Qərbi Azərbaycana qayıdış prioritetdir: Türk dünyası da həmrəy olmalıdır

Qərbi Azərbaycan məsələsi artıq beynəlxalq gündəliyə daxil edilib. Bunu Prezident İlham Əliyev “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda Ankarada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində deyib. Dövlət başçısı vurğulayıb ki,  2020-ci il Vətən müharibəsində qazanılmış şanlı Zəfər, 2023-cü ildə suverenliyimizin tam bərpası, hazırda Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, keçmiş məcburi köçkünlərin öz evlərinə qayıdışı Qərbi azərbaycanlılarda da böyük ruh yüksəkliyi yaradıb və onların daha mütəşəkkil qaydada fəaliyyət göstərməsinə imkan verib. Prezidentin sözlərinə görə, Qərbi Azərbaycan İcmasının beynəlxalq hüquqa uyğun dinc təşəbbüsləri təqdirəlayiqdir və dünya ictimaiyyəti tərəfindən dəstəklənir: "Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə Ermənistandakı dədə-baba torpaqlarına qayıdışının təmin edilməsi regionda sülhün, insan hüquqlarının və barışığın bərqərar olması üçün vacib şərtdir".

Politoloq Əlisahib Hüseynov Sherg.az-a deyib ki, Prezident İlham Əliyevin fikirləri bir daha onu göstərdi ki, bu gün azərbaycanlıların Ermənistanın tərkibində olan Qərbi Azərbaycana -  öz tarixi torpaqlarına qayıtması məsələsi həm dövlətimiz, həm də ictimaiyyətimiz üçün prioritet məsələ kimi aktuallığını saxlayır. Ekspert bildirib ki, Qərbi Azərbaycan məsələsi nə unudulub, nə də arxa plana keçirilib:
 "Bu məsələ Azərbaycan Respublikası üçün mühüm və siyasi baxımdan olduqca həssas məsələdir. Rəsmi Bakı öz yurd-yuvasından didərgin salınmış yüz minlərlə Qərbi azərbaycanlının vətənə qayıtmaq hüququnun getdikcə daha geniş çərçivədə müdafiəsini təşkil etməyə, bu məsələni bütün dünya birliyinin diqqət mərkəzinə gətirməyə başlayır. Ankarada keçirilən beynəlxalq konfrans da bunun əyani təsdiqidir. Azərbaycan və Türkiyə nümayəndələrinin bir araya gəldiyi bu konfransa ünvanlanan müraciətində Cənab Prezident bir daha bəyan edib ki, Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə Ermənistandakı dədə-baba torpaqlarına qayıdışının təmin edilməsi regionda sülhün, insan hüquqlarının və barışığın bərqərar olması üçün vacib şərtdir. Lakin eyni zamanda, dövlətimizin başçısı onu da vurğulayıb ki, Qərbi azərbaycanlıların qayıdış istəyi Ermənistana qarşı ərazi iddiası demək deyil. Prezidentin müraciətində hazırkı Ermənistan rəhbərliyi tərəfindən Qərbi azərbaycanlıların qayıdışına imkan verilməməsinin sülhə mane olması faktı da yer alıb. Bildirilib ki, rəsmi İrəvan UNESCO-nun monitorinq missiyasına icazə verməli, qayıdış mövzusunda İcma ilə dialoqa başlamalı, Ermənistan rəhbərliyi İcmanın nümayəndələrini qəbul etməlidir. Bunlar Azərbaycan tərəfinin çağırışları, gözləntiləridir. Dövlət başçısı, həmçinin müraciətində Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıdacağına və bölgədə davamlı sülhün bərqərar olacağına inamını ifadə edib. Bu inam, bu tələb beynəlxalq hüquqa və ədalətə inamın təzahürüdür. Bəli, didərgin düşmüş, öz daimi yaşayış yerindən zorla köçməyə məcbur edilmiş hər bir insan doğma yurduna qayıtmaq hüququna sahibdir. Bu, beynəlxalq hüququn əsas prinsiplərindən biridir və bu prinsip heç bir şəkildə inkar edilə bilməz".

Analitik qeyd edib ki, Qərbi Azərbaycana qayıdış məsələsinin qardaş Türkiyənin paytaxtında bir çox tanınmış siyasi və ictimai xadimlərin, millət vəkillərinin, elm adamlarının iştirakı ilə keçirilən konfransda geniş müzakirəyə çıxarılması Qərbi Azərbaycan həqiqətlərinin Türk dünyası müstəvisinə çıxarılması və dünyaya yayılması, tanıdılması baxımından olduqca vacib hadisədir: 
"Türk dünyası üçün vacib olan bütün sahələr daim gündəmdə olmalıdır. Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində bütün aktual mövzular kimi Qərbi Azərbaycana qayıdış məsələsi də gündəmə gətirilməlidir. Ermənilər çar Rusiyası və sovetlər dönəmində təkcə azərbaycanlılara qarşı yox, digər türk xalqlarına qarşı repressiya və soyqırımlarında, deportasiyalarda da fəal iştirak ediblər. Bu gün bütün bu ağrılı həqiqətlərin birlikdə üzə çıxarılmasının məqamı yetişib. Biz tarixi ədalətin bərpası üçün birlik və həmrəylik göstərməliyik. Bu baxımdan, Azərbaycan və Türkiyə nümayəndələrinin bir araya gəldiyi Ankara konfransı bütün Türk dünyası üçün müsbət örnəkdir".