Marsa uçuş zamanı astronavtları ölümcül radiasiya təhlükəsi gözləyir

Marsa insanlı ekspedisiya təşkil etmək texniki baxımdan mümkün olsa da, kosmik şüalanma astronavtların həyatı üçün ciddi təhlükə yaradır.

Sherg.az xəbər verir ki, Bolqarıstan Elmlər Akademiyasının astrofiziki Yordanka Semkova Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunda keçirilən simpoziumda bildirib ki, hazırkı raket texnologiyaları ilə Marsa uçuş zamanı ekipaj həddindən artıq yüksək radiasiya dozasına məruz qala bilər. Bu barədə RTVI məlumat yayıb.

Professorun qiymətləndirməsi “Curiosity” Mars aparatındakı RAD detektorunun və “ExoMars-TGO” zondunda yerləşdirilən Bolqarıstanın “Lyulin-MO” dozimetri cihazının onillik müşahidələrinə əsaslanır.

Hesablamalara görə, Homan trayektoriyası ilə həyata keçirilən və Marsın səthində 500 gün qalmağı nəzərdə tutan missiya zamanı qalaktik kosmik şüalanmanın dozası Günəş aktivliyinin maksimum olduğu dövrdə 0,65 zivert, minimum olduğu dövrdə isə 1,59 zivert təşkil edə bilər.

Müqayisə üçün qeyd edək ki, NASA astronavtları üçün karyera ərzində icazə verilən radiasiya dozası 0,6 zivertdir. Günəş aktivliyinin minimum olduğu dövrdə Marsda cəmi 30 gün qalmağı nəzərdə tutan, ümumilikdə 440 gün davam edən ən qısa missiya belə bu həddi aşa bilər.

Bununla belə, alimlər hesab edirlər ki, radiasiya təhlükəsini azaltmaq mümkündür. Bunun üçün uçuşun başlanacağı vaxtın, trayektoriyanın və eniş yerinin düzgün seçilməsi, Günəşdən gələn yüksək enerjili hissəciklərin davamlı izlənməsi və kosmik gəmidə xüsusi radiasiya sığınacağının yaradılması vacibdir.

Eyni zamanda, Rusiya ilə Çin Marsa birgə missiya çərçivəsində cihaz və avadanlıqların hazırlanmasına başlayıb. Bu barədə “Roskosmos”un rəhbəri Dmitri Bakanov məlumat verib.