, əslində sülhün imzalanması üçün Azərbaycanın tələbləri çox açıq və aydındır:
"Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması və artıq əhəmiyyətini itirmiş ATƏT-in Minsk qrupunun fəaliyyətinin tamamilə dayandırılması. Paşinyanın guya Minsk qrupunun fəaliyyətsizliyini qəbul etməsi ilə bağlı son açıqlamaları isə tamamilə səmimiyyətdən uzaqdır və yenidən daxili auditoriyaya hesablanmış ucuz gediş kimi qiymətləndirilə bilər".