İran ABŞ və İsrailə qarşı yeni zərbələrə hazırlaşır: Tehran pilotsuz təyyarə ehtiyatlarını artırıb

İran ABŞ və İsraillə mümkün yeni hərbi qarşıdurma fonunda pilotsuz uçuş aparatlarının istehsalını genişləndirib və böyük ehtiyatlar yaradıb.

Sherg.az xəbər verir ki, bunu İran ordusunun komandanı, general Əmir Hatəmi bildirib.

“İstehsal mərkəzlərinin imkanlarını genişləndirmişik və indi əlimizdə kifayət qədər böyük pilotsuz uçuş aparatı ehtiyatı var”, – deyə Hatəmi İran dövlət teleradio şirkətinin reportajında bildirib.

İranın dövlət teleradio şirkəti yaxın vaxtlarda Tehranın yeni pilotsuz uçuş aparatını təqdim edəcəyini də açıqlayıb. Aparatın texniki xüsusiyyətlərinin daha sonra ictimaiyyətə açıqlanacağı qeyd olunub.

Bundan əvvəl “Drop Site” nəşri adı açıqlanmayan iranlı rəsmiyə istinadən Tehran kəşfiyyatının İsraildə oktyabrın 27-nə təyin edilmiş seçkilərdən əvvəl genişmiqyaslı bombardmanların başlanması ehtimalını yüksək qiymətləndirdiyini yazıb.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrandakı obyektlərə zərbələr endirməyə başlayıb. Tehran buna cavab olaraq hücumlar həyata keçirib. Münaqişə hələ də həllini tapmayıb.

Gərginliyin artması Hörmüz boğazından gəmiçiliyin demək olar ki, dayanmasına səbəb olub. Bu marşrut dünya bazarına neft, neft məhsulları və mayeləşdirilmiş təbii qaz tədarükü baxımından mühüm əhəmiyyət daşıyır.

İran İslam İnqilabı Keşikçiləri Korpusu da sentyabrda Hörmüz boğazının şərqində gəmiçilik üçün qadağan olunmuş zona yaradıldığını açıqlamışdı. Həmin ərazidən keçmək istəyən gəmilərin İranla koordinasiya aparmalı olduğu bildirilmişdi.