"Araz” market məsuliyyətdən yayına bilməz - EKSPERT

"Keyfiyyətsiz mala görə bütün məsuliyyət satıcının üzərindədir”

"İstehlakçını istehsalçıya yönləndirmək qanun pozuntusudur"

“Karton qablaşdırmada guya natural şirələr barədə çoxsaylı şikayətlər daxil olur. Vətəndaş alır, qapağı yan tərəfdən açıb içir, amma dibindı nə var, görmür, bilmir. İstehlakçılar belə məsələlərdə diqqətli olmalıdır. İçində nə olduğu, nə olacağı bilinməyən məhsullardan istifadə edilməsə yaxşıdır”.

Bu sözləri “Sherg.az”a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov dedi.

Qeyd edək ki, natural meyvə şirəsi qutusunda yad cisim aşkarlanmasıyla bağlı sosial şəbəkədə video paylaşılıb. Müştəri “Araz” marketdən aldığı meyvə şirəsinin qutusunu marketə gətirərək satış şöbəsindən buna izah vermələrini istəyib. Satış şöbəsi isə vətəndaşa “istehsalçıdan soruşun”, cavabını verib. Alıcı isə “bunu uşaq üçün almışdıq, uşaq içdi, dibində elə bir yad cisim olduğunu gördük. Uşaq zəhərlənsə, kim cavabdeh olacaq?” desə də, market rəhbərliyi məsuliyyəti üzərindən ataraq istehsalçını günahkar bilib. 

E.Hüseynov qeyd etdi ki, “İstehlakşı hüquqularının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə, bütün hallarda malı satan cavabdehdir: 

- Təhlükəli, keyfiyyətsiz, istifadə müddəti bitmiş, zərərli olduğu aşkaralanan və sair mal, məhsul satılarsa burada məsuliyyət satıcınındır. Çox təəssüf ki market rəhbərliyi istehlakçının sözünün qarşısına söz deyir, onu istehsalçıya yönləndirirlər. Onda belə çıxır ki, yumurta xarabdırsa səbəbin toyuqdan soruşmalıyıq. Bu qədər absurd yanaşma sərgiləyirlər və bu, qanun pozuntusudur. Malı qəbul edən tərəf məhsulun təhlükəsizliyini bilib qəbul etməlidir. Bu hal istehlakçı hüququnun ciddi şəkildə pozulmasıdır və bu situasiyada istehlakçı haqlıdır. Yaxşı olar ki, vətəndaş marketin ünvanını dəqiq bildirsin, kassa çekini təqdim etsin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciət etsin. İstisna edilə bilməz ki istehsal prosesində məhsulda defekt olub. Ümumiytətlə, karton qutularda qablaşdırılmış guya natural şirələr barədə AİB-yə çoxlu şikayətlər gəlir. Alan şəxs qapağı açıb içir, amma dibində nə var, bilinmir. İstehlakçı diqqətli olmalıdır. Satış mərkəzi isə istehlakçının şikayətini dinləyib, dəymiş zərəri qarşılamalı, malın həmin partiyasını satışdan çıxarmalıdır.