Ərdoğanın Naxçıvan səfəri yeni regional reallığı möhkəmləndirdi
Türkiyə və Azərbaycanın təhlükəsizlik arxitekturası birlikdə hərəkət edir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə Azərbaycanda səfərdə olub. Dövlət başçısı İlham Əliyevlə Naxçıvanda görüşən Türkiyə lideri İğdır-Naxçıvan qaz kəmərinin və hərbi kompleksin açılışında iştirak edib. Türkiyə ilə Azərbaycan arasında bir sıra mühüm sənədlər də imzalanıb. Liderlər ikitərəfli görüşdən sonra mətbuata bəyanatla çıxış edərək son günlər bölgədə, Qarabağda baş verənlərlə bağlı önəmli mesajlar da veriblər. Türkiyə Prezidenti Azərbaycanın haqlı mübarizəsinə diqqət çəkərək rəsmi Bakının addımlarına dəstək ifadə edib. Ərdoğan Zəngəzur dəhlizinin önəminə də diqqət çəkib.
Millət vəkili Sahib Alıyev deyib ki, Türkiyə Prezidenti R.T.Ərdoğanın Naxçıvana səfəri iki müttəfiq ölkə arasında əlaqələrin dərinləşdirilməsindən daha çox, yeni regional reallığın möhkəmləndirilməsinə xidmət edirdi. Deputatın sözlərinə görə, səfər zamanı Naxçıvanın enerji potensialını artıracaq və İrandan gələn qazdan asılılığına son qoyacaq bir sıra anlaşmalar çox önəmli idi: "Eləcə də Naxçıvanda hərbi kompleksin açılışı bölgə haqda qara fikirlilərə, yaxud haylar kimi müəyyən xülyalara qapılanlara göstərdi ki, oradakı əlahiddə ordu heç bir halda zəifləməyəcək. O, hətta uzun vaxt çərçivəsində qarşısına qoyulan istənilən döyüş tapşırığını yerinə yetirmək əzmində və gücündədir. Bununla yanaşı, Türkiyə prezidentinin səfərində çox qabardılmasa da, düşünürəm ki, ən mühüm məsələlərdən biri məhz Zəngəzur dəhlizi idi. Diqqət yetirdinizsə, cənab Ərdoğan mətbuata bəyanatının lap əvvəlində “Türkiyəni Türk dünyası ilə birləşdirən Naxçıvanda birlikdə olmaqdan böyük məmnunluq duyuram” cümləsini işlətdi. Bu da Zəngəzur dəhlizi açılmadan mümkünsüzdür. Eyni zamanda Azərbaycan Prezidentinin Qars-Naxçıvan dəmir yolunun inşasına dair niyyət protokolunun imzalanmasını “tarixi hadisə” adlandırması, onun “Orta Dəhlizin həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcək bir qolu” kimi təqdim etməsi də bundan xəbər verirdi. Cənab İlham Əliyevin Şərqi Zənəzurda tikintisi gedən və 2024-cü ilin sonunadək təhvil verilməsi gözlənilən dəmir yolunun “Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirəcəyini vurğulaması da o deməkdir ki, Naxçıvan-Qars dəmir yolu bir növ bunun davamı kimi nəzərdə tutulur və Zəngəzur dəhlizi açılmadan bu, mümkün deyil. Zəngəzur dəhlizinin açılacağına əminlik olmadan isə tikintisinə yetərincə böyük vəsait sərf edilən və ediləcək dəmir yolu xətlərinin inşasına başlanılmaz, bu haqda niyyət protokolu imzalanmazdı".
Politoloq Turab Rzayev də bildirib ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlər xüsusi strateji əhəmiyyətə malikdir. Analitik vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətləri sadəcə iki müttəfiq ölkənin əlaqəsindən, strateji partnyorluqdan çox daha öndədir: "Hətta deyərdim ki, Türkiyə və Azərbaycanın təhlükəsizlik arxitekturası birlikdə hərəkət edir. Faktiki olaraq iki dövlət tandem ölkələr şəklində eyni istiqamətdə, bir-biri ilə davamlı məsləhətləşərək vahid hədəflər uğrunda mübarizə aparırlar. Xüsusən, bölgədə hazırda gərgin dönəm hökm sürür. Ermənistanın vaxtaşırı müharibəyə hazırlaşdığını görürük. Xarici dövlətlərin region uğrunda qızğın mübarizəsi var. Rusiya Cənubi Qafqazda öz varlığını qorumağa çalışır. Fransa, ABŞ, İran və digər ölkələr bölgəyə müdaxilə etməyə cəhd göstərirlər. Ermənistan hərbi cəhətdən təchiz edilir, Azərbaycana qarşı dəstəklənir. İrəvanda revanşist meyillər də güclənməkdədir. Bütün bu hadisələr fonunda cənab Ərdoğanın Azərbaycana səfəri xüsusi əhəmiyyət kəsb edirdi. Şübhəsiz, tərəflər arasında bütün strateji məsələlər daim müzakirə olunur".
Müsahibimiz vurğulayıb ki, əsas gündəm Qarabağda baş verən proseslər, erməni sakinlərlə bağlı atılacaq addımlar, Ermənistanla münasibətlərdir:
"Ərdoğan öz ad gününü Xocalıda keçirəcəyini demişdi. Ümid edək ki, yaxın aylarda bunu reallaşdırmaq mümkün olacaq. Azərbaycanla Avropa Birliyi arasında yeni strateji anlaşma əldə olundu. Avropa Azərbaycandan aldığı qazın artırılmasını istəyir. Qazın nəqli Türkiyə üzərindən olduğuna görə bu məsələ də hazırda müzakirə mövzusudur. İğdır-Naxçıvan qaz kəmərinin açılışı oldu. Mümkündür ki, bundan sonra Zəngəzur dəhlizi ilə qaz Naxçıvandan keçməklə Türkiyə üzərindən Avropaya çatdırılsın. Düşünürəm ki, artıq Şuşada konsulluğun açılmasının da vaxtı çatıb. Eyni zamanda Naxçıvanda da Türkiyənin hərbi varlığı artırılmalıdır".