Adını da sevgi qoyurlar, ancaq elə deyil  - Gərək evlilik yaşını, təhsilini gözləyəsən

Bakıda itkin düşmüş 15 yaşlı qızın evlənmək məqsədilə qaçırıldığı məlum olub. Nizami rayon Polis İdarəsinə paytaxt sakini, 2007-ci il təvəllüdlü R. Hüseynovanın itkin düşməsi ilə bağlı yanvarın 17-də məlumat daxil olub.
Əməliyyat-axtarış tədbirləri nəticəsində R. Hüseynovanın sevgi münasibətində olduğu Məhəmməd adlı şəxslə əvvəldən razılaşaraq evlənmək məqsədilə evdən qaçdığı müəyyən edilib.
Uşaqlar bizim gələcəyimizdir. Daim onların sağlamlığı, təhsili, tərbiyəsi və.s ilə bağlı mövzular diqqətimizdə olmalıdır. Onları qorumaq hər birimizin vəzifəsidir. Lakin son zamanlar uşaqların qaçırılması halları çoxalıb. Bəzən diləndirmək, bəzən orqanlarından istifadə etmək, bəzən də hər hansı maraqları üçün oğurlanır. Uşaqların evlilik üçün qaçırılması da bu günün problemi deyil. 
Bəs, XXI əsrdə uşaq evlilikləri nə üçün aktualdır? Bu cür evliliklər hansı fəsadları yaradır?
“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova  mövzu ilə bağlı “Sherg.az”a danışarkən deyib ki, 18 yaşından aşağı uşaqların evlilik arzusu emosianal vəziyyətdən yaranır:
“Pandemiya zamanı məhdudiyyətlər vardı. Məktəblər də bağlanmışdı. Proqnoz verilirdi ki, pandemiyadan sonra erkən nikah məsələsi aktuallaşa bilər. Əgər bir uşaq erkən evliliyi düşünürsə, bu, düzgün qərar verməməyin nəticəsidir. Onlar öz gələcəkləri ilə bağlı doğru addımı ata bilmirlər”.
Mehriban Zeynalova  valideynlərin bu proseslərdə xüsusi təsiri olduğunu qeyd edib:
“Çox vaxt uşaqları nikaha məcbur edirlər. Düzdür, uşaq özü gedib. Amma bu məsələ ilə bağlı  aidiyyətı qurumlar onunla danışmalıdır. Çünki bu hadisə cinayət sayılır. Qanun buna icazə vermir”.
Birlik sədri Cinayət Məcəlləsində cəzaların qeyd olunmasına baxmayaraq, təqsirli şəxslərin bunu rahatlıqla etdiyini vurğulayıb:
“Halbuki, uşaqla cinsi əlaqəyə girmək cinsi zorakılıqdır. Bu məsələni tətbiq edən kişi olduğu üçün xüsusi tədbirlər onunla bağlı aparılmalıdır. Adını da sevgi qoyurlar. Sevgi o demək deyil ki, cinayət əməli törədəsən. Gərək evlilik yaşını, təhsilini gözləyəsən”.
M.Zeynalova fəsadlardan da bəhs edib:
“Nə qızın sağlamlığı nəzərə alınır, nə də genetik faktorların təhlükə yaradıb-yaratmayacağı yoxlanılır.  Həm rəsmi nikah aktı , həm də əmlak məsələləri həll oluna bilmir. Hələ azyaşlının uşaq dünyaya gətirməsi məsələsi də var. Göründüyü kimi, düşünmədən evlənməyin özü fəsadlara gətirib çıxardır. Bu bir-iki nəfərin problemi deyil. Zəncir kimi gedir. Bu da, ölkə büdcəsinə zərər vurur”.
Cəmilə ƏZİM